Şuşanın hekayəsi…

Əvəz Qurbanlının Şuşa ilə bağlı xatirələri

***

Onda uşaqdım, 11 yaşlı uşaq. 1987-ci ilin yayı idi.  Sovet dövrünün bəxtəvər məktəblisi kimi ilk dəfə pioner düşərgəsinə gedəcəkdim. Uşaq sevincini təsvir etmək artıqdı. Elə deyil? Hamımız bu hissləri yaşamışıq çünki.

Təhsil aldığım Saatlı rayonu Azadkənd orta məktəbindən bir qrup şagirdlə birgə rayon mərkəzinə yollandıq. Bizi Şuşaya, o zamanın dəbdə olan “PAZ” avtobusu aparacaqdı. Saatlıdan ümumilikdə iki avtobusla yola düşdük. “Şuşaya gedirsiz” deyirdilər. Ancaq Şuşa haqqında dərin məlumatımız olmadığından necə bir yerə getdiyimizi təsəvvür edə bilmirdik. Yolboyu deyib-gülür, zarafatlaşırdıq. Sovet dövründə adına “Stepanakert” deyilən doğma Xankəndidən keçəndən sonra bir də xəbər tutduq ki, yoxuşa qalxırıq. “PAZ” çox qorxulu bir dağ yolu ilə üzü yuxarı doğru nərildəyirdi. “Yeddi dolama”adlanan yol bizi əfsanəvi Şuşa qalasına aparacaqdı. Mən rayondan yola çıxan avtobusların ikincisində idim, yəni arxa avtobusda.  Pəncərədən yana baxanda, adamı dəhşət bürüyürdü. Artıq Xankəndiyə yuxarıdan aşağı baxırdıq. Bir az öncə yanından keçdiyimiz doqquzmərtəbəli binalar, indi gözümüzə kibrit qutusu kimi görünürdü. Həmin anlarda fikirləşirdim ki, nəyə görə bu yolun adını “Qırx dolama” yox, “Yeddi dolama” qoyublar. Dolanbaclar bitmək bilmirdi. Yolun elə hissəsi vardı ki, bəlkə də iki maşın yanbayan keçə bilməzdi. Bura qədər yolboyu deyib-gülən məktəblilərin üzündə həyat donmuşdu. Sanki qorxulu bir film izləyirmiş kimi, həyacanla bu yolun bitməyini gözləyirdik. Qrup rəhbərimiz bizi “Qorxmayın, narahat olmayın, bu yolu 50 dəfə getmişəm” deyə sakitləşdirməyə çalışsa da, üzünün ifadəsindən hiss olunurdu ki, bu dolanbaclardan heç onun da xoşu gəlmir…

***

Belə bir anda qəfildən gözlənilməz hadisə baş verdi: dolanbacların birində, təxminən inşaat kubiki boyda qaya parçası hardansa peyda olub, qarşıdakı avtobusun təkəri altına düşdü. “PAZ” dayandı. Yoxuşa doğru onsuz da çətinliklə qalxan avtobus üçün bu, fəlakətə bərabər idi. Buna baxmayaraq, peşəkar sürücü daşdan yaxa qurtarıb, avtobusu hərəkətə gətirə bildi. Əsl “adrenalin” isə bundan sonra başladı: qarşıdakı avtobusu “ram edə” bilməyən qaya parçası, indi də bizim avtobusun təkərinə ilişdi. “PAZ” yerində “atıla-atıla” “zarıyırdı”. Bizim avtobusun mövqeyi qarşıdakı avtobusa nisbətən çox təhlükəli idi; təxminən iki addım, bəlkə də bir addım geridə dibi görünməyən uçurum vardı. Yaşımız az olsa da, avtobusla birgə dərəyə yuvarlana biləcəyimizin fərqində olmayacaq qədər uşaq deyildik. Və buna görə də içəridə hay-küy, qışqırıq səsləri qulaq batırırdı. Vəziyyətimizi təsəvvür etmək üçün yalnız belə bir səhnəni yaşamaq lazım idi. Mən qabaq oturacaqlardan birində əyləşdiyim üçün sürücüyə yaxın idim. Onun hansı hala düşdüyü, sifətinin ağarmasından, tər axıtmasından bəlli idi. Və sonda…

