Ağ dağlarda qalan şəhid – Rahim Məmmədov

Oğul itkisi, övlad itkisi, qardaş itkisi bundan böyük, ağır dərd ola bilərmi? Ömrünün 19-cu baharında Vətən torpaqlarının azadlığı uğrunda sən şəhid oldun. İllər keçsə də, insanların xatirələrinə, qəlblərinə köçüb yaşamağa başladın .

“Səni xatırlayan varsa,

Deməli sən sağsan”…

Budəfəki söhbətimiz belə gənc əsgərlərdən biri qısa ömrünün 19-cu baharında  şəhidlik zirvəsinə ucalan Rahim Gülümxan oğlu Məmmədov haqqındadır.

Rahim Məmmədov 18 may 1975-ci ildə Azərbaycanın cənub-şərq hissəsində, dağlıq ərazidə yerləşən Yardımlı rayonunun Telavar kəndində dünyaya gəlib. Ailədə dörd uşaq bir bacı, üç qardaş olublar. Atası Gülümxan kişi, hələ uşaqlar balaca olarkən, ailəsi ilə birlikdə Bakı şəhərinə köçürlər. Belə ki, balaca Rahim Bakı şəhərində yaşayıb boya-başa çatıb. Gülümxan kişi Bakı şəhərində leytenant Şmidt zavodunda fəhlə, anası Firuzə xanım isə baxçada müəllimə köməkçisi işləyiblər. Zəhmətkeş, çalışqan valideynlər səhər işə gedib, axşamlar isə evə gələndə uşaqlara diqqət yetirib, övladlarına gözəl tərbiyə verib böyüdüblər, boş vaxtlarını isə ev işlərinə sərf ediblər.

Rahimin qardaşı Mehti ilə söhbət edərkən, Rahimin necə insan olduğunu öyrənib, onun uşaqlıq illərindən söhbət elədik.

– Şəhid haqda, əziz və doğma qardaş haqda keçmişdə danışmaq ,keçmiş zamanla fikir söyləmək,onun yoxluq yükünü çəkmək də çox çətin və ağırdır. Mehti bir anlıq tutuldu, qısa fasilədən sonra söhbətini davam etdi:

– Rahim 1982-ci ildə Bakı şəhərinin Nərimanov rayonunda yerləşən 39-saylı tam orta məktəbinin birinci sinfinə gedib. O, uşaqlıq vaxtından musiqi həvəckarı olub. Elə bu səbəbdən də məktəbdə oxuyarkən,eyni zamanda qarmon növü üzrə musiqi məktəbinə gedib. Uşaqlıq vaxtında o, çox dəcəl olub. Amma buna baxmayaraq, qardaşım dərslərini yaxşı oxuyub, çox çalışqan olub. Hamı ilə dil tapıb, mehriban idi və hamıya hörmətlə yanaşırdı. Həm müəllimlərin, həm də ailənin sevimlisi olub. Gənc ikən ataya işdə kömək göstərib. Qardaşımın ölümündən bu qədər illər keçməsinə baxmayaraq ,biz hələ də onun itkisinə inanmırıq və bu itki ilə barışa bilmirik. Gözümüz neçə illərdi ki yollarda, qapıda qalıb,onun yolunu hələ də gözləyirik. Hətta valideynlərim də ölənə qədər Rahimin sağ qayıdacağına inanıb yolunu gözləyiblər. Anamla atam 2013-cü ildə vəfat ediblər.

Məmmədov Rahim məktəbi bitirdikdən sonra 1993-cü ilin avqust ayında Bakı şəhəri Nərimanov rayonunun Hərbi Komissarlığı tərəfındən Ordu sıralarına çağırılırmışdır. O, üç ay müddətində Nasosnuda, sonra isə “N” saylı hərbi hissədə kəşfiyyatçı kimi xidmət etmişdir. Hərbi xidmət  zamanı özünü nizam-intizamlı, vicdanlı, cəsur və vətənpərvər bir əsgər kimi göstərmişdir. Çox keçmədən Rahimin səsi döyüş bölgələrindən gəldi.

