Şəhid Vüqar Səfərovun xatirəsi anılıb – Foto, Video

Vətən uğrunda canlarını fəda edən igid oğul və qızlarımızın ailələri, bu gün qazi olan şəxslər hər zaman diqqət mərkəzində olmalıdır. Bu istiqamətdə hər bir vətəndaş öz məsuliyyətini dərk etməli, adi bir xoş sözlə olsa belə bu insanları sevindirməlidir. Çünki hər bizimiz bu şəxslərə borcluyuq.

Mübarizim.az xəbər verir ki,  bu misiyadan irəli gələrək 776-saylı hərbi hissənin veteran döyüşçüləri tez-tez şəhid yoldaşlarının ailələrini ziyarət edir, onlara maddi və mənəvi dəstək verirlər. Bu günlərdə şəhid Vüqar Səfərovun Rusiyada yaşayan ailə üzvləri bir neçə günlük Azərbaycana gəlib. Elə bu fürsətdən istifadə edən şəhidin döyüş yoldaşları Elşən Hüseynov, Elçin Məmmədov, Elçın Abdullayev, Nazilə İsmayılova, Vaqif Şıxıyev, Səyyaf Sadıqov, İlham Əhmədov və Vüqarın şəhid olduğu döyüşdə sağ qalan yeganə döyüşçü Mehman Məmmədov görüş təşkil ediblər. Şəhidin ailəsi, atasi Eldar kişi, anası Səmayə xanım, qardaşı İlqar və xalası ilə görüşdə Vüqar barədə xatirələr danışılıb. Onun necə bir igid döyüşçü olması xatırlanıb.

Eyni zamanda şəhidin valideynlərinə bir daha başsağlığı verilərək mənəvi dəstək ifadə olunub. Həmçinin Şəhidlər Xiyabanında şəhidin məzarı ziyarət olunub, onun ruhuna dualar oxunub. Şəhidin ailəsiləsinə rəmzi olaraq Azərbaycan bayrağı təqdim olunub.

Səfərov Vüqar Eldar oğlu 29 may 1975-ci idə Sumqayıt şəhərində dünyaya gəlib. Ailədə üç qardaş olublar. İlk övlad Vüqar olub. Atası Eldar Səfərov və anası Səmayə xanım uzun müddət Rusiyada işləyiblər. 1980-ci idə, Vüqarın 5 yaşı olanda Rusiyanın Tyumensk vilayətinə köçürlər. Orada Vüqarın iki qardaşı İlqar və Anar dünyaya gəlib. Vüqar məktəbdə oxuyarkən musiqi həvəsi olduğu üçün musiqi məktəbinə gedir, fortepiano üzrə qırmızı diplomla oranı bitirir. Əlavə olaraq idmanla da məşğul olur. Yüngül atletika, təknövçülük idman namizədi və idman ustası adını qazanır. 1989-cu ildə ailə Azərbaycana qayıdır və Vüqar əvvəlcə Sumqayıt şəhərində 15 saylı tam orta məktəbində, sonra isə 27 saylı məktəbində təhsilini davam etdirir. 1991-ci ildə Qərb universitetinə daxil olur və birinci kursu bitirdikdən sonra Qarabağ uğrunda döyüşlərə qatılmaq qərarına gəlir. Təhsilini yarımçıq qoyaraq ordu sıralarına yazıllr. Vüqarın səsi Füzuli və Ağdam bölgələrindən gəlir. 1994-cü ilin yanvar ayında Vüqar xidmət etdiyi 776-saylı hərbi hissənin tərkibində Ağdərə və Tərtər rayonuna yola düşür. Qanlı döyüşlərdə dəfələrlə iştirak edir. Həmçinin rabitəçi kimi formalaşır. Son döyüşü 21 aprel 1994-cü ilə təsadüf edir. Kəşfiyyat qrupuna daxil olan 9 əsgərlə birlikdə Vüqar düşmənin arxa tərəfinə keçərək döyüş tapşırığını yerinə yetirən zaman döyüş yoldaşları ilə birlikdə şəhidlik zirvəsinə ucalır. Həmin qrupun bir əsgərini ağır yaralı halda xilas etmək mümkün olur. Döyüş yoldaşlarının xatirələrində Vüqar vətənpərvər, cəsur, mərd, mədəni, nizam-intizamı sevən bir əsgər kimi yaşayır. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 iyun tarixli 351 nömrəli sərəncamı ilə Səfərov Vüqar Eldar oğlu Azərbaycan Respublikasının «İgidliyə görə» medalı ilə təltif olunub. Allah rəhmət eləsin!

 

 

Şərh yaz