Sonda sanki möcüzə baş verdi. “PAZ” “gözlənilməz qonaq”dan yaxa qurtarıb, irəliyə doğru hərəkətə başladı. Avtobusda hamı ağlayırdı. Əlbəttə, başa düşülən idi…

O dəhşətdən necə xilas olduq – indi də buna təəccüb edirəm. Bilmirəm, səfər öncəsi baş vermiş bu arzuolunmaz hadisə ilə qəzavü qədərin bizə mesajı nə idi. Bəlkə də hansısa naməlum qüvvələr bizə yaxın gələcəkdən xəbər verərək anlatmaq istəyirdi ki, xoşbəxt günlərinizin sonuna az qalıb; müqəddəslik rəmzi olan şəhərimizin başı üstündə qara buludlar dolaşır…

Qacara baş əyməyən qala şəhəri

“7 dolama” vaqeəsinin adicə bir təsadüf olub-olmadığını deyə bilmərəm, amma haçan ki o hadisəni xatırlayıram, aşağıdakı beytlər yadıma düşür:

Ze məncənaqe fələk sənge fetnə mibarəd,

To əbləhane gerefti miyane Şişe qərar?

Deyilənə görə, bu beyti 1795-ci ildə Şuşa qalasını almaq üçün hücuma keçmiş türk sərkərdəsi, İran şahı Ağaməhəmməd Qacar Qarabağ hakimi İbrahim xana göndərdiyi məktubda yazıb. Fars dilində olan bu beytin tərcüməsi belədir:

Fələyin mancanağından fitnə daşları yağarkən,

Axmaqcasına Şüşə içindəmi qərar tutacaqsan?

Qacar bu beytlə İbrahim xana kinayə edərək, Şuşa qalasını şüşəyə bənzədirdi. İbrahim xana demək istəyirdi ki, mövqeyin çox zəifdir, mənim güclü qoşunumun qarşısında duruş gətirə bilməzsən. Qacar özünə çox güvənirdi, bu da onun şah qürurundan irəli gəlirdi. Əgər İran şahının əzəmətli qoşunu “fələyin mancanağından atılan fitnə daşları”na bənzəsəydi belə, Şuşa qalası heç də “şüşə” deyil, “qüdrətdən səngərli, qalalı” bir şəhər idi. İbrahim xanın uzaqgörən vəziri, görkəmli Azərbaycan şairi Molla Pənah Vaqif də məhz bu amili nəzərə alaraq İran şahına belə bir beytlə rədd cavabı yazmışdı:

Gər negəhdare mən anəst ke, mən midanəm

Şişera dər bəğəle sənge negəh midarəd.

Tərcüməsi: Əgər məni qoruyan mən tanıdığımdırsa (yəni Allahdırsa), şüşəni daşların fəsadından qoruyacaq.

Doğrudan da, həmin il İran şahı Qacar Şuşanı almağa müvəffəq olmayıb geri qayıtmışdı…

***

Bəli, “Yeddi dolama”da bizim Tanıdığımız “Şüşə içində bizi daşın fəsadından qorudu”. Şuşa ilk tanışlığımız belə başladı. Şuşa bu hadisə ilə bizə “xoş gəlmisiniz” dedi.

Şuşanın təbiəti

Şuşanın təbiəti, adamları, tarixi tikililəri indiki kimi gözlərimin önündədi. Sanki dünən qayıtmışam ordan. İlk günlər havasına-suyuna öyrəşə bilmirdim Şuşanın. Aran uşağı ilk dəfə yaylaq görəndə necə olar? Bax, mən də elə olmuşdum. Təbiəti o qədər dəyişkən idi ki… Bir də görürdün, buludsuz yay səması birdən-birə “dolaşdı”, qəfildən hardansa bulud peyda olub, yağışı əndərdi başımıza. Bulud o qədər yaxın olurdu, yalan olmasın, daş atsaydın, çatardı. Yağış yağdımı – küçələrlə bir sel gedirdi ki, adamı vahimə basırdı. Fikirləşirdik, ilahi, bir az da belə yağsa, şəhər batacaq. Amma bizə elə gəlirdi. Şuşa üçün adi bir şey idi bu. Və bir neçə dəqiqə sonra nə yağışdan, nə buluddan bir əsər qalırdı. Yenə açıq səma, yenə təmiz hava. Hər yağışdan sonra gül-çiçəyin ətri şəhəri götürürdü.

