Şəhid Müşfiq Kərimovun döyüş yolu

Müşfiq Bəhmən oğlu Kərimov 2 iyul 1971-ci ildə Laçın rayonunun Suarası kəndində doğulub. Suarası kənd ibtidai məktəbini, 1988-ci ildə isə Səfiyan kənd orta məktəbini bitirib.

9 iyul 1990-cı ildə ordu sıralarına çağırılıb və Sverdlovsk vilayətində hərbi xidmət keçib. Hərbi xidmətdən tərxis olunduqdan sonra Müşfiq 1992-ci ildə Laçın rayonuna qayıdaraq polis batalyonunda post-patrul xidmətinin sıravi heyətinə işə qəbul edilib. O, Səfiyan, Suarası, Xanalılar, Fərəcan, Güləbird kəndlərinin müdafiəsində və Daşkəsən rayonunda gedən döyüşlərdə iştirak edib. 1993-cü ildə Laçın polisləri Füzuli rayonuna göndərilib. Rayonun Horadiz, Yağlıvənd, Böyük Bəhmənli kəndləri uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq göstəribr.

Baş serjant 1994-cü il yanvarın 17-də Füzuli rayonunun Horadiz kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Sumqayıt şəhəri Şəhidlər xiyabanında dəfn edilib. Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2009-cu il tarixli 364 saylı sərəncamı ilə ictimai asayişin təmin olunmasında, hüquq qaydasının möhkəmləndirilməsində, cinayətkarlığa qarşı mübarizədə, xidməti vəzifələrin və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə Azərbaycan polisi günü münasibətilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı, polis baş serjantı Kərimov Müşfiq Bəhmən oğlu (ölümündən sonra) “İgidliyə görə” medalı ilə təltif edilib.

Şərh yaz