“Qapıdan çıxanda dedi ki, uşaqlardan muğayat ol” – Şəhid evindən REPORTAJ

Səhər gedəcəyim ünvanın həyacanı məni gecə yatmağa qoymamışdı. Bütün gecə yuxuda müharibə görürdüm, mən qaçırdım, od– alov məni təqib edirdi. Evlər yanırdı, hər yerdə bombalar partlayırdı. Səhər başağrısı ilə oyanmağıma baxmayaraq, həyacan məni şəhid qapısını açmağa tələsdirirdi. Avtomobil ünvana yaxınlaşdıqca, boğazımdakı qəhər sanki getdikcə böyüyərək nəfəs almağımı əngəlləyirdi. Budur, gəlib mənzilbaşına çatdıq – Zabrat kəndinin ilk şəhidi Əvəz Paşayevin evindəyik. Bizi şəhid qəhrəmanın həyat yoldaşı Püstə xanım qarşılayır. Yol boyu şəhid xanımına deyəcəyim sözləri götür-qoy etsəm də, onun çöhrəsindəki səmimilik, qürur bir anlıq məni susmağa vadar edir. Bəlkə də ilk dəfə idi ki, danışmaqda çətinlik çəkirəm. Elə bil qarşımda əyləşən Püstə xanım bunu hiss edib söhbəti özü açır. Şəhid həyat yoldaşının xasiyyətindən, əməllərindən danışdıqca xanımın gözləri parıldayır. Uzun müddət keçməsinə baxmayaraq, ləyaqətlə canını torpağa fəda edən Əvəz Paşayev onun qəlbində, gözlərində ilkgünkü kimi yaşayırdı. Beləcə, maraqlı söhbətimiz başlayır. Püstə xanım ilk olaraq ömür – gün yoldaşından ümumi məlumat verir.

“Əvəzgil ailədə dörd uşaq olublar. O, 1949-cu il mayın 29-da Ağsu rayonunda doğulub, əkiz qardaş olublar. Qardaşı hazırda sağdır. Beş yaşları olarkən anaları, yəni mənim xalam rəhmətə gedib. Elə bu səbəbdən 1954-cü ildə Bakı şəhərinin Zabrat qəsəbəsinə köçürlər. Burada, 75 nömrəli məktəbin I sinifinə gedir, VIII sinfi bitirdikdən sonra isə Bakı Maliyyə- Kredit texnikumuna daxil olur. Əvvəllər Nizami kinoteatrı ilə üzbəüz Milli Bank var idi. Orada çalışmağa başlayır. Hərbi xidmətini Almaniyada keçir. Orada da öz qəhrəmanlığı ilə fərqlənir, 1968-ci ildə Çexslovakiyada baş vermiş çevriliş zamanı dinc əhali üzərinə irəliləyən tankı dayandırır”.

Püstə xanımdan Əvəz Paşayevlə tanışlıq tarixçəsindən danışmağını xahiş edirəm.
“Əvəz mənim xalamın oğludur. Lakin xalam cavan yaşlarında vəfat etdiyinə görə, Əvəzgil erkən yaşlarından Bakıya köçmüşdülər. Ona görə də, biz uşaqlıqdan bir-birimizi görməmişdik. Mən Bakıda təhsil alırdım, bir gün eşitdim ki, anamgil Əvəz əsgərlikdən gəldiyi üçün, Bakıya onu görməyə gəliblər. Yolüstü tələbə yataqxanasına gələrək məni də özləri ilə aparmaq istəyiblər, amma mən dərsdə olduğum üçün məni görmədən gedirlər. Dərslərim bitdikdən sonra mən də Əvəzgilə gəldim. O zamanlar çox cavan idim. İlk dəfə onların evində görüşdük. Əvvəl Əvəz məni bəyəndiyini deməyə utanırdı, daha sonra ürəyini açdı. Bir müddətdən sonra o, hardansa eşidir ki, guya məni başqa biri ilə nişanlayıblar. Bundan hiddətlənib Saratov şəhərinə yollanır. Daha sonra atası xəbərin yalan olduğunu ona bildirərək, Əvəzi yenidən Bakıya qaytarır. Bu hadisədən bir  neçə il sonra biz ailə qurduq”.

