Qarabağ qazisi: Bunu etməsək, şəhidlərimizin ruhu bizi bağışlamayacaq

12 iyun Qarabağ müharibəsi tarixinə Ordumuzun zəfər yürüşünün başlanğıcı kimi yazılıb. 1992-ci ilin bu günü Silahlı Qüvvələrimiz düşmənlə necə rəftar etməyin ən gözəl nümunəsini yaratdı. Bir gün ərzində Ağdam istiamətində düşmən nəzarətində olan bir neçə mühüm yaşayış məntəqəsi azad edildi. Sabahısı gün (13 iyunda) isə Qarabağın şimalında düşmən nəzarətində olan bütöv bir rayon azad edildi.

Sonrakı 30-40 gün ərzində Dağlıq Qarabağın təxminən üçdə biri Ordumuzun nəzarətində idi. Düşünürəm ki, həmin vaxt bu qara yaranı birdəfəlik kəsib atmağa çox yaxın idik…

Amma yenə də təəssüflər. Hər yandan düşmənlər, vətən xainləri, sabotajçılar və s. baş qaldırdılar. Ordumuzun zəfər yürüşü əvvəl ləngiməyə, daha sonra üzücü gözləmə vəziyyətinə keçdi. 1993-cü ilin əvvəllərindən isə tədricən gerilədik…

Keçən dövrə bir daha nəzər salanda bircə şey aydın görünür: düşmənə amansız və sarsıdıcı zərbə vurmadan heç nə mümkün deyil. Bunu etməsək, nə yurdlarımıza dönə biləcəyik, nə də şəhidlərimizin ruhu bizi bağışlayacaq.

Ərşad Hüseynov

Qarabağ müharibəsi veteranı, hüquqşünas

Şərh yaz