Beyləqan şəhər 2 nömrəli məktəbin yeddinci sinfinə şəhid Tural Əhlimanlının adı verilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin reallaşdırdığı “Şəhidlər unudulmur” layihəsi çərçivəsində növbəti tədbir Beyləqan şəhər 2 nömrəli məktəbdə təşkil olunub. Tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, 2016-cı ilin Aprel döyüşlərinin iştirakçıları, müəllim və şagirdlər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər ki, əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi ehtiramla yad olunub.

Azərbaycan Ordusunun zabiti, kapitan Anar Kazımov tədbirdə çıxış edərək, Silahlı Qüvvələrimizin qüdrətindən, əsgərlərimizin döyüş meydanında göstərdiyi şücaətdən, Vətən uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğul və qızlarımıza xalqımızın göstərdiyi böyük ehtiramdan danışıb. Bildirib ki, “Şəhidlər unudulmur” layihəsinin də məqsədi şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların vətənpərvərliklərinin və qəhrəmanlıqlarının təbliği, məktəblilərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsidir. Layihə çərçivəsində orta ümumtəhsil məktəblərinin ən qabaqcıl siniflərinə şəhidlərimizin adları verilir. Layihə çərçivəsində 2 nömrəli məktəbin də 7A sinfinə şəhid Tural Əhlimanlının adı verilib.

Şagirdlər Aprel döyüşlərinin iştirakçısı Elməddin Rüstəmovun çıxışını böyük maraqla dinləyiblər.

Şəhid anası Nəzakət Quliyeva çıxışında övladının şəhidlik zirvəsinə ucalması ilə qürur duyduğunu bildirib, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərə görə minnətdarlığını ifadə edib.

Sonra 7A sinfinə şəhid Tural Əhlimanlının şəkli təqdim edilib. Sinifdə şəhidin guşəsi yaradılıb.

Tədbirdə məktəblilər şəhidlərə həsr olunan kompozisiya ilə çıxış ediblər.

Şərh yaz