Havasına söz yox idi. Heç ağız açıb dərindən nəfəs almağa ehtiyac qalmırdı. Ciyər havanı o qədər asan özünə çəkirdi ki… Ancaq yeni gəldiyimiz zaman gah adamın qulağı tutulurdu, gah da durduğun yerdə elə bilirdin yıxılırsan. Bu da Şuşanın yüksək dağlıq relyefinə, maili səthlərə malik bir şəhər olmasına görə idi.

Sənətkarlar yurdu

Əgər tarixə ekskursiya etsəm, Şuşa sənətkarlarının adını sadalamaq uzun vaxt aparacaq. Ona görə də şəhərin özünə ekskursiyalarımız barədə xatirələrlə kifayətlənməli olacam.

Şuşanı başqa şəhərlərdən fərqləndirən cəhətlər çox idi. Bu cəhətlərdən biri də şəhər əhlinin incəsənətə dəlicəsinə vurğunluğu idi. Hər ağacın kölgəsində çalıb-oxuyan şuşalını görməyə adət etmişdik. Əksəriyyəti də muğam oxuyanlar idi.

O vaxtlar muğamları bir-birindən seçə bilməsəm də, yaxşı səsi, yaxşı musiqini duymaq zövqüm vardı. Həmişə şəhəri gəzməyə çıxanda gözüm o sənətkarları axtarırdı. Elə ki rast gəldim, qrup rəhbərindən xahiş edirdim ki, bir az onları dinləyək. Qrup rəhbərimiz çox vaxt razı olmaq istəmirdi. Deyirdi görməli çox yerlər var, vaxt azdı, hər çalıb-oxuyana qulaq assaq, onda gərək Şuşada qocalaq.

Ehh… kaş Şuşada qocala biləydik…

Turizm şəhəri

Şuşa, bildiyimiz kimi, keçmiş SSRİ-nin mühüm istirahət zonalarından biri idi. Burada saysız-hesabsız sanatoriyalar, müalicə mərkəzləri, müxtəlif turizm obyektləri vardı. Addımbaşı yad dildə danışan turistlərə rast gəlmək olurdu.

Sovet hökuməti öz pionerlərini də yaddan çıxarmamışdı: Şuşada həm də xeyli pioner düşərgələri salınmışdı. Əsasən, sovet Azərbaycanının məktəbliləri bu düşərgələrdə istirahət edirdilər.

Şəhərin enişli-yoxuşlu məhəllələrindən birində beşmərtəbəli binada “Araz” pioner düşərgəsi vardı. Bizi də burada yerləşdirmişdilər. Gecələri, nahar və idman vaxtlarını çıxsaq, demək olar ki, düşərgədə tapılmırdıq. Şuşada olduğumuz 23 günün elə bir günü olmadı ki, bizi kiçik ekskursiyaya aparmasınlar.

Vaqifin məqbərəsi, Cıdır düzü, Üzeyir Hacıbəyovun, Bülbülün və digər görkəmli şəxsiyyətlərimizin ev muzeyləri, tarixi tikililər, İsa bulağı… və daha nələr, nələr. Və təbii ki, bunların hər biri ilə bağlı unudulmaz xatirələr ürəyimin və yaddaşımın dərinliklərində özünə əbədi məskən salıb.

Cıdır düzü

Cıdır düzü Şuşada bəlkə də ən hamar yerdir.

Bu məşhur məkan haqda çoxlu rəvayətlər eşitdik. Sən demə, Cıdır düzü Şuşa qalasının hünər meydanı sayılırmış. Deyilənə görə, keçmişdə Qarabağ xanları burada at yarışları, çövkan oyunları təşkil edərlərmiş.

