Milli Mübarizə məktubu

2010-cu il. 18 iyun. Gecəyə yaxın bir vaxt. Yarıqaranlıq bir otaq. Otaqda bir masa. Masanın arxasında bir igid. Ucaboylu, enlikürəkli. Baxışında qətiyyət, üzündə kölgəli bir sərtlik. Əlində qələm, önündə kağız, yazır. Bu, bir milli mübarizə məktubudur. Şəhidin şəhidlikdən qabaq öz ata-anasına yazdığı bir məktub. 16 cümləlik, 16 sətirlik milli mübarizə məktubu. Bir şəhidin şəhid olmazdan qabaq yaza biləcəyi ən gözəl məktub. Ən dəyərli xatirə. Ən ölməz vəsiyyət. Ən gözəl dərslik və milli mübarizə məktəbi. Yazır və dayanır. Düşünür və yazır. Bir az keçir, məktubu bitirir və ayağa durur. Divardan asılmış əsgər gödəkcəsinə yaxınlaşır. Məktubu qatlayır və gödəkcəsinin döş cibinə qoyur. Silahını götürür və otağı tərk edir. Bir müddət keçir. Növbədə duran əsgərlər düşmən tərəfdə atışma səsləri eşidirlər. Atışma uzun müddət davam edir. Əsgərlər təəccüb içindədir. Nə baş verib? Bir azdan hər yer sakitliyə qərq olur. Səhər açılır. Düşmən tərəfdən həyəcanlı xəbərlər eşidilməyə başlayır. Bir müddət keçir və hər şey aydın olur. Məlum olur ki, Mübariz İbrahimov adında bir gizir gecə düşmən tərəfə keçərək düşmənin onlarla canlı qüvvəsini məhv etdikdən sonra özü də qəhrəmanlıqla şəhid olub. Milli Qəhrəman Mübariz İbrahimovun yazdığı milli mübarizə məktubu – 16 cümlədən ibarət olan bu məktub öz dolğunluğu və yüksək məzmunu ilə seçilir. Məktubda milli-mənəvi keyfiyyətlər ardıcıl şəkildə bir-birini təqib edir və ən gözəl şəkildə tamamlayır. “Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, Cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından, ürəyim sərinlik tapar. İnşallah, şəhid olana kimi bu şərəfsizlərin üstünə gedəcəyəm. Şəhid olsam, ağlamayın, əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”. Şəhidin məktubunda açar sözlər: ata və ana, inşallah, Cənnət, dua, Vətən, ixlas, şəhid, ibadət, sədəqə, seyid, haqq, halallıq.

Mübariz İbrahimovun məktubundakı yüksək dərslərə ötəri bir baxış

Şəhid öz ata-anasına ehtiramla müraciət edir. Onlara “canım atam və anam” deyə müraciət edir. Şəhid öz ata-anasına təskinlik verir. Deyir ki, “məndən sarı darıxmayın” və onlara axirəti xatırladır. Deyir ki, axirətdə görüş labüddür. Mütləq hamı axirətdə bir-biri ilə görüşəcək. “İnşallah, Cənnətdə görüşəcəyik”. Deməli, şəhid Cənnətin var olduğuna inanır və ata-anasına da bunu xatırladır. Şəhid dua həqiqətinə işarə edir. Hamımız dua etməliyik və özü də, bunu daimi şəkildə, bolluca etməliyik. Şəhid bizə tövsiyə edir ki, Vətənin dar günündə dözümsüz olmaq lazımdır. Dözmək olmaz. Mütləq düşmənə qarşı amansız mübarizəyə qalxmaq lazımdır. Şəhid bizə göstərir ki, atdığımız hər bir addım Allah üçün olmalıdır. Bəli, o bilir ki, düşmənin bütün qüvvəsini məhv edib axırına çıxa bilməz. Amma düşünür ki, ən azından, duyduğu bu məsuliyyəti yerinə yetirmiş olur və bu mübarizə şəhid olana qədər davam edir. Bu, amansız bir mübarizədir və özgəsinin torpağına göz dikən düşmən şərəfsizdir. Erməni bizim torpağımıza göz dikib. Bu düşməni məhv etmək lazımdır. Mübarizə mübarizədir. Fərq etməz, necə, nə ilə nəticələnəcəyindən asılı olmayaraq, mübarizə davam etməlidir. Sonu şəhidlik də olar, ya da qazilik. Hər bir halda şəhidlik qələbədir. Zahirdə məğlubiyyət, ölüm olsa belə. Şəhidlik qalibiyyətdir. Şəhidə və şəhidliyə ağlamazlar, əksinə, sevinərlər. Çünki şəhidlik bəşəriyyətin çata biləcəyi ən yüksək mərtəbədir. Şəhidlik ideal və amaldır. Şəhidlik qazancdır, itki deyil. Şəhidlik şərəfdir, iftixardır, qürurdur. Bir xalqın ən yüksək dəyəridir, başucalığıdır. Şəhidlik ölümsüzlükdür. “Allah yolunda öldürülənlərə ölü deməyin. Əksinə, onlar Rəbbləri yanında diridirlər”. Allah Qurani-Kərimdə şəhidləri “əhya” adlandırır. Yəni dirilər, həyylər. Şəhid bizə tövsiyə edir ki, Allaha ibadətlərimizi dəqiq və vaxtında yerinə yetirək. Allahla bağlı vəzifələrimizi yerinə yetirməkdə səhlənkarlığa yol verməyək. Çoxlu sədəqə verək. Çünki sədəqə bəlaları dəf edir, ömrü uzadır, ruzini artırır. İnsan özündən və özündən olanlardan verdikcə yüksəlir. O öz babalarının yolunu gedir, seyid nəvəsi olaraq. O, peyğəmbərimizin nəslindəndir. Onun babalarının hamısı Allah yolunda şəhid olub, Hüseyn ibn Əli kimi. Yəni İmam Hüseyn kimi ulu babası var. O, Allah yolunda şəhidliyin ən yüksək zirvəsində dayanır. İmam Hüseyn şəhidliyin mənasıdır, izahıdır. Allah böyükdür. Yəni “ALLAHU ƏKBƏR”. Allahdan böyük olan ikinci bir varlıq yoxdur. Allah ən uca və ən üstün olandır. Hər kəsdən və hər şeydən. Vətən sağ olsun, övladlarının onu yaşatmağıyla. Övladlarının onun qorunması uğrunda şəhid olmalarıyla Vətən sağ olsun. Şəhidlərin sayəsində Vətən sağ olsun. Qeyrətli, igid mübariz oğulların sayəsində Vətən sağ olsun. Vətənin uşaqları, qadınları, qocaları rahat yatsınlar. Vətən işıqlansın, şəhidlərin işığı ilə, nuru ilə. Vətən yaşasın, şəhidlərin qanı ilə. Ey ata-ana! Düşmənə sarı gedən bu sarsılmaz igid sizin oğlunuzdur. Mübarizdir. Haqqınızı ona halal edin. Onu böyütdünüz, boya-başa çatdırdınız, haqqınızı ona halal edin.

Müəllif: Dilman Şahmərdanlı

18 iyun 2018-ci il

Şərh yaz