Fədakarlıq nümunəsi – Şəhid Məstalı Əliyev

Şəhid Əliyev Məstalı İxtiyar oğlu 23 avqust 1973-cü ildə Zəngilan rayonunda dünyaya gəlib. Ailədə dörd uşaq olublar. Atası İxtiyar kişi Zəngilan rayonunda rabitə qovşağında, anası Pakizə xanım isə kitabxanada işləyib. Məstalı 1980-ci ildə Zəngilan rayonunun 1 saylı tam orta məktəbinə gedib, məktəbi bitirdikdən sonra o, mühasibat kurslarlarında oxuyub. Sonra Zangilan avtobazasında mühasib işləyib. Məstalı həmçinin gözəl dərzi idi. Səhərlər avtobazaya işə gedir, axşamlar isə evə gəlib dərzi işlərini görürdü.

Uşaqlıq vaxtından Məstalı öz doğma torpağına çox bağlı bir igid kimi yetişir. 1993-cü ilin 7 iyul tarixində Məstalı Əliyev  Azərbaycan Silahlı Qüvvəlırinə hərbi xidmətə çağırılır. Hərbi hissədə xidmət edərkən Vətənini canından əziz tutan bu gənc əsgər xidmətini şərəflə yetirir və bundan qürur duyur.

Qısa  bir müddətdə o, döyüş yoldaşlarının, hərbi hissə komandanlığının hörmətini qazanır. Hərbi xidmətdə olan zamanı 1993-cü ilin oktyabr ayında onun doğma yurdu Zəngilan rayonu erməni düşmənləri tərəfindən işğal olunur. Bu xəbər Məstalıya çox pis təsir edir. Hətta xəbəri eşidəndə o göz yaşlarını saxlaya bilmir.

Məstalının ailəsi Bakıya gəlir və burada məskunlaşır. Məstalı xidmət etdiyi zamanı bir neçə döyüş bölgələrində Füzuli, Ağdam, Zəngilan, Ağdərə, Tərtər rayonlarının qanlı döyüşlərində iştirak edir. Ağdərə rayonunun Gödəkburun yüksəkliyi uğrunda gedən döyüş Məstalının son döyüşü olur. 30 yanvar 1994-cü ildə Ağdərə rayonunun Gödəkburun yüksəkliyi uğrunda ciddi qanlı döyüşlər gedir. Komandiri o döyüşdə şəhid olur. Bunu görüb tez özünü komandirin yanına çatdırır və onu döyüş meydanından çaxartmaq istəyir. Bu zaman Əliyev Məstalı İxtiyar oğlu düşmən gülləsinə tuş gəlir. Döyüş yoldaşları nə qədər cəhd göstərsələr də onu və bir neçə əsgəri döyüş meydanından çıxartmaq mümkün olmur.

Bu gün Məstalının məzarı yoxdur. Amma onun pak nəşi Qarabağ torpağına qarışıb. Allah rəhmət eləsin, ruhun şad olsun şəhid qardaşımız!

Nazilə İsmayılova

Mübarizim üçün

Şərh yaz