Tanrının 54 gün sonra göndərdiyi mükafat

Mayın 23-ü atamın erməni mühasirəsindən çıxdığı gündür.

1993-cü ildə 54 gün davam edən ayrılığın, həsrətin, nisgilin bitdiyi gündür 23 may. Həmin gün Tanrının bizi – Laçın rayonunun ucqar Oğuldərə kənd məktəbinin Moskva və Bakıda ali təhsil almış müəllimi Əli Əliyevin 6 körpə balasını, ahıl anasını, zəhmətkeş həyat yoldaşını, qardaş dərdindən dodaqları cadar-cadar olan qardaşını, bacılarını – unutmadığına əmin olmuşdum. Torpağımızı, evimizi, bütün var-dövlətimizi itirməyimizə baxmayaraq biz Tanrının nəzərində və pənahındaydıq. Böyük Yaradan bizə rəhm etmişdi, atamızı sanki qeybdən yenidən yaratmışdı.

Bəli, məhz qeybdən yaratmışdı. Axı 54 gün atamı gördüm deyən olmamışdı. Tanrı atamı 54 gün balalarından, doğmalarından gizlətmişdi, amma bu rəhmli, düşmən gülləsindən qorumaq niyyətli və sonu sevinclə bitən gizlətmək idi. Elə bir gizlətmək ki, 54 gün Laçın, Kəlbəcər, Gorus dağlarında düşmən atamgili görə bilməmişdi və mayın 23-də günəş bizim üçün doğmuşdu…

Düşmən istilasına məruz qalan, hər şeyi əlindən alınan bir məcburi köçkün ailəsi olaraq bizi qarşıda çox çətin günlər gözləyirdi, bunu da bilirdik. Amma Tanrı bizi bu çətinliklərin öhdəsindən gəlmək üçün həm də mükafatlandırmışdı – atamı 54 gündən sonra bizə bəxş etməklə. Belə də oldu…

Əslində, bizim ailə 24 il mayın 23-nü atamın doğum günü, bayram kimi qeyd edib. Bunun 22-də atam iştirak edib – onu 2016-cı ilin fevralın 14-də avtomobil vurana, komaya düşənə qədər. Atamın iki ad günü isə onun komada olduğu dövrdə təqvimə yazılıb. Biz onu görmüşük, xəstəxana palatasında başına toplanmışıq, çarpayı başında onu bizə yenidən qaytardığına görə Tanrıya şükür etmişik, o, bizi eşidib, atam danışa bilməsə də gözləri ilə Tanrıya minnətdarlığını çatdırıb… Mən bunu görmüşəm. Tanrı da atamı eşidib…

Elə atam və mühasirədə qalan digər 18 nəfər də həmin günü yenidən doğulmaları, əsl ad günləri kimi qeyd edirdilər və bu çox qəribə məclis olurdu. Təsəvvür edin, 1946-cı ildə anadan olmuş insan öz doğum tarixini 1993-cü ilin may ayının 23-dən hesablayırdı və bütün badələr “Yenidən doğulmağımızın şərəfinə” nidası ilə qaldırılırdı…

Mühasirə yoldaşlarının bir-birinə münasibəti də başqa cür olur. Bu nə dostluqdu, nə qohumluq, nə əsgər yoldaşlığı, nə qardaşlıq. Atam və mühasirə yoldaşları bir-birinə sanki tanrıları, xilaskarları kimi baxırdılar.

Biz bu günü – atamın ikinci doğum gününü yenə də qeyd edirik, onunla görüşə gedirik. Zaman və məkan dəyişib… Amma yenə də Yaradana minnətdarlıqla…

1993-cü ilin mayın 23-dəki BÖYÜK mükafatına görə şükrümüz Tanrı dərgahına qədər bizimlə olacaq…

Ata, doğum günün mübarək!