Biz pionerlər isə orada nə at çapır, nə də çövkan oynayırdıq. Bizim əlimizdən də futbol oynamaq gəlirdi. Ya da məşhur “Xuraman” qayasının yaxınlığında dövrə vurub oturur, dibini görmədiyimiz müdhiş sıldırımın qarşı divarında təbii xalı kimi sərilmiş sıx meşəliyə baxırdıq. Bəzən sıldırım üzərində uçan qartala tamaşa edirdik – çox heyrətamiz idi: həmişə yüksəklik simvolu kimi tanıdığımız qartal, indi bizdən çox aşağıda uçurdu. Bu, Cıdır düzünün hansı yüksəklikdə olmasından xəbər verirdi.

Xuraman qayasının yaxınlığında hər kəs şəkil çəkdirirdi. Bəlkə də Şuşaya gələn elə bir kəs yox idi ki, bu yerdən yadigar şəkil aparmasın. Təbii ki, biz də heç kəsdən fərqlənmək istəmirdik.

Rəvayətə görə, Xuraman (S.Vurğunun “Vaqif” pyesində Vaqifin arvadı obrazı) özünü bu qayadan atdığına görə, ona “Xuraman qayası” adı verilib.

Vaqifin məqbərəsi

Qarabağ təkcə musiqiçiləri ilə deyil, həm də şairləri ilə də şöhrət qazanıb. Bu torpağın yetirdiyi söz adamlarının sorağı Azərbaycanın hüdudları aşaraq çox uzaqlara gedib çıxıb. Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Abdulla bəy Asi və başqalarının adını eşitməyən yoxdur. Azərbaycan ədəbiyyatına qiymətli söz inciləri bəxş etmiş bu dühaların əksəriyyəti Qarabağın baş tacı olan Şuşa şəhərində yaşayıb-yaradıblar.

Böyük Azərbaycan şairi, Qarabağ xanı İbrahim xanın vəziri olmuş Molla Pənah Vaqifin məqbərəsi də yuxarıda bəhs etdiyimiz məşhur “Cıdır düzü” yaxınlığındaydı. Məqbərəyə bir neçə dəfə ekskursiya etmişdik. Hər dəfə də bələdçimiz Vaqiflə bağlı bir-birindən maraqlı rəvayətlər danışmışdı.

Böyük ədəbiyyatşünas Firudin bəy Köçərlinin yazdığına görə, Vaqifi gözübağlı Xuraman qayası istiqamətində öldürməyə apararkən şair bunu hiss edib və taqəti kəsilərək yerə yıxılıb. Xahiş edib ki, elə onu burada öldürsünlər. Şairi oğlu ilə bərabər  elə orada da qətlə yetirərək basdırıblar…

İsa bulağı

İsa bulağı, səhv etmirəmsə, şəhərin özündən bir az aralıda idi. Üstü sıx ağaclıqla örtülü asfalt yolu vardı. Bulağın ətrafına, demək olar ki, gün işığı düşmürdü. Suyu da ki, nə su! O qədər soyuq idi, adamın dişlərini sızıldadırdı. Bulağın daimi sakini, hamının sevimlisi olan qoca xanəndə vardı. Təəssüf ki, adını indi xatırlaya bilmirəm. Özünün dediyinə görə, 108 yaşı olmalı idi. İlahi, bu yaşda adam necə oxuyurdu! Hamı yığışırdı onun ətrafına. Uşaqlar o qədər mahnı sifarişi verirdi ki, qoca yorulurdu. Hərdən də “az aşın duzu olmayan pianarlar” qəsdən qocaya qeyri-adi mahnı sifariş verirdilər. Bir dəfə uşaqlardan biri xanəndəyə o zamanlar dəbdə olan hind filmlərindən birində oxunan bir mahnı sifariş verdi. Görəydiz qoca necə əsəbləşdi! “Pulsuz oxumuram! Pulunuzu verin, nə istəyirsiz oxuyum” dedi.

