“Anasına ondan xəbər gətirəcəyimə söz verib evdən çıxdım…” – Şəhid zabitimizin atası…

Bu gün 2016-cı il aprel döyüşlərində qəhrəmancasına şəhid olan Baş-leytenant Cavid Gülbaba oğlu Dədəkişiyevin doğum günüdür. C.Dədəkişiyev 1988-cu il iyulun 5-də İmişli rayonunun Qaralar kəndində anadan olub.
Bu münasibətlə danışan şəhidimizin atası Gülbaba Dədəkişiyev şəhid oğlu haqda xatirələrini bölüşüb:
“Bu gün Cavidin doğum günüdür. Şəhid olduğu gündən onun qəhrəmanlığının təbliğatına başlamışam. Bu illər ərzində onu xalqıma tanıda bilmişəmsə, bu mənim üçün böyük təsəllidir. Cavid uşaqlıqdan qabaqcıl uşaq olub. Hətta müəlliməsi də bunu bizə demişdi. Heydər Əliyev adına Ali Hərbi Məktəbdə də qabaqcıl olub. O, evə gələndə toy-bayram abu-havası olurdu. Evdə olanda da özünü elə aparırdı ki, heç elə bil hərbçi deyildi”.
G.Dədəkişiyev on gün Caviddən xəbər tuta bilmədiklərini deyib:
“Aprel döyüşlərində ondan xəbər tuta bilmədik. Aprelin 10-da anasına Caviddən xəbər gətirəcəyimə söz verib evdən çıxdım. Həmin gün də xəbərini aldım, amma evə zəng vurub dedim ki, harda olduğunu sabah biləcəyik. Aprelin 11-də də nəşini gətirib kəndimizdə böyük izdihamla dəfn etdik”.
Mənbə: Moderator.az
Şərh yaz