Əvəz Paşayev Qarabağda döyüşlər şiddətlənən gündən bütün cəhdləri ilə orada vuruşmaq istəyir. Lakin dörd övladı olduğu üçün hər dəfə ümidlə getdiyi hərbi komissarlıqdan məyus geri qayıdırdı. Onu könüllü cəbhəyə qəbul etməkdən boyun qaçırırdılar.

“Dəfələrlə hərbi komissarlıqdan məyus qayıdırdı, deyirdi, məni aparmaq istəmirlər. Hər dəfə ona yalvarırdım  ki, getmə, sənə nəsə olsa, mən dörd uşağa necə baxaram?” O, isə “Püstə, əsas sənə heç nə olmasın, onda uşaqlar həqiqətən yetim qalar”,- deyə cavab verirdi”.
Püstə xanım Əvəzin ön cəbhəyə gedən yolda səbr kasasının necə daşdığını belə xatırlayır.
“Bir axşam süfrə arxasında oturub çay içirdik. O gün hələ də bugünkü kimi yadımdadır. Televiziyada mənfur ermənilərin Xocalını işğal etdiklərini elan etdilər. O an Əvəz eşitdiyi xəbərin dəhşətindən əlini necə stola çırpdısa, stolun üstündə olan çay stəkanları yerə töküldü. Həmin gecə mən onu birinci dəfə idi ki, o vəziyyətdə görürdüm. Əsəbdən üzü ağappaq olmuşdu. Dedi, mən daha burada qala bilmərəm. Ondan bir müddət sonra iyunun 28-i cəbhəyə yola düşdü. İlk olaraq, Füzuli rayonunda gedən döyüşlərə qoşuldu, daha sonra Qubadlıya yollandı”. Püstə xanım sanki həyat yoldaşının şəhid olduğu günü nəql etdikcə, o hissləri yenidən yaşayır, baxışları harasa uzaqlara dalır, gözləri yaşarır. “Həmin günü hərbi komissarlıqdan qaynıma xəbər verirlər ki, Əvəz Qubadlıda şəhid olub. Qaynım da Əvəzin nəşini gətirmək üçün ora yola düşür, mənə isə bu barədə demirlər. Ondan bir gün əvvəl uşaqlar mənə dedi ki, atamız Qubadlıya gedib. Düşündüm ki, yəqin səhv başa düşüblər, Qubadlıya yox, Qubaya gedər, bəlkə, kiminsə toyudur. Elə bu fikirlə evin içində işlərimlə məşğul olmağa başladım. Birdən gördüm ki, baldızım bərkdən qışqırdı. Tez özümü çölə atdım, uşaqlar həyətdə oynayırdılar, elə bildim onlara nəsə olub. Ancaq hər şeyi qaynım Rizvanın üzündəki kədərdən başa düşdüm. Ondan “Əvəzə nəsə olub?” soruşanda sakitcə başını aşağı saldı. Həmin günü mən başsız qaldım. Hər zaman düşünürdüm ki, Əvəzdən sonra nəfəs ala bilməyəcəyəm, ancaq torpağın üzü soyuq olur. O gün canımın bir parçasını torpağa əmanət edərək, 4 balam üçün, Əvəzin yadigarları üçün ağır da olsa, yaşamağa başladım”.


