Cəsur sərkərdə Şirin Mirzəyevin doğum günüdür

1991-ci ilin oktyabr ayında bütün maneələrə və təqiblərə baxmayaraq, polkovnik-leytenant Şirin Mirzəyev Respublikamızda ilk Nizami Özünümüdafiə Batalyonunu min bir əziyyətlə yaradıb

Əslən Şuşanın Mirzələr kəndindən olan Şirin Vəli oğlu Mirzəyev 1947-ci il Yanvar ayının 5-də Xankəndində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşüb. Bir müddət Bakıda yerləşən Daxili Qoşunlar alayında xidmət edir və daha sonra 1967-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki Ali Siyasi Hərbi məktəbə qəbul olunub. 1971-ci ildə hərbi təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra təyinatla İrəvana göndərilib. Beş il orada xidmət etdikdən sonra Bakıya qayıdıb.

Şirin Mirzəyev 1976-cı ildə öz sinif yoldaşı Flora Qasımova ilə ailə qurub. Bu evlilikdən onların iki uşağı dünyaya gəlib. 1988-ci ildə Hərbi Siyasi Akademiyada təhsil alaraq, Daxili Qoşunlar alayında 15 illik xidmət yolu keçib.

1990-1991-ci illərdə Qarabağda ermənilərin təxribatları artdığından könüllü hərbi birləşmənin yaradılması artıq zəruri olmuşdu. Buna görə də 1991-ci ilin avqustunda Şirin Mirzəyev Ağdama yollanıb. Onun qəlbində alovlanan vətən məhəbbəti, vətənə xidmət arzusu məhz onu Ağdama çəkib gətirib. Özü də elə bir vaxtda ki, onun kimi peşəkar hərbiçilərə vətənin böyük ehtiyacı var idi.

1991-ci ilin oktyabr ayında bütün maneələrə və təqiblərə baxmayaraq, polkovnik-leytenant Şirin Mirzəyev Respublikamızda ilk Nizami Özünümüdafiə Batalyonunu min bir əziyyətlə yaradıb. Bu, o dövr üçün çox zəruri bir addım idi.

1992-ci il mart ayının 28-də Şirin Mirzəyevin və onun tərəfdarlarının səyi nəticəsində Respublikada 1-ci olan tabor yaradılıb və ürəyi vətən sevgisilə çırpınan Şirin Mirzəyev Ağdam rayon ərazisi özünümüdafiə taborunun komandiri seçilib.

Artıq 1992-ci ilin may ayında üç tabordan ibarət alay yaradılmışdı.Təcrübələrinə görə, Ağdam Əlahiddə Özünümüdafiə taborunun komandanlığıda onun öhdəliyinə verilir. Ş. Mirzəyevin komandir seçilməsindən sonra 1200-dən çox gənc könüllü olaraq ordu sıralarına yazılır. Şirin Mirzəyev Ağdam rayonunun həm Hərbi Komissarı və həm də Alay Komandiri kimi məsul vəzifələri yerinə yetirirdi. Bir komandir kimi Şirin Mirzəyev həmişə ön cəbhədə döyüşürdü. Onun bu keyfiyyəti alayın bütün üzvlərini cəsarətləndirirdi və hətta, ucqar yerlərə silahların çatdırımasına belə özü rəhbərlik edirdi. İlk anlar könüllülük prinsipi ilə gələn döyüşçülər bir qədər ərköyünlük edirdi. Şirin Mirzəyevin özünün şəxsi nümunəsi, hərbi qanunlara ciddi riayət etməsi, hər bir əsgərə fərdi qayğısı və tələbkarlığı sayəsində bütün nöqsanlar aradan qaldırılır.

1992-ci il iyunun 18-də o komandirlik etdiyi alayla birlikdə yenidən ön cəbhəyə yollanır. Elə həmin gün Sırxavənd istiqamətində aparılan döyüş əməliyyatı zamanı tankları yerləşdirdikdən sonra hazırlıq üçün arxa cəbhəyə geri qayıdarkən onun avtomobili minaya düşür və o şəhid olur.

Şirin Mirzəyevin yolu örnək göstərilə biləcək bir döyüş yoludur. Belə ki, onun sərkərdəlik qabiliyyəti nəticəsində Fərrux, Pircamal, Qazançı, Ballıqaya, Qaraşlar, Bəşirli, Sırxavənd, Ağbulaq, Dəhraz, Naxçıvanik kəndləri erməni quldurlarından azad edilmişdi.

1993-cü il fevral ayının 5-də Şirin Mirzəyevin şəxsi təşəbbüsü ilə yaradılan Tədris taboru ləğv edilib.

1994-cü ildə isə “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif olunub.

Onun adına Bakı şəhərində küçə var. Xidmət etdiyi 836-cı Hərbi Hissənin həyətində isə abidəsi qoyulub.

Hazırladı: Təhminə Muxtarova

Şərh yaz