776-nın cəsur “Komando”su: şəhid Mehman Məsimov

Şəhidlərimiz, vətən torpaqlarının azadlığı uğrunda canlarından keçib öz ailələrini bizlərə əmanət ediblər…

Şəhid leytenant Məsimov Mehman Bədəl oğlu 15 iyun 1963-cü-il tarixində Ermənistan Respublikasının Amasiya rayonunun Daşkörpü kəndində dünyaya gəlmişdi. Ailədə altı qardaş, bir bacı olublar. Orta məktəbi Amasiyada bitirdikdən sonra o, 1980-cı ildə Azərbaycana gəlir və M. Əzizbəyov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Neft-Kimya institutunun avtomatika və telemexanika fakültəsinə qəbul olunub, mühəndis-elektrik ixtisasına yiyələnmiş Mehman 1986-cı ildə ali təhsilini bitirmişdir.

O, 1987-ci ildə Sovet Ordusuna çağırılır. 1988-ci ildə Ermənistanda yaşayan soydaşlarımız erməni millətçilərinin təcavüzünə məruz qalanda şəhidin ailəsi Azərbaycana köçür. Əvvəlcə Sumqayıt şəhərində, sonradan isə Güzdək-2 qəsəbəsində məskünlaşırlar. Mehman, hərbi xidmətini başa vuranda artıq böyüdüyü kənd tamam boşalmışdı. Buna görə də o, valideynlərinin təzəcə məskən salmış Güzdək qəsəbəsinə gəlir. Bir müddət o, Sumqayıtda kompressorlar zavodunda işləmişdi. Leytenant Məsimov Azərbaycan torpaqlarının işğalına biganə qala bilmir, ordu siralarina yazilir və hərbi xidmətini 776 saylı hərbi hissədə başlayir. 1993-cü ildə Türkiyədə “Komando” kurslarında 6 ay iştirak edib, “Komando” adını təsdiq edən göy biletə yiyələnir.

Bakıya qayıdan Mehman, yenidən xidmət etdiyi hərbi hissəyə geri dönür. Hərbi hissənin rota komandiri vəzifəsində çalışan Mehman öz qəhrəmanlığı, qorxmazlığı və şücaətliyi ilə silahdaşları yanında hörmət qazanır. 1994-cü ilin yanvarında Ağdərə-Tərtər istiqamətində gedən ağır döyüşlər zamanı rotası ilə dəfələrlə düşmənin mövqelərinə nüfuz etmiş və çox dəyərli kəşfiyyat məlumarları ilə geri qayıdan Mehman müasir Azərbaycanın həqiqi qəhrəmanı adına layiq idi. 24 aprel 1994-cü ildə Ağdərə-Tərtər uğrunda gedən döyüşlərdə azğınlaşmış düşmən gülləsi gənc leytenant Məsimov Mehman Bədəl oğlunun həyatına, eləcə də arzularına son qoydu. Mehman, şəhidlik zirvəsinə ucaldı.

Mübarizim.az xəbər verir,  Şəhid Mehman Məsimovun döyüş yoldaşları Asim Süleymanov, Sadıqov Səyyaf, Elçin Abdullayev, Ərəstun Mehtizadə, Nazilə İsmayılova, Səyyad Əliyev, Nəsimi Tağıyev, Əfqan Xasanov, Eldəniz Musayev onun məzarını ziyarət edib, sonra ailəsi ilə görüşüblər.

Qeyd edək ki, Mehman iki övlad atası idi. O, şəhid olandan sonra onun adını daşıyan bir oğlu da dünyaya gəlmişdir. (Anar, Rafael və Mehman). Redaksiyaya daxil olan məlumatda bildirilir, böyük oğul Anar, 27 yaşında ikən 2017-ci ildə dünyasını dəyişib. Şəhidin həyat yoldaşı Rahilə xanım Mehmanın iki nəvəsinin olduğunu və yaşadıqları küçə Şəhid Məsimov Mehman Bədəl oğlunun adını daşıdığını bildirmişdir. Allah Mehmana və bütün şəhidlərimizə rəhmət eləsin!

Şərh yaz