Ağdamda şəhid İsgəndər İbrahimovun xatirəsi anılıb

Ağdam Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Qaradağlı kənd mədəniyyət evində Vətənimizin müdafiəsi zamanı şəhid olmuş İsgəndər İbrahimovun xatirəsi anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid İsgəndər İbrahimovun ailə üzvlərinin, Ağdam rayon Tarix-Diyarşünaslıq Muzeyinin, Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin, Qaradağlı kənd mədəniyyət evinin və kitabxanasının işçilərinin, Qarabağ müharibəsi veteranlarının, məktəblilərin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi  yad olunub, Azərbaycanın dövlət himni səsləndirilib. Mərasim iştirakçıları sonra şəhid İsgəndər İbrahimov haqqında hazırlanmış videoçarxı izləyiblər.

Mərasimdə Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov, Qaradağlı kənd mədəniyyət evinin müdiri Zənurə Mirzəyeva, kənd sakini İdris Quliyev, Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədov, Qarabağ müharibəsi veteranı Baxşeyiş Qasımov, şəhidin anası Ofeliya İbrahimova və başqaları çıxış edərək, İsgəndər İbrahimovun həyat və döyüş yolundan danışıblar. Məlumat verilib ki, İbrahimov İsgəndər Qaraş oğlu 1975-ci ildə Ağdam rayonunun Qaradağlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Ağdam və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. 1994-cü ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində düşmən gülləsinə tuş gələrək şəhid olub. Qaradağlı kənd qəbiristanlığında dəfn edilib.

Tədbirdə məktəblilər Vətənə, şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.

Şərh yaz