Atam “54 gün erməni mühasirəsində” kitabında yazır:

“İşıqlaşırdı, dan yeri sökülürdü. Çayın qırağında tək ağac, üst tərəfdə isə bir dəmir güclə görünürdü. Əlimdə ağ bayraq tutmuşdum. Hamı bir-birinin ardınca muncuq kimi düzülmüşdü, gedirdik. Postun bərabərinə çatar-çatmaz çağırdıq:

– Ey postdakılar, siz kimsiz? Biz azərbaycanlıyıq. Ermənisizsə, bizə güllə atmayın! Təslimik.

Post cavab vermədi. Bir anın içində başlar göründü və yox oldu. Deməli, keşikçi dəstəsi silahı bizə tuşlayıb, bizi nişan alıb. Hər an güllə açıla bilər və bizi qırarlar. Bizim gizlənməyə, daldalanmağa heç bir yerimiz yoxdu. Çaydan aralı, dağın döşündəydik.

Yenə də çağırdıq:

– Bizə güllə atmayın. Ermənisizsə, sizə təslimik. Bizə güllə atmayın. Biz azərbaycanlıyıq.

Çağıra-çağıra nə qədər cəld yeriyə, qaça biliriksə, o qədər də gedirdik. Post isə cavab vermirdi ki, vermirdi.

Xeyli gəlmişdik, nəhayət ki, postdan cavab gəldi:

– Biz də azərbaycanlıyıq, qorxmayın, gəlin.

Qorxurduq. Hey çağırırdıq:

– Ey qardaşlar, balalar, fikrinizi dolaşdırmayın, bizə güllə atmayın, erməni olsanız, sizə təslimik. Azərbaycanlısızsa, bizə kömək eləyin.

Postdan yenə də cavab gəldi:

– Azərbaycanlıyıq!

Mən təkbir gətirdim:

– Allahu-Əkbər!

Yoldaşlar səsimə səs verdilər:

– Allahu-Əkbər!

– Ya Əli!

– Ya Əli!

Postdan yenə cavab verdilər ki, qorxmayın, gəlin, körpüyə tərəf enin, sizi qarşılayacağıq.

Qorxudan ölürdük, amma nə etmək olar, ayrı çıxış yolu yoxdu. Qazıdərəsi körpüsünə yaxınlaşanda ağ bayrağı, ağ torbanı yerə atdıq. Şakir İsgəndərov cibindən bir milli bayraq çıxartdı, yenə də həmin söyüd ağacına bağladıq, yenə də mən götürdüm və körpüyə tərəf yeridik.

Post nizamnaməyə uyğun hərəkət edirdi. Bir nəfər körpünün biz tərəfində dayanmışdı – ayaq üstdə, avtomat sinəsində, barmağı çaxmaqda. Qalan əsgərlər isə müdafiə yerində gizlənib bizi izləyirdilər.

Əsgər dedi ki, xahiş edirəm inciməyin, qaydalara əməl etməliyəm, kimdə sənəd var, irəli gəlsin. Əlimi qoltuq cibimə saldım və oradan qara üzlük çəkilmiş sovet pasportumu çıxartdım, pasport əlimdə irəli yeridim və həmin əsgərə verdim.

Pasportu açdı. Oxudu və dedi:

– Xoş gəlmisiz.

Əsgər bizi qucaqladı. Əsgərlər bizə tərəf yüyürdülər. Hamı boynumuzu qucaqlayır, bizi öpür, öz doğması kimi qəbul edirdi. Kimi su gətirir, kimi qolumuzdan tutub oturmağa kömək edir, kimi qaça-qaça vaqondan çörək gətirir, kimi siqaret yandırırdı.

Əsgərlər bizi görəndə ağladılar. Biz isə ağlamırdıq. Ağlamaq balaca sözdür. Üzümüz aşağı bəlkə on yerdən yaş axırdı. Sağ qaldığımıza, erməni mühasirəsindən çıxıb özümüzkülərə qovuşduğumuza inana bilmirdik, bizə yuxu kimi gəlirdi. Bir-birimizə gözaydınlığı verirdik.

54 gündən sonra, 1993-cü il mayın 23-də, səhər saat 5.30-da mühasirədən çıxmışdıq”. (novator.az)

İmdad Əlizadə

Şərh yaz