Bir gəncin şəhidliyə gedən ömür yolu

Bu dəfəki şəhidin ömür yolu haqqında yazını məşhur rus sərkərdəsi, rus hərb sənətinin tanınmış nümayəndələrindən biri olan Aleksandr Suvorovun gətirdiyi sitatdan başlamaq istərdim:

“Müharibə yalnız son

əsgər dəfn edildikdə

başa çatır…”

Bu gün ölkəmizdə iki nəsil yaşayır: müharibəni öz gözləri ilə görən, onun bütün acı günlərini, çətinliklərini yaşamışlar və müharibə haqqında filmlərdən, sosial şəbəkələrdən, kitablardan və qazilərin müharibə haqqında xatirələrərindən bilənlər. Müharibə bir ailələr üçün faciə ilə nəticəlındi. Əlbətdə, müharibə itkisiz olmur: yaxın və bizə əziz olan insanları itiririk, dinc insanlar ağır artilleriya altında o dağıdılmış evlərini, zəbt olunmuş kəndlərini tərk etmək məcburiyyətində olurlar. Bu baş verənləri bizə sülhün dəyərini göstərməli və əlimizdə olanı qorumağı və sevməyi öyrətməlidir. Biz həmişə şəhidlərimizi xatırlamalı, onların xatirəsinə hörmət etməliyik.

Heç kim unudulmur, heç bir şey yaddan çıxmır!

Şəhid Süleymanov Zaur Əhmədiyyə oğlu 27 fevral 1974-cü ildə Azərbaycanın şimal-qərb hissəsində yerləşən, öz zəngin tarixi keçmişi, misilsiz təbii gözəllikləri, əlverişli coğrafi mövqeyi ilə diqqəti cəlb edən rayonlarımızdam biri olan Qəbələdə dünyaya gəlib. Ailədə üç qardaş olublar. Evin sonbeşiyi Zaur olub. O, sadə kəndli ailəsində böyüyüb boya-başa çatıb. Atası Süleymanov Əhmədiyyə uzun müddət polis idarəsində, anası Zülləcə xanım isə bir müddət tikiş kombinatında işləyiblər. Ömrünün ən şirin, duyğulu günlərini yaşayan nadinc olduğuna baxmayaraq o, həmişə böyüklərə hörmət edib, evdə bacısı olmadığı üçün çox vaxt ana-ataya kömək göstərib. 1981-ci ildə Qəbələ şəhərinin 1 saylı tam orta məktəbinin birinci sinfinə gedib. Məktəbdə oxuyarkən, dəcəlliyi ilə yanaşı savadı ilə də həmyaşıdlarından seçilib.Yaxşı oxuduğuna görə fərqlənmə diplomu ilə mükafatlandırılıb.

Səkkiz il oxuduqdan sonra o,1989-cu ildə Qəbələ şəhərinim orta peşə məktəbinə daxil olur ,traktorçu ixtisası üzrə təhsilini davam edir. Buranı oxuyub bitirdikdən sonra, Zaur öz təhsilini davam etdirmək üçün Gəncə şəhərinin Xalq Təssərüfat Universitetində oxumaq arzusunda olur. Lakin o dövrdə müharibə artıq gedirdi. Bir çox insanlar şəhid olub, əsir düşürdülər, torpaqlarımız düşmən tərəfindən zəbt olunurdu. Məhz bu dövrdə Zaurun iki yolu var idi: ya təhsilini davam etdirmək, ya da vətəninə xidmət etmək, doğma torpaqlarını vəhşiləşmiş düşməndən azad etmək. Əlbətdə ki, tərəddüd etmədən Zaur ikinci yolu seçir, hərbi xidmətə gedib və bir çox əsgərlər kimi vətənə xidmətini yerinə yetirir. O zaman bu gənc ağlına belə gətirməzdi ki, ömrünün cəmi 20-ci baharında Vətən uğrunda gedən döyüşlərdə şəhid olub xalqının yaddaşında əbədi yaşayacaq.

Süleymanov Zaur 1992-ci ilin iyun ayında Qəbələ Rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılır və 22 iyun tarixində “N” saylı hərbi hissənin tərkibində öz həqiqi hərbi xidmətinə başlayır. Hərbi hissədə hərbi hazırlıq təlimləri keçərək özünü hərbi hissə komandanlığın bütün tələblərini yerinə yetirən yaxşı təlim keçmiş bir əsgər kimi göstərdi. Zaur Qubadlı, Füzuli, Ağdərə, Tərtər rayonlarının döyüş bölgələrində gedən döyüşlərdə iştirak edərək və ona verdiyi bütün hərbi tapşırıqlarını yerinə yetirərək vətən uğrunda canından keçməyə hazır olan Azərbaycan ordusunun cəsarətli bir əsgər kimi olduğunu sübuta yetirmişdi.

1994-cü ilin yanvar ayından Ağdərə-Tərtər uğrunda gedən qanlı döyüşlərdə vuruşur. 8 fevral 1994-cü ildə Zaur Əhmədiyyə oğlu Süleymanov kəşfiyyat qrupu ilə birgə döyüş tapşırığını yerinə yetirən zaman Ağdərə rayonunun Tonaşen-1 kəndində mühasirəyə düşür və gedən ağır döyüşdə şəhidlik zirvəsinə ucalır.

Allah şəhidlərimizə rəhmət eləsin.

 

Nazilə İsmayılova

Mübarizim üçün

Şərh yaz