Məni unutma!

Göyçaya nə zaman yolum düşsə, qəbristanlığda doğmalarımın ziyarəti ilə bərabər, “Şəhidlər xiyabanını” da, ziyarət edirəm. Orada da, mənə doğma olan, kiçik yaşlarımdan tanıdığım, məsciddə bir yerdə namaz qıldığım, ailəvi tanışdığımız olan, eyni məktəbdə oxuduğum, cavan şəhidlər yatır. Aşağıda paylaşdığım şəkillərdə, bəziləri məsciddən tanıdığım qardaşlardır. Məsələn, Şəhid Elton və Şəhid Elnur kimi. Bu əzizlərlə biz eyni məsciddə ibadət edirdik, İmam Hüseynə (ə) əza saxlayırdıq. Elton qardaş yaşca məndən böyük olsa da, çox səmimi insan idi. Yadıma gəlir, Elton bazar yolunda dini kitablar satırdı. Mən də tez-tez onun yanına gedirdim. Hətta yadıma gəlir ki, Eltonun satdığı kitabların içində bir “Məfatihul-Cinan” adlı kitab var idi. Çox xoşum gəlirdi «Məfatihul-Cinan»dan. Amma bu kitabı almağa pulum yox idi. Eltona da bildirmirdim ki, mənim bu kitabdan xoşum gəlir. Qorxurdum ki, bilsə, onu mənə hədiyyə edər. Mən də istəmirdim ki, o, zərər etsin. Ona görə də, ona bildirmirdim. Allah – Allah edirdim ki, o “Məfatihul-Cinan” kitabını heç kim almasın. Kitab da ərəb- fars dillərində idi. İlk fürsətdə əlimə pul düşən kimi, qaçıb o kitabı Eltondan almışdım. Elton səhv etmirəmsə, 20 yanvar şəhidlərindən sonra, Göyçaya gətirilən ilk şəhid idi. Eltonun dəfni çox izdihamlı keçmişdi. Hətta deyərdim insanların barmağı üstündə. Yəni, bir var birini çiyində aparırlar, yox, onun dəfnində o qədər insan var idi ki, Eltonu əlimizin üstündə yox, barmaqlarımızın üstündə aparıb dəfn etmişdik.

Şəkildə gördüyünüz Elnur qardaş da, məsciddən tanıdığım, dini təhsil alan, imam-camaat duran, Quran dərsi deyən, əhli-beyti (ə) sevən, nəzakətli, imanlı, ədəbli qardaşımız idi. Şəkildə gördüklərinizdən Mütalib, Kamran, Fuad, Zakir. Bu qardaşlarla mən eyni məktəbdə təhsil almışdım. Onları məktəbdən tanıyırdım. Kamran idmançı idi, Mütalib isə çox istedadlı qardaş. Kiçik qardaşı mənim sinif yoldaşım idi. Yadıma gəlir, biz orta məktəbdə oxuyanda, bizim üçün balaca qıfıllar düzəldərdi, gödəkcənin zamokundan asırdıq. O vaxt çox xoşumuz gəlirdi, Mütalib bunu özü düzəldərdi. Simdən toxunma seplər düzəldərdi. Bu qardaşlar hamısı bir sinifdə oxuyurdular – Kamran, Mütalib, Fuad, Zakir. Və onların şəhid olduğu illərdə biz məscidin nəzdində olan dini mədrəsədə təhsil alırdıq və təhsil aldığımız mədrəsədə də qalırdıq.

Bəzən şəhidləri gecə vaxtı gətirirdilər. Biz gedib şəhidlərin daşınmasında kömək edirdik. Adətən gedib şəhidlərin cənazəsinə baxırdıq. Çox faciəli və çox ürək yandırıcı hadisələr, zamanlar idi və xatirələrdir indi mənim üçün. Bəziləri Murov dağda şəhid olmuşdular. Günlər sonra cənazələri tapılmışdı. Üzləri tanınmaz hala düşmüşdü. Bəziləri yandırılmışdı. Şəkildə gördüyünüz Şəhid Ceyhunla ailəvi tanışlığımız var idi. Bir dəfə də, şəhid gəlmişdi, yadıma gəlir ki, mən tək getdim və şəhidin saxlanıldığı yerə girdim. Şəhidin üzərindəki ağı çəkəndə, gördüm ki, şəhidin qoluna yazılıb “məni unutma“. Öz-özümə və uca səslə dedim ki, “baş üstə, unutmaram səni”.

Şəhidin üzərindəki ağı çəkəndə, gördüm ki, şəhidin qoluna yazılıb “məni unutma“.

Amma üzündən, kim olduğunu tanımadım. Evə qayıtdım. Dedilər ki, Ceyhun şəhid olub. Mən onun şəhid olduğundan xəbərsiz, qolundakı yazını oxumuşdum və “baş üstə” demişdim. Neçə gün özümə gələ bilmirdim. Necə Ceyhunu üzündən tanıya bilməmişdim.

Uşaqlar üçün bu şəhidlər barəsində danışırdım. Ürəyim istədi ki, bu qardaşlar yad olunsun, bəlkə siz əzizlər də, qardaşlara salavat deyərsiz, fatihə oxuyarsız, ən azından “Allah rəhmət eləsin”, deyərsiz.

Bu qardaşlar cavanlıqlarından keçdilər. Məzlum ölkənin məzlum vətəndaşları. Allahdan arzum budur, Allah onları qəriqe rəhməti qərar versin. Allah bütün şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur eləsin. Allah ölkəmizdə günbəgün şəhadət ruhunu, mərdanəlik ruhunu artırsın.Bu elin,bu xalqın düşmənlərini məhv eləsin. Bu cavanların qanının intiqamı olaraq, yad əllərdə qalan torpaqlarımızı geri qaytarmaq örzəsini bizə versin.

Allah rəhmət eləsin!

İlahiyyatçı Cəlal Şəfiyev (https://www.facebook.com/Jalal.Shafiyev/posts/612153142646648)

Şərh yaz