Poladın 7-ci günü… – Şəhid generalın nadir fotoları

Deyirlər, şəhidlər ölmür, onlar doğma torpaqlara qovuşur, Vətənin uca göylərinə yüksəlirlər. Elə bil, qara xəbər dünən gəlmişdi… İnanmırsan ki, 7 gün keçib.

Bu gün şəhid generalımız Polad Həşimovun evindəyik. Mərasimə gedəcəyimi biləndə sanki üzərimdə ağırlıq hiss etdim. Bu, məsuliyyət hissi idi. Dəfn və yas mərasimlərindən uzaq qalan biri kimi ilk dəfə generalın ölümünü andıran bir mərasimdə iştirak edirdim. Amma yenə də onun ölümsüzlüyünə inanırdım.

Əslində təəssüflənirəm ki, kaş onun yas və vida mərasimində yox, özü ilə salamlaşmağa, belə bir generalı tanıdığım üçün gülərüzlə şad olduğumu bildirməyə imkan verən bir müsahibədə olaydım… Bu günlərdə hər şəhid xəbərini alanda sanki zərbə mənə dəyirdi. Ən ağır zərbə general Polad Həşimovun xəbəri oldu.

Şəhidin Sumqayıtda yerləşən evinə gəldik. Şəhid qapısı bayraqdan tanınar… Başqa vaxt general evi olduğu zənn edilməz. Amma Polad Həşimovun əqidəsi, ruhu, xarakteri evinə yanşayıb deyə bilərəm.

Qapıya bağlanan o qara lent hamımızın ovqatını ifadə edir… Amma qızılı qələbə xəbəri eşidəcəyimizə də inamlıyıq.

Sakit, tünlükdən uzaq yeddi mərasimidi, nə kütləvi axın var, nə izdiham yaşanır. Zəhrimara qalmış virusun yaratdığı pandemiya dövrünün qaydaları belədi. Başsağlığı verməyə gələn Müdafiə Nazirliyinin əməkdaşları, qohumlar bir neçə dəqiqəlik əyləşib evi tərk edirdilər. Elə biz də qısa müddət dayanmalı olduq. Susduq, kədərləndik, qürur keçirdik…

General Polad Həşimovun anasının dərdinə şərik olmağa çalışdıq. O, övladını, ailə başçısını itirib. Ölkəmiz polad qədər möhkəm bir generalla mənfur düşmənin təxribatı nəticəsində vidalaşmalı olub.

Polad Həşimov barəsində yazılanları hər gün oxuyuram. O, təkcə övladlarına deyil, orduda birlikdə xidmət etdiyi əsgərlərinə də ata olub. Elə bu səbəbdəndir ki, günlərdir onunla vidalaşmağa gələnlərin ardı-arası kəsilmir.

Poladın 7-ci günü… – Şəhid generalın nadir fotoları

Evin bir otağı şəhidə həsr olunub. Onun gənclik şəkilləri, bayraq və hərbi xidmət fotosu…

Ömrünü yarılamadan torpağa qovuşan general hələ uşaq yaşlarından Vətənə sevgisi ilə seçilib. Maarif Nazirliyi tərəfindən bir neçə dəfə təltif olunub. Fotolara baxdığımız zaman başa düşdük ki, generalımız son nəfəsinə qədər Vətən uğrunda vuruşmağı özünə borc bilib.

Fotolara baxdıq, şəhidin anasına təsəlli sözləri axtardıq, Vətəni düşündük… Şəhidlərimiz varsa, qazilərimiz də olacaq. Vətən uğrunda ölməyi bacarırıqsa, qələbə qazanmağı da haqq edəcəyik.

Biz səninlə qürur duyuruq, General!

Foto: Ceyhun Rəhimov


Müəllif: Aysel Azad
Şərh yaz