Yanvar 1994-cü il…Tərtər-Ağdərə istiqamətində qanlı döyüşlər  gedən zamanı o, kəşfiyyatçı kimi bir çox döyüş əməliyyatlarında iştirak etmişdir.

Qışın soyuq, şaxtalı ayın bir axşamıdır. Ağdərə dağları ağ a dyala bükülmüş kimi ağ qarla örtülüb. 4 fefral 1994-cü ildə kəşfiyyat qrupu döyüş tapşırığını yerinə yetirmək üçün Ağdərənin dağları istiqamətinə doğru irəliləyir.

Rahimlə son döyüşdə çiyin-çiyinə döyüşən Abbasov Bəxtiyar həmən gedən döyüşlərdən bunları xatırladı:

–  Biz bu əməliyyatda Rahimlə bir yerdə idik. Üç gün bu soyuq, şaxta havada yorulmadan, bütün çətinliklərə dözərək qabağa irəliləyirdik və birdən qəfldən pusquya düşdük, ölümcül bir döyüş başladı. Bu döyüşdə əsgərlərimiz şücaət göstərib düşmən tərəfindən olan üç erməni döyüşçünü  və bir zabitini məhv etdi. Atışma zamanı əsgər Məmmədov Rahim və daha bir əsgər yaralandı. Rahimin inilti səsi gəlirdi. Çox keçmədən düşmən tərəfi bizi mühasirəyə almağa cəhd göstərirdi. Bu döyüşdə yaralılarımızın sayı çoxalırdı. Düşmənin ağır texnikası bizə doğru irəliləyirdi. Doqquz gün biz mühasirədə qaldıq. Soyuq, şaxtalı hava olduğu üçün bizi don vururdu, ac-susuz qaldığı halda halsız vəziyyətinə düşmüşdük. Kəşfiyyat qrupumuzun komandiri mühasirədən çıxaraq, əsgərləri və yaralıları xilas etmək üçün bütün mümkün olan manevrlardan istifadə etdi. Mən, Natiq Abbasov və sağ qalan əsgər yoldaşlarımla birgə çox çalışdıq Rahimin cəsədini və yaralıları döyüş meydanından çıxardaq. Amma nə qədər cəhd göstərsək də, bu mümkün olmadı, bütün göstərdiyimiz cəhdlər boşa çıxdı. Natiq Abbasovun əl barmaqlarını don vurmuşdu. Sonradan amputasiya elədilər. Mən o günləri tez-tez xatırlayıram, unuda bilmirəm. 1993-cü ilin dekabr ayının 31-də yeni il günündə hərbi hissədə olarkən, bizə bir günlük icazə verilmişdir ki, şəhərə çıxaq gəzək. Mən,Rahim və Natiq yollandıq şəhərə. Birdən Rahim yolda qayıdıb dedi ki, gedək bizə. Bizdə razılaşdıq getdik. Bizi evlərində ata və anası sevinclə qarşıladılar. Qapıdan içəri keçəndə tezə bişirilmiş yarpaq dolmasının isi iştahamızı daha da artmışdı.. Anası o günü dadlı yarpaq dolması hazırlamışdı. O dolmanın dadı hələ də ağzımda durur. Axşama qədər oturduq, sonra isə hərbi hissəyə qayıtdıq. Axşam kazarmada Rahimə dedim ki, bu dəfə nə vaxt bizə icazə versələr mütləq səni Biləsuvara bizim kəndə qonaq aparacam…Amma qismət olmadı. Rahim qardaşım o soyuq, şaxtalı qara bürünmüş dağlarda qaldı…

Məmmədov Rahim Gülümxan oğlu ömrünün 19-cu baharını özünün şərəfli ölümü ilə başa vuraraq 12 fevral 1994-cü ildə şəhidlik zirvəsinə ucalmışdır.

Şəhidin adını əbədiləşdirilməsi üçün Bakı şəhəri Nərimanov rayonunda adına küçə verilmişdir, oxuduğu Nərimanov rayonunun 39 saylı tam orta məktəbdə xatirə lövhəsi qoyulmuşdur.

Allah şəhidlərimizə rəhmət eləsin.

 

Nazilə İsmayılova

 

Mübarizim üçün

Şərh yaz