Qəhrəman şəhidin son döyüşü: Cəlil Cəlilov

Hər bir dövlətin və xalqın tarixi vətənini müdafiə edən cəsarət və qəhrəmanlıq göstərmiş insanlar tərəfindən yazılır. Bəziləri öz cəsarətliyi, qormazlığı və igidliyi ilə tarixə düşür və əbədi olaraq xalqın qəlbində yaşayır. Qəhrəman əsgər olmaq üçün əsgər özündə olan üç xüsusiyyəti göstərməlidir: qəhrəmanlıq, cəsarət və dözüm.Vətən üçün döyüş meydanında ölmək mərdlik nümunəsi və qəhrəmanlığın sübutudur.

Belə qəhrəmanlardan biri də xalqın igid oğlu şəhid Cəlil Tarif oğlu Cəlilovdur.

Cəlilov Cəlil 19 mart 1968-ci ildə Bakı şəhəri Sabunçu rayonunun Zabrat qəsəbəsində dünyaya gəlib. Ailədə bir bacı, bir qardaş olublar. Atası Cəlilov Tarif keçmiş “Kirov” zavodunda çilingər işləyib. Anası Qəniyevə Tərgül Gülməmməd qızı 1971-ci ildə qəfldən dünyasını dəyişir. O zaman Cəlilin üç yaşı, bacısı Mehriban xanımın isə altı yaşı olur. Elə o vaxtlardan da Cəlilin sevincləri, uşağlığının ən şirin illəri qəmli günlərə çevrilir və ana həsrəti ilə yaşayıb boya-başa çatır. O, 1975-ci ildə Zabrat qəsəbəsində yerləşən 73 saylı tam orta məktəbinin birinci sinfinə gedir və 1983-cü ildə  səkkizincı sinifi bitirir. Sonra isə Binə qəsəbəsində sürücülük peşə məktəbində oxuyur.1986-cı ildə Bakı şəhəri Sabunçu rayonunun Hərbi Komissarlığı tərəfindən Sovet Ordu sıralarına həqiqi hərbi xidmətə çağırılır və Macarıstanda xidmət keçir. Hərbi xidmətini başa vurduqdan sonra 1988-ci ildə vətəninə qayıdır və sürücü kimi işləməyə başlayır.

1992-ci ildə Azərbaycan torpaqlarının müdafiəsinə qalxır könüllü olaraq Milli Ordu sıralarına yazılır və “N” saylı xüsusi təyinatlı kəşfiyyat taborunda xidmət edir. Hərbi  xidmət zamanı özünü vicdanlı,nizam-intizamlı bir əsgər kimi göstərib və döyüş bölgələrində hərbi döyüş tapşırıqlarını yerinə yetirməkdə cəsarət və qəhrəmanlıqlar göstərir.

Cəlilov Cəlil xidmət elədiyi dövrdə bir çox döyüş bölgələrində (Füzuli, Qubatlı, Ağdərə) gedən döyüşlərdə iştirak edir və 1992-ci ilin oktyabr-noyabr aylarında Qubadlı rayonunun Başarat kəndi uğrunda gedən döyüşlərdə göstərdiyi nümunə götürüləsi şücaətlərini nəzərə alaraq hərbi hissə komandanlığı tərəfindən ona çavuş rütbəsi verilir.

Odlu döyüş yollarından keçmiş Cəlil Tarif oğlu Cəlilov 1994-cü il yanvar ayının 30-da Ağdərə rayonunun Akop-Komari istiqamətində gedən qanlı döyüşlərdə ağır yaralanır. Döyüş yoldaşları çətinliklə də olsa onu döyüş meydanından çıxardıb Hərbi Hospitala çatdırsalarda çoxlu qan itirdiyindən həyatını xilas etmək olmur.

Cəlilov Cəlil Tarif oğlunun Vətənin müdafiəsində göstərdiyi igidlik yüksək qiymətləndirilib və o, Azərbaycan Respublikasının Prezidendi tərəfindən 9 noyabr 1994-cü il tarixli 218 nömrəli fərmanı ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Allah şəhidlərimizə rəhmət eləsin!

 

Nazilə İsmayılova

 

Şərh yaz