“Aprel” sən gəldin…

“Aprel” sən gəldin. Gəlişinlə acı xəbərləri də sürüdün arxanca. Bilirsənmi ki, bundan sonra sən bizim matəm, həm də şərəf ayımız oldun?! Aylarla, həsrətlə gözünü övlad yoluna zilləyən anaların ümidlərini qırdın. Onlar, balalarının boynunu qucaqlayıb doya-doya öpəcəkdilər … Amma bayrağa bükülü tabutlarına sarıldılar, analar!
Atalar da var. Şəhid ataları. Sənə onlardan da danışımmı? Belləri qırılan, dərddən qamətləri bükülən atalar. Onlar illərlə oğul boyütdülər. Çox çətinliklə, zəhmətlə arxa dayaq olacaq ümidilə və bir gün, onların bu gözləntisi bir xəbərlə məhv oldu.

Sənə şəhid xanımlarından danışım?! Ömürlük həsrətə saldığın, xoşbəxtliklərini aldığın, gəlinlər və qızlardan?
Bir də balalar. Şəhidlərin atasız qalmış məsum balaları. Bizlər rahat yaşayaq deyə onlar atasız qaldılar. Sən bax bu acılarla gəldin! Amma qürur duyduq, bilirsən? Onlar qanları canları bahasına çoxumuzun əlçatmaz arzularını gerçəkləşdirdilər.

İndi də o dəhşətin acısını çəkən, gözünü, əl ayağını itirən qazilərimiz var. Biz, əsrlərlə qəhrəmanlar doğan qeyrətli vətənin balalarıyıq. Bizim Babəkdən tutmuş Mübarizə qədər gör nə qədər igidlərimiz olub?! Çünki torpağın vətən olması üçün onun uğrunda canını heçə sayan oğullar olmalıdır. Olub, olacaq da! Mən də bu gün şəhid qardaş-bacılarımızın qanının yerdə qalmaması üçün əlimdən gələni edirəm. Bəlkə də dənizdə bir damlayam. Amma bu damlalar yığışıb bir sel olacaq. Qisasımızı alacağıq. Bizlər qeyrət və şərəf timsalı olan İmam Hüseyn (ə) məktəbi keçmiş nəsilik.

Bizlər varıq, olacağıq, qalacağıq, artacağıq!

🖍  NURANƏ ƏLIYEVA

 Mübarizim

Şərh yaz