“Hər deputat bir şəhid haqda film çəkdirsə…” – Politoloqdan təklif

“Bir neçə gün əvvəl Füzuli rayonunda və Horadizdə olduq. 2017-ci ilin bu günü işğalçı Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində 14 aylıq Zöhra Quliyeva və onun nənəsi Sahibə Quliyeva qətlə yetirildilər, yaşadıqları Alxanlı qəsəbəsində evlərinin qarşısında onların xatirəsini andıq. Daha sonra Füzuli rayonunun hərbi hissəsində olduq. Orda da aprel şəhidi Orxan Həmidov haqqında filmi izlədik. Orxanın yaşlı anası Tamilla xanım Bakıdan gələn heyəti evinə dəvət etdi”.

Teleqraf.com xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu məlumat verib.

Ekspert cəbhə bölgəsinə səfərindən təəssüratlarını bölüşüb:

“Birincisi, apreldə döyüşə qatınlanların açıq-aşkar ölümə getdikləri bəlli idi. Şəhidlik zirvəsinə yüksəlmək istəyənlər sanki illər boyu bunun uğrunda yaşayırdılar. Bu ruh ordumuzda qalır, hamı əmr gözləyir.

İkincisi, tanınmış ictimaiyyət nümayəndələrinin cəbhə bölgəsində qulluq edən hərbçilərlə mütəmadi görüşlərə ehtiyac olduğunu yəqin etdim. Ən azı ona görə ki, bizim paytaxt Bakıda və ölkəboyu rahat yaşamamızı onlar təmin edirlər. Bu, yalnız bir və ya bir neçə millət vəkilinin işi olmamalıdır”.

Elxan Şahinoğlu hesab edir ki, işğal probleminin yalnız güc yolu ilə həll mümkündür:

“Bu qənaətə çoxdan gəlmişəm, ancaq cəbhə bölgəsinə səfərim və müşahidələrim bu qənaətimi bir daha gücləndirdi. Azərbaycan hərbçilərinin az qala hamısında Azərbaycan bayrağı olmalıdır ki, qəfil hücum zamanı ələ keçirilən məntəqələrdə bayrağımız dalğalansın.

Aprel qazilərinin cəbhə bölgəsindəki çıxışlarını diqqətlə dinlədim. Onların gözündə də torpaqları qaytarılmasının başqa alternativi olmadığını anladım. Ancaq bu dəfə daha tədbirli olmaq məcburiyyətindəyik.

Beşincisi, Orxan Həmidov haqqında filmin ideya müəllifi millət vəkili Adil Əliyevdir. Bu filmlə Orxan Həmidovun xatirəsi əbədiləşdirildi. Ancaq Orxan kimi şəhidlərimizin sayı çoxdur. Hər millət vəkili bir şəhidin xatirəsini qısametrajlı film yolu ilə əbədiləşdirsə, həm şəhid ailələri, həm də dövlət və millət üçün savab iş görərlər”.

Şərh yaz