“Mən şəhid olanda anama deyin ağlamasın…”

Bu vətən ,bu torpaq mənimdi deyib

Üstündə vüqarla gəzdi şəhidlər.

Əyninə qanından bir köynək geyib

Düşmənin yolunu kəsdi şəhidlər…

Azərbaycan müstəqilliyi və ərazi bütövlüyü uğrunda ölkəmizin müxtəlif bölgələrində doğulub boya-başa çatan canını fəda etmiş neçə-neçə bacılarımız-qardaşlarımız, ana-atalarımız, oğul və qızlarımız şəhid oldular, əsir və itkin düşdülər. Bu gün bizim hər birimizin borcu şəhidlərimizi yad edib, xatirələrini əbədləşdirmək, onları yaşatmaq, ailələrini ziyarət etmək və gələcək nəsillərimizə şəhidlərimizi tanıtmaqdır.

Şəhid Alqayev Nurullah Şahruddin oğlu 5 fevral 1974-cü ildə Balakənd rayonunun Katex kəndində anadan olub. Atası Şahruddin kişi sürücü, anası Zərnişan xala isə ibtidai sinif müəlliməsi idi. Ailədə dörd qardaş, iki bacı olublar. Nurullah səkkizinci sinifi öz doğma yurdunda 1saylı tam orta məktəbdə başa vurub. Sonra Bakıya gəlib orta təhsilini fizika-riyaziyyat təmayüllü məktəbdə davam edib.

Valideynləri öz övladlarını uşaqlıqdan vətənpərvər və gözəl əxlaqlı tərbiyə ediblər. Bunun nəticəsi olaraq digər uşaqların azyaşlı olmağına baxmayaraq vətənin dar günündə onlar iki qardaş Alqayev Nurullah və böyük qardaşı Alqayev Elxan ordu sıralarına qatılaraq vətənin müdafiəsinə qalxıblar. Hər iki qardaş 1992-ci ildən “N” saylı hərbi hissənin tərkibində Füzuli, Qubadli, Ağdam, Zəngilan, Ağdərə, Tərtər rayonlarının döyüş bölgələrində çiyin-çiyinə vuruşublar. Onlar qorxmazlıqları, vətənpərvərlikləri  və nizam-intizamları ilə hərbi hissənin komandanlığı daxil olmaqla bütün şəxsi heyətin hörmət və rəğbətini qazanıblar. Bundan başqa iki qardaş öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirir, hərbi bi lik və bacarıqlarını artırmaq üçün öz üzərlərində işləyirdilər. Aralarında yaş fərqi olmağına baxmayaraq, onlar bir-biri ilə çox mehriban və daha çox dost və silahdaş münasibəti qururdular.

Bir çox qaynar nöqtələrdən fərqli olaraq 1994-cü ilin yanvar ayında Ağdərə-Tərtər rayonlarına getdiyi ezamiyyət  onların həyatında fərqli izlər qoydu.

Qeyd: 1994-cü ilin yanvar ayından noyabr ayına qədər “N” saylı hərbi hıssə Ağdərə-Tərtər rayonuna dislokasiya olunur və qanlı döyüşlərdə iştirak edir.

Belə ki, Ağdərə-Tərtər istiqamətində gedən qanlı doyüşlər onları daimi ölümlə üz-üzə qoyurdu. Nurullah bir kəşfiyyatçı və döyüşçü kimi daim düşmən arxasına döyüş tapşırıqlarını yerinə yetirməyə gedirdi və qiymətli məlumatlarla qayıdırdı. Qardaşı Elxan isə sürücü kimi silahdaşlarına ən qaynar nöqtələrinə silah-sursat, ərzaq daşıyır və yaralıları, şəhid olanların cənazələrini döyüş meydanından çıxardaraq vaxtında lazım olan yerlərə çatdırırdı. Nurullahın bilik və bacarıqlarını, eləcə də ona verilən kəşfiyyat tapşırıqlarının uğurla yerinə yetirilməsi daimi hərbi hissə komandanlığı tərəfindən yüksək qiymətləndirilirdi. Hətta bir dəfə Ağdərə rayonunun Tonaşen kəndləri ərazisində döyüşlərdə ona verilən tapşırığa əsasən on gün Nurullah iki əsgərlə birlikdə düşmən arxasında soyuq qarda, şaxtada və qidasız mühasirədə qalmışdı. Bütün çətinliklərə baxmayaraq o, öz mövqeyini tərk etməmiş və ona verilən döyüş tapşırığını qəhrəmanlıqla yerinə yetirmişdi.

Onlar mühasirədən çıxan zaman komandirin və döyüş yoldaşlarının gördükləri bir daha onların əsl qəhrəman olduqlarını sübuta yetirilmişdi. O şaxtada və qarda aclıqdan çox halsız vəziyyətə düşmüş, əllərini və ayaqlarını don vurmuşdu. Nurullah bu tapşırıqdan sonra bir müddət hospitalda müalicə aldıqdan sonra, tam sağalmamış könüllü olaraq yenidən öz silahdaşlarının yanına qayıdır. Hərbi hissə komandiri Nurullahın komandirlik biliyini, bacarığını və şücaətini nəzərə alaraq ona kiçik leytenant hərbi rütbəsi verilməsi üçün MN-ə vəsadət qaldırır. Nurullah bu rütbəni aldıqdan sonra tağım komandiri vəzifəsinə təyin olunur.

Səhhətində yaranan problemlərə baxmayaraq o, bir zabit kimi komandanlığın ona olan etimadını daha da doğrultmaq üçün gecə-gündüz çalışırdı. Bir çox şəhidlərimiz kimi Nurullahın da gözəl insan və vətənpərvər bir döyüşçü zabit kimi şəhidlik zirvəsinə ucalması onun silahdaşlarının və Nurullah sevənlərin yaddaşından heç vaxt silinməyəcək.

11 sentyabr 1994-cü ildə Ağdərə-Tərtər istiqamətində Nurullah üç silahdaşı ilə birlikdə ona verilən döyüş tapşırığını yerinə yetirdikdən sonra geri qayıdan zaman qəhrəmancasına şəhid olur. Onların köməyinə gedən döyüş yoldaşlarının qolları üzərində son nəfəsini verənə qədər sanki şəhid olacağına sevinirmiş kimi daimi üzü gülürdü.

Nurullah hərbi hissədə xidmət elədiyi ilk gündən əsgərlik xatirə dəftəri aparırdı. Həmin dəftərdə əsgərlik həyatından, döyüşlərdən, sevdiyi şeirlərdən yazırdı. Bir yazı var idi: “Mən şəhid olanda anama deyin ağlamasın…”.

Nurullahın nəşini aparmaq dost və silahdaş olduğu qardaş Elxana qismət oldu. Bir doğma qardaş itirmək onun üçün nə qədər ağır olsa da,qardaşının vətən uğrunda qəhrəmanlıqla şəhid olması ona başının dik durmasına və qardaşı ilə qürur duyması üçün ona dözüm və təsəlli verirdi. Başın sağ olsun Vətən!

Allah şəhidlərimizə rəhmət eləsin.

 

Nazilə İsmayılova

Mübarizim üçün

Şərh yaz