“Erməniləri susdur, sonra gəl” – əsgər atası

Paşanyanın Şuşada kabab yeyib, araqdan vurandan sonra yallı gedərək acıq verməsi mənə çox pis təsir edib. Neçə gündür bu barədə yazmaq istəyirdim. Amma nədənsə sadəcə əsəbdən doğan sözlərin olacağını ehtimal edərək yazmırdım. Amma dünən rast gəldiyim bir status bu yazını yazmağa vadar etdi məni. Statusu yazan universitet müəllimin, Jurnalistika fakültəsini əvəzolunmaz insanı Əli Hacıyev idi. Artıq onu sosial şəbəkədə tanıyanlar bilir ki, oğlu Elbəy hərbi xidmətdədir. Demək olar ki, hər gün Əli müəllim Elbəyin gələcəyi günləri sayırdı. Amma Əli müəllimin sonuncu statusu tamamilə fərqli idi. “Bu gündən Elbəyin günlərini saymıram. Özünə də deyəcəm zəng edəndə ki, erməniləri susdurmamış gəlməyin.

P.S. Əsgər atası”

Məncə Paşanyanın ən layiqli cavabı bu cümlədir. Bəlkə də Xarici İşlər Nazirliyi 5 səhifədən ibarət rəsmi bəyanat yayıb, müxtəlif şəxslər açıqlamalar veriblər. Amma bu bir cümlənin altında böyük bir məna yatır. Burda həm qeyrət, həm ləyaqət, həm cəsarət, həm də mübarizlik var. Burada əsgər atalarının timsalında Əli müəllim ən mükəmməl cavabı verir.

Təbii ki, Paşanyanın yediyi kababı, içdiyi arağı burnundan gətirmək gücünə malik olan Elbəylərdir. Amma ən əsası gərək o Elbəyin arxasında “gəlmə” deyə bilən atalar, analar olsun. Bu statusda bir məqam da diqqətimi çəkdi. “Susdur və gəl!” Əli müəllim Elbəyi yenə gözləyir. Amma daha gün saymır. Onun yeganə arzusu ermənilərin susmasıdır. Çünki Paşanyanın yallı səsi onu dinc qoymur.

P.S. Əli müəllim Elbəy düşməni susduracaq. Buna həm onun fiziki gücü, həm vətənpərvərlik ruhu, həm də sizin kimi qeyrətli atasının olması imkan verir.

Orxan Əli

Şərh yaz