Əlbəttə, belə şıltaqlıqlara görə hər dəfə qrup rəhbərimiz bizi danlayırdı. Amma baxan kim idi? Qoca xanəndə ilə zarafatlaşmaq necə də maraqlı gəlirdi bizə…

Erməni uşaqları bizə “qoyun” dedi…

Həmişə düşərgədən çıxıb ekskursiyaya gedəndə iki sıra düzülür, əl-ələ tuturduq. Sıradan çıxmaq olmazdı, əks halda, qaydanı pozanlar qrup rəhbəri tərəfindən “cəzalandırılırdı” – növbəti ekskursiyada iştirak etməkdən məhrum olurdular.

Bir dəfə də bizi belə cərgə ilə ekskursiyaya aparanda arzuolunmaz hal baş verdi. Küçənin qırağında toplaşmış şəhər uşaqları bizə, cərgə ilə getdiyimizə görə “qoyun” deyib təhqir etdilər. Cərgə qarışdı: yerbəyerdən onlara sərt cavablar “yağmağa” başladı. Qrup rəhbəri həyəcanlı halda vəziyyətin gərginləşməsinin qarşısını almağa çalışırdı. Onun da gücü elə bizə çatırdı. Günahkar biz olduq, təhqir olunan da, danlanan da. Düşərgəyə qayıdandan sonra ümumi toplantı oldu. Bütün uşaqlara xəbərdarlıq edildi ki, ekskursiyalar zamanı heç kəsə heç bir reaksiya verməsinlər. Əgər kim reaksiya versə, kənar adamlarla hər hansı əlaqəyə girsə, vaxtından əvvəl Şuşadan geri qaytarılacaq…

Yalnız bir neçə gün sonra bildik ki, bizə “qoyun” deyənlər erməni uşaqlarıymış. Amma bundan bizə nə? Kim olur, olsun. Bizi təhqir edənlərin cavabını vermək, onları yaxşıca yumruqlamaq arzusuyla alışıb-yanırdıq.

Axı o zaman biz uşaqlar nə biləydik ölkədə nələr baş verir? Nə biləydik Qarabağda, Şuşada milli-etnik zəmində vəziyyət getdikcə pisləşir, azərbaycanlılarla ermənilər arasında ziddiyyətlər dərinləşir? Bizim üçün bunların heç biri yoxuydu. Bir uşaq dünyamız vardı, vəssəlam. Hər şeyi öz təsəvvürlərimizlə, xəyal gücümüzlə qiymətləndirə bilirdik. Ağlımıza da gəlməzdi ki, biz Şuşadan qayıdandan bir müddət sonra ölkədə sabitlik pozulacaq, Qarabağ münaqişəsi başlayacaq və məlum hadisələr cərəyan edəcək…

***

Şuşada olduğum 23 gün müddətində Şuşanın demək olar ki, bütün özəllikləri və gözəllikləri ilə tanış olmuşdum. Hazırda xatırlaya bilmədiyim o qədər gözəl xatirələrim var ki, bir kitabla da qurtaran deyil.

Evə qayıdanda Şuşa ilə vidalaşmadım. “Gələn il bir də gələrəm” dedim. Amma gedə bilmədim. Ara qarışdı, qanlı-qadalı illər başlandı. Dağın başında tək qoyub gəldiyimiz Şuşa 5 il sonra bizi söyən erməni uşaqlarının atalarının və şimalda yaşayan dayılarının əlinə keçdi. O boyda Qacara təslim olmayan qartal yuvası çalağanlar əlində qaldı…

Bəli, bizim Tanıdığımız, bizi daşların fəsadından qorudu, amma… bəs biz “Şüşə”ni niyə qoruya bilmədik? Bu həqiqətin verdiyi ittihamedici sual qarşısında cavab tapa bilməyəndə, içimdən başqa bir sual doğur: elə isə, bizim qorunmağımız, sağ qalmağımız çoxmu vacib idi?

Baş qoşmayın, adam bəzən özündən çıxanda Allaha qarşı da çıxa bilər; lakin bu, cahillik əlamətidi.

Tarixi əsərlərin sonu möhtəşəm olur. Şuşa da tarixin bir faciəvi dramı idi. Səbr edək, görək, sonda necə olacaq?

Onsuz da səbr etməkdən başqa hələ ki, əlimizdən heç nə gəlmir…

Mənbə: Azadinform.az

Şərh yaz