Şəhidlik haqqında bir neçə söz

Şəhidlik – Allah qatında ən uca zirvə.

Şəhid – həyatda ən əziz nemət olan canını fəda edən.

Hər kəs fərd olaraq bu dünyaya gəlir, yaşayır və bir gün ölür. İllər keçir, xatırlanır və gün unudulur. Sanki bu dünyaya heç gəlməmiş kimi olur. Amma bəzi insanlar var ki, onlar yaşam tərzi ilə, bəziləri insanlığa verdiyi fayda ilə yaddaşlarda qalır. Amma elələri də var ki, ölümü ilə insanlığın unutmayacağı fərdə çevrilir.

Şəhidlik budur. Bəs kimə şəhid deyirik? Şəhid mütləq din yolunda, vətən yolunda olmalıdırmı? Mütləq müharibədə döyüşməlidirmi? Şəhidin milliyəti varmı?

Sualların sırasını uzatmaq da olar. Amma yüzlərlə sualın yalnız bir cavabı var. Çünki bütün növ şəhidliyin bağlı olduğu bir kök var. Zülmə qarşı müdafiə və bu yolda məzlumcasına ölmək.

1400 ildir bütün dünya İmam Hüseynin (ə) şəhidliyindən danışır. Səbəbi isə bəllidir. Çünki bunun kökü Allaha bağlıdır. Bu yüzilliklər ərzində şəhidliyə ucalar milyonların da bağlı olduğu nöqtə budur. Sual oluna bilər. O qədər şəxslər olub ki, heç dindar belə olmayıblar, amma şəhidliyə qovuşublar. Cavabı sadədir. Şəhidlik məqamının dindarlıqla birbaşa bağlılığı yoxdur. Şəhidlik əqidə məsələsidir. Şəhidlik doğru olanı icra etməkdir. Şəhid məzlumun haqqını müdafiə etmək üçün öz canını fəda etməkdir. Şəhidlik zülmün qarşısında durmaqdır. Nəhayət şəhidlik EŞQ məsələsidir.

Aşiqin həyatda yalnız bir istəyi olur. Öz sevdiyinə qovuşmaq. Yaşayışında, etdiyi bütün işlərdə əsas hədəfi də odur. Bəlkə də bəzilərinə qəribə gələr, amma son üç ildə bunun əyani şahidi olmuşam. Şəhid ailələri ilə görüşüb, şəhidlər haqqında danışanda illərlə mənə sirli olan bir hikməti dərk edə bildim. Hər şəhidin bir fərqli nişanəsi var idi. Amma bütün nişanələr bir nöqtəyə vururdu. Bunun adı EŞQ idi. Vətən eşqi, Allah eşdi, Peyğəmbər eşqi, İmam eşqi, övlad eşqi. Bütün bu eşqlərin hədəfi idi onları şəhidliyə doğru aparan. Onlar arasında 34 günlük körpəsini, 1 həftəlik həyat yoldaşını, qoca ata-anasını, mal dövlətini qoyub öz doğru bildiyi ideal uğrunda mübarizəyə gedənlər az deyildi.

Onlar arasında cəbhəyə yola düşən şəhidə 1 həftə əvvəl ailə qurduğu həyat yoldaşının “məni qoyub hara gedirsən?” sualına verdiyi “getməsəm sənin namusunu gözümün qabağında əldən gedən” cavabı verəni, 34 günlük körpəsini qoyub gedəndə “sizi Allaha tapşıram” deyəni də var.

Formasından asılı olmayaraq şəhidliyin bir əqidə məsələsi olduğu gün kimi aydındır. Harda olmasından, hansı formada mübarizə aparmasından asılı olmayaraq şəhid bir xalqın, bir millətin deyil bütün dünyanındır.

Minbərdə başına qılınc vurularaq şəhid edilən İmam Əli (ə), Kərbəla çölündə qanına qəltan edilən İmam Hüseyn (ə) və onun 72 sadiq yavərindən başlayan bu məktəbin bütün dövrlərdə şagirdləri olub və bundan sonra da olacaq. Bu məktəbdə sinifdə qalmaq yoxdur. Bu məktəbdə aldığın dərsi, öz qanına verdiyin imtahandan aldığın qiyməti özünlə birgə əbədiyyətə aparırsan. Hər parta boşaldıqca onun yeri dərhal dolur. Çünki həmin partada oturmaq üçün gözləyənlər var. İllərlə şəhadət arzusu ilə yanıb, bu eşq imtahanını vermək istəyən insanlar olub və bundan sonra da olacaq.

Şəhidlik qatarı isə daim hərəkətdədir. Öz sərnişinlərini əbədi səadətə aparır. Həmin qatara isə hər kəs bilet ala bilmir…

 

Orxan Əli

Şərh yaz