Sonradan danışılanlardan onun necə şəhid olduğunu öyrəndim. Qubadlıda ağır döyüşlər gedir, o ayağından ağır yaralı olsa da, təslim olmur, həmin an Əvəz bir komandir kimi rəftar edir. O an onun fikri ancaq əsgərlərini səngərdən çıxarmaq olur. Tezliklə komandir buna nail olur və sonuncu döyüşçüyə qədər onları qızğın döyüş nöqtəsindən çıxarır. Əvəz Paşayevin heç vaxt təslim olmaq fikri olmur, o, son nəfəsinə qədər qəhrəmancasına, ölümün dik gözünə baxaraq vuruşur. Sonda qorxaq düşmənin snayperi ilə vurularaq, müqəddəs saydığı Azərbaycan üçün, vətən uğrunda şəhid olur. Onun nəşi 12 gün sərhəd bölgəsində qaldıqdan sonra oktyabrın 28-də ailəsinə təhvil verilir. Əvəz Paşayevin ölümü ilə barışmayan təkcə Püstə xanım deyildi. Onun üçün nə qədər ağır olsa da, şəhid yoldaşının dörd yadigarı üçün ayaqda dik durmağa çalışırdı. Axı o, Əvəzə söz vermişdi. Ancaq onun 14 yaşlı oğlu Nemətin atasının ölüm yükü zərif çiyinləri üçün çox ağır gəlir. O zamanlar hərbi məktəbdə təhsil alan övladı bir gün üzü Qubadlıya yol alır. O, atasının şəhid olduğu torpaqlara gedib oranı öz gözləri ilə görmək istəyir. Gərgin vəziyyətə baxmayaraq, heç nədən qorxmayan uşaq əvvəl Füzuliyə, sonra isə Qubadlıya yollanır. O, atasının şəhid olduğu torpağı tapıb, atası ilə elə həmin gün o müqəddəs yerdə vidalaşır, bununla Nemət ürəyində sakitlik taparaq atasının ölümünə özünü inandırır.
“Əvəz cəbhəyə getməmişdən bir müddət əvvəl qəribə yuxu görməyə başladım. Yuxuda görürdüm ki, qara paltarda şıdırğı rəqs edirəm. Hər dəfə də eyni yuxunu görürdüm. O, cəbhəyə hazırlaşanda dedim, getmə, getsən, öləcəksən. Əvəz isə mənim bu sözlərimə gülüb, dedi ki, əgər qismətimdə orada şəhid olmaq yazılıbsa, bundan qaçmaq olmaz. Onun şəhid olduğu gün oktyabrın 16-ı çox narahat idim. Heç cür evdə özümə yer tapa bilmirdim. Sən demə hisslərim məni aldatmayıb, həmin gün Əvəz şəhid olub. İnanın, ondan sonra dəfələrlə intihar barədə düşünmüşəm, hər dəfə Əvəz gəlirdi gözümün qarşısına, sanki mənə deyirdi, möhkəm ol, əmanətlərimə xəyanət etmə”.

Püstə xanım həyat yoldaşı ilə son görüşündən danışdıqca, o günə yenidən qayıdır. O, ömür-gün yoldaşını şəhidlik zirvəsinə yüksəlməmişdən 5 gün əvvəl görür. Onların son görüşü oktyabrın 11-i olur.

“Həmin günü dayımoğlunun toyu idi, mənə dedi, uşaqları da götür, get toya. Soruşdum ki, bəlkə sən də bizimlə gedəsən, dedi ki, əlimdə işim var, bitirən kimi tankla da olsa gələcəm, siz gedin. Qapıdan çıxanda anidən mənə baxıb “Uşaqlardan muğayat ol” dedi. Həmin günü məclisin sonuna qədər gözüm qapıda qaldı, amma Əvəz gəlmədi. Nə biləydim ki, həmin gün son görüşümüz idi”.

Püstə xanım iyirmi səkkiz il keçməsinə baxmayaraq, bu yaranın hələ də qaysaq bağlamadığını deyir. Deyir, evdə asdığım şəkliylə hər gün söhbət edirəm. Tez-tez yuxularda görüşürük. İllər keçsə də onun yeri mənim üçün hər zaman, hər dəqiqə görünəcək. Hərdən dəhşətə gəlirəm ki, mən 28 ildir Əvəzsizəm…”

Vüsalə Balayeva
Ölkə.Az.

Şərh yaz