Əsgər salamı ilə məşhurlaşan uşaq: “Atam məni hərbi məktəbə qoyacaq!”

Qazax rayonu Daş Salahlı kənd sakini, 7 yaşlı Elton Hacızadənin sosial şəbəkələrdə paylaşılan fotosu rezonans doğurub. Modern.az-ın əməkdaşının paylaşdığı foto Qazax rayonunda xidmət edən sərhədçilər tərəfindən lentə alınıb. Belə ki, Elton Hacızadə bir neçə gün öncə Qazaxda yolla hərəkət edən Dövlət Sərhəd Xidmətinin maşınını hərbi salamla qarşılayıb.

Foto sosial şəbəkələrdə paylaşıldığı andan hər kəs tərəfindən təqdir olunub və balaca Elton az vaxtda məşhurluq qazanıb.

Qazaxlı uşağın torpaqlarımızın keşiyində dayanan sərhədçilərə ehtiramı Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının da diqqətindən yayınmayıb. Belə ki, DSX Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının komandiri general-mayor Müzəffər Pirizadə Eltonu şəxsən qəbul edib. “Qazax” əlahiddə sərhəd diviziyasında keçirilən görüşdə məktəbliyə DSX Sərhəd Qoşunlarının hərbi forması bağışlanıb. Gələcəyin sərhədçilərini hazırlayan DSX-nin Xüsusi Məktəbi barədə məlumat verilib, vətənpərvərliyi, orduya göstərdiyi sayğıya görə təşəkkür edilib.


Modern.az-ın əməkdaşı ucqar bir kənddə böyük vətən sevgisi ilə böyüdülən balaca Elton və onun ailəsi ilə əlaqə saxlayıb.

Eltonun atası Xıdır Hacızadə əməkdaşımızla söhbətində Eltonun elə körpə vaxtlarından hərbi sahəyə böyük marağının olduğunu söyləyib:


“Elton həmişə hərbiyə böyük maraq göstərir. Sərhəd zonası olduğuna görə, kənddə mütəmadi olaraq  hərbçiləri görürük. İlk dəfə deyil ki, hərbi maşınlara əsgər salamı verir. Hərbçilərə də həmişə böyük maraqla baxır. Eltonun bibisinin həyat yoldaşı da hərbçidir. Oğlum onunla hərbidən söhbətlər edir, çoxlu suallar verir, ondan ibrət alır. Əslində övladımın vətənə sevgisinin, hərbiyə bu qədər böyük marağının olması bizi sevindirir. Eltonu Cəmşid Naxçıvanski adına liseyə və yaxud Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinə göndərmək niyyətindəyik. Hazırda kəndimizdəki Araz Əmilov adına 1 saylı orta məktəbin ikinci sinfində oxuyur. Allah nəsib etsin, yaşı çatan kimi onu həvəsi olan hərbiyə yönləndirəcəyik”.

Balaca Elton isə Dövlət Sərhəd Xidmətinin avtomobillərini ona bibisinin həyat yoldaşının tanıtdığını deyir:

“Kəndimizdən həmişə hərbi maşınlar keçir. Mən atamdan, bibimin yoldaşından həmişə soruşurdum ki, əsgərlər, bu maşınlar hara gedir… Hərbi maşınları onlar mənə tanıtmışdılar. Atam, əmim, qonşularımız cəbhədən, əsgərlikdən danışanda çox xoşuma gəlir. Əsgər salamı verməyi də bibimin yoldaşı öyrədib. O da hərbçidi. Mən hərbi maşınların keçdiyini görəndə həmişə o öyrətdiyi kimi əsgər salamı verirəm. İnşallah, böyüyəndə onlar kimi əsgər olacam, torpaqlarımızı qoruyacam.

İndi ikinci sinifdə oxuyuram. Hələ ki dərslərim çoxdu, məktəblər yeni açılıb. Böyüyəndə atamgil məni hərbi məktəbə qoyacaqlarını dedilər. Çox sevinirəm”.

Şərh yaz