“Məndən arxayın ol, mamama de darıxmasın” – Şəhid məktubu

Bütün yüksəklərdən ucada dayanan bir zirvə var – Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Bizimdə şəhidlərə borcumuz onların adlarını yaşatmaq, şəhid ailələrini ziyarət edib şəhidlərimizi yad etməkdir.

Bu dəfə bir qrup müharibə veteranları Azərbaycanın cənubunda yerləşən Biləsuvar rayonunun şəhid qardaşımız Zaur Əbdüləli oğlu Seyfullayevin ailəsini ziyarət etdilər. Bizi şəhidin atası Əbdüləli kişi və qardaşları qarşıladı. Atanın yaşla dolmuş gözlərini görüb və titrək səsini eşitdik: Xoş gəlmisiz, buyurun əyləşin.”

Çay süfrəsi arxasında oturub xeyi söhbət etdik, xatirələrimizi bölüşdük. Diqqətlə ataya qulaq asırdıq və şəhid haqda bəzi məlumatları topladıq.

Seyfullayev Zaur Əbdüləli oğlu 5 oktyabr 1975-ci ildə Biləsuvar şəhərində dünyaya gəlib. Ailədə üç qardaş, üç bacı olublar. Atası Əbdüləli kişi Axundov adına institutunu bitirdikdən sonra əlli il Biləsuvar şəhərinin  2 saylı tam orta və 5 saylı natamam orta məktəblərində (32 il məktəb direktoru) işləyib. Anası Şəfiqə xanım Biləsuvar şəhərinin uşaq xəstəxanasında tibb bacısı olaraq fəaliyyət göstərib.

Zaur 1982-ci ildə Biləsuvar şəhərinin 4 saylı tam orta məktəbinin birinci sinfinə gedib və 1992-ci ildə bu məktəbi bitirib. O illərdə Zaurun qardaşı Azər Milli orduda xidmət edir və döyüş bölgələrində gedən döyüşlərdə iştirak edirdi. Atası Əbdüləli kişi deyir ki,  Zaur bunu görüb ali təhsil almaqdan imtina edir və  ailəsi ilə söhbət edib deyir:

“Ata, mən evdə qala bilmərəm. Qardaşım Azər döyüşür, torpaqlarımız zəbt olunur, igid bacı qardaşlarım şəhid olur, qocalarımız, uşaqlarımız əsir düşür, müharibə gedir. Mən də gedirəm müharibəyə. Bu sözləri deyib hərbi komissarlığa yollandı. Orada adını xatırlamayıram soyadı Vəliyev olan zabit işləyirdi. Zaur ona müraciət edib və döyüşə getməyini bildirib. Vəliyev qəti yox cavabı verib ve deyib ki, Zaur sənin qardaşın döyüş bölgəsində xidmət edir, döyüşür. Səni göndərmirəm döyüş bölgəsinə.Zaur diqqətlə qulaq asıb və son sözünü deyib: -Siz kimsiz ki, məni döyüşə göndərmiyəsiz. Mən onsuz da döyüşə gedəcəm.”

Beləliklə Seyfullayev Zaur 1993-cü ilin oktyabr ayında Ordu sıralarına yazılır və ilk 888 saylı xüsusi təyinatlı hərbi hissədə xidmət edir, sonra isə “N” saylı hərbi hissədə xidmətini davam edir. 9 may 1994-cü ildə 19 yaşlı gənc əsgər Seyfullayev Zaur Əbdüləli oğlu Ağdərə istiqamətində düşmən-mənfur ermənilərlə gedən qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Onun cəsədini döyüş meydanından çıxartmaq mümkün olmur.

Əbdüləli kişi bunları danışıb xeyli susdu, gözləri yaşla doldu. Az vaxt keçdikdən sonra bir balaca məktubu göstərdi bizə və söhbətini davam etdi:

– 8 may 1994-cü ildə səhər gəldim Tərtərə görüşə, Zauru görməyə. O zaman Zaurla görüşə bilmədim. Əsgərlər səngərlərdə idi. Gördüm bir maşın döyüş mövqeyinə çıxır və səngərlərdə olan əsgərlərə səhər yeməyi aparır. Tez bir balaca kağızda yazdım:

“Zaur salam. özündən muğayat ol. Ailə üzvlərimizdən birinin adını yaz ürəyim sakit olsun. Səni geri buraxmırlar. Öpürəm səni.. atan Əbdüləli. 08.05.1994” və bu məktubu verdim sürücüyə, xahiş etdim ki, Zaura çatdırsın və cavab yazıb göndərsin mənə. Maşın getdı, mən isə maşının arxasınca baxdım və gözlədim. Bir müddətdən sonra həmən maşın qayıtdı və sürücü mənə yaxınlaşdı əlini uzadıb məktubu verdi və dedi ki narahat olma dayı, hər şey yaxşıdır. Tez məktubu əlimə alıb və oxudum, yuxarıda Zaur anasının adını yazmışdı:

“Şəfiqə

Salam papa, sağ salamatam. Məndən arxayın ol, mamama de darıxmasın. Allah qoysa gəlib sonra apararsan icazəynən. Papa, biznən Arxanklovkadan oğlan var Hacıyev Kərəm onlara de salamatçılığdı. Papa yaxşı gələrsən görüşərik. Sağol. Öpürəm.”

Bu Zaurun son yazısı, son məktubu idi…

Əbdüləli kişi sonra susdu və titrək səslə dedi: daha nə deyim bilmirəm…

Sonra döyüş yoldaşları  Zaurun necə vətənpərvər, cəsur, mərd, igid və onun son döyüşdə necə şəhid olduğundan danışdılar. Onunla bir məktəbdə oxuyan Qurban Qurbanov məktəb illərindən danışdı.

Şəhidimizin ailəsini ziyarət edən döyüş yoldaşları: Yaşar Quliyev,Vaqif Şıxıyev, Allahşükür Zəkiyev, Nazilə İsmayılova, Bəxtiyar Abbasov, Səyyaf Sadıqov, Pənah Cəfərov, Almas Xəlilov, Anar, Dağıstan, Azər, Savalan, Biləsuvar rayonunun Vətən müharibəsi veteranlar ictimai birliyinin rəhbəri Qurban Qurbanov və birliyin üzvlərinə öz təşəkkürimizi bildiririk.

Allah şəhidlərimizə rəhmət eləsin.

Nazilə İsmayılova

Şərh yaz