3 günlük körpə ikən atasını itirən qızın iztirabı

Həmişə olduğu kimi qızlar universitetin həyətindəki skamyada oturub söhbət edirdi. Mövzunu bir yerə gətirdilər ki, Nigar susub sadəcə dinləyirdi. Bir birinin ağzında söz ala-ala “dərd”ləşirdilər.

Ilk öncə Aydan başladı:   Evdə atam bezdiribe məni, telefon işlətməyə icazə vermir. sizdə də belədir, qızlar?

Nərmin qaş qabaq tökərək dilləndi:  Hə, demə daha… bizimki gördü telefondan əl çəkən deyiləm indi də interneti kəsdirib. Heç bir sayta, sosial şəbəkəyə girə bilmirəm. Adam bilmir neyləsin…az qalır dəli oluram evin içində

Səbinə də başını yellədərək:  Eyni şeylər bizim evdə də baş verir. Hələ siz yenə yaxşısız atam hər gün geyimimi yoxlayıb sonra evdən bayıra buraxır…

Səbinənin sözünü yarımçıq saxlayan Gulay da gileylənməyə başladı:  Hə qızlar mənim də atam zəhləmi töküb, bir dəqiqə imkan vermir azad nəfəs alım. Belə şey olar biz artıq böyümüşük, 4-cü kursu bu gün sabah bitiririk hələ də düşüblər dalımızca hər addımımızı izləyirlər. Görürəm də başqa tələbələri min hoqqadan çıxırlar heç gör evdəkiləri onlara bir söz deyir?

Nigarın susub gülümsəyərək onlara qulaq asdığını görüb Aydan dilləndi:  Nigar sən kefdəsəne atan sizi atıb, bir anandı bir özünsən azad yaşayırsız, bizim nələr çəkdiyimizi bilməzsən.

Bayaqdan rəfiqələrinin gileylərinə gülümsəyən Nigarın üzünün rəngi dəyişdi, gözləri doldu… nəsə deməy istəyirdi amma susdu və durub getdi… deyiləcək çox sözü vardı onun. Kaş deyəydi… deyəydi atasızlığın necə bir dərd olduğunu, deyəydi hər axşamçağı qapıdan atasının girməsi intizarıyla yaşamağı, hər gecə süfrə başında atasının boş qalan yerinə baxıb göz yaşını anasından gizlədərək yeməy yediyini, deyəydi uşaqlıqdan indiyədək ona verilən “ kimin qızısan? “  sualının nə qədər əzablı olduğunu, deyəydi anasının onu nə zülmlərlə böyütdüyünü…

Öz dərdiylə başqalarını üzməyi heç vaxt istəməmişdi Nigar. Elə buna görə də rəfiqələrinə həmişə pozitiv –heç bir dərdi yoxumuş kimi görsənərdi. Rəfiqələri hər il fevralın 22-də doğum gününü qeyd edərdilər Nigarın… 1992 təvəllüd olduqğunu bilirdilər amma Xocalıda doğulduğundan xəbərsiz idilər. Doğum haqqında şəhadətnaməsini Bakıda aldığından elə doğulduğu yer Bakı yazılmışdı… elə o vaxtdan bütün sənədlərində Bakıda doğulduğu qeyd olunurdu…

Bilmirdilər Xocalı faciəsi baş verən o gecə 3 günün körpəsi olan Nigar atasıyla ən son elə orda görüşüb ayrılmışdılar. Anasının dediyinə görə öpüb bağrına basmışdı, doyunca qoxlamışdı Nigarın körpə qoxusunu.

Anasının gözləriylə nələrə şahid olduğunu, qaçqın həyatının necə əzablarla keçdiyini və o çağdan bu günə kimi Xocalıda ov tüfəngini götürüb ayrılan atasından heç bir xəbər gəlmədiyini heç vaxt danışmamışdı heç kimə…

Müəllif: Eldar İlqaroğlu

Mübarizim üçün

Şərh yaz