“Atam o yaralardan heç vaxt ölə bilməzdi” – Şəhid Allahverdi Bağırovun oğlu

Şəhid komandir, Allahverdi Bağırovun oğlu Elşən Bağırovla çox maraqlı müsahibə.

– Ermənilərin yazdığı məktub hara yoxa çıxdı?

Allahverdi Bağırovun döyüş yoluna nəzər salaq. Siz onun fəaliyyətini necə dəyərləndirirsiniz? -1991-ci ilin sonlarından müharibənin tempi dəyişdi. Ermənilər rus qoşunlarının köməyilə yaxşı silahlanmışdılar, texnikaları da vardı. Ağdam bölgəsində isə texnika olan hərbi hissələrin sayı çox az idi. Hətta silah, döyüş sursatları da çatmırdı. Öz pulları, vəsaitləri hesabına silah, patron alırdılar. Yanvar ayında uğurlu əməliyyatları olub. 150 nəfərlə Əsgərana qədər hücuma keçiblər. Lakin kömək gəlmədiyinə görə, Ağdama qayıtmalı olublar.

– Əminiz Eldar Bağırovun kimlər qətlə yetirdi və səbəb nə idi?

Siyasi sifariş idi. Qətlə yetirilən gün Eldar əmimin cibində məktub olub. Həmin məktubu Milli Məclisə aparırdı. Məktub ermənilərin ağsaqqaları tərfindən yazılmış, erməni kəndlərinin sakinləri tərəfindən imzalanıb, möhürlənmişdi. Məktubda qeyd olunmuşdu ki, “Biz Azərbaycan Respublikasının tərkibində qalmaq istəyirik. Xahiş edirik, Azərbaycan Respublikasının hökuməti öz qoşunlarını bura yeritsin və bizi erməni daşnaklarından qorusunlar”. Əmim qətlə yetirilən gün həmin məktub onun üzərindən yox olmuşdu. O məktub Qarabağı ermənilərə vermək istəyən siyasətçilərə sərf etmirdi.

– Bəs necə oldu ki, atanız aktiv döyüş fəaliyyətinə başladı?

Eldar əmim qətlə yetiriləndən sonra Xalq Cəbhəsi toplaşıb, atamın namizədliyini irəli sürdülər. Deyiblər ki, “Qardaşından sonra bu vəzifəni yalnız sən yerinə yetirə bilərsən”. Daha sonra rəsmi olaraq özünümüdafiə batolyonu yarandı, atam da həmin batolyonun komandiri oldu.

– Ağdam necə işğal edildi?

Atam Allahverdi Bağırov, Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyev şəhid oldular; “Ala Yaqub” deyilən Yaqub Rzayev (Qatır Məmməd) Bakıya gətirildi, orada müəmmalı şəkildə vəfat etdi. Milli Qəhrəmanımız Asif Məhərrəmov (Fred Asif) döyüşlərdə aldığı yaralardan əziyyət çəkdiyi üçün hərbi hissəyə rəhbərilik edə bilmirdi. O vaxt 708 saylı nizami hərbi hissə bir neçə uğurlu döyüşlər apardı. Onların sayəsində ermənilər Ağdama daxil ola bilmirdilər. Lakin həmin hərbi hissəni başqa yerə istiqamətləndirdilər. Və Ağdama 709-cu hərbi hissə – Surət Hüseynovun birqadası daxil oldu. Bundan sonra Ağdam gözümüzün qarışısında getdi. Mən öz gözlərimlə gördüm ki, Surət Hüseynovun 709 saylı hərbi hissəsinin maşınları camaatın əşylarını – mebel, soyducu, televizor, xalçalarını Ağdamdan daşıyıb aparırdılar.

– Allahverdi Bağırovun döyüşlərini necə xatırlayırsınız?

Çox döyüşləri olub, mən hamısında iştirak etməmişəm. Ermənilər bizə hücuma keçəndə Qarağacı qəbirstanlığında “Ala Yaqub”a köməyə getmişidik. Ağdamın Şelli kəndində, Mantar dağında bizim postumuz olub. Ermənilər dəfələrlə ora hücum etdilər, amma qarşılarını aldıq. Ən yaddaqalan döyüşümüz isə iyunun 12-də oldu. Həmin gün atam minaya düşərək, şəhid oldu. Bundan sonra açığını desəm, mən döyüşlərdə iştirak etməmişəm. Yəni irəlidə getməmişəm, rabitəçi olmuşam. “Atam o yaralardan ölə bilməzdi”

– Atanınızın ölümündə hansısa müəmmalı məqam var idimi?

Sizə bir məqamı deyim, özünüz nəticə çıxarın. Biz hücuma keçməklə bağlı xeyli müddət əmr gözlədik. Əmr verilən kimi hücuma keçdik. Qarşımızda bir minatəmizləyən maşın, onun arxasınca iki “T-72” tankı gedirdi. Daha sonra isə əsgərlərimiz hücuma keçirdilər. Həmin yolu 3 hərbi texnika vahidi, ardınca “Qaz-66” markalı maşın keçdi. Dəqiq yadımdadır ki, həmin maşını Bəylər Bəylərov idarə edirdi. Maşının sol təkəri minaya düşdü. O boyda, o ağırlıqda maşını mina yolun qırağına atdı. Maşının içərisində arxa tərəfdə iki nəfər vardı, “AQS-17” tipli qumbaraatanla gedirdilər. Onlar “kantuziya” aldılar. Nizami adlı həkimimiz də “Qaz-66”da minaya düşmüşdü. Döyüşdən sonra atamgil “UAZ”-la qayıdan zaman həmin partlamış maşının yanında saxladılar. Atam deyib ki, “Balaca bir minaya baxın, görün, bu böyüklükdə maşını külə döndərib”. Elə bu sözü deyib tərpənəndə atamın da maşını minaya düşüb. Mina sol tərəfdə partlamışdı. Dalğa atamı maşından kənara atmış, sonra maşın atamın üstünə aşmışdı. Atam elə də ağır yaralanmamışdı. Başının arxasından balaca bir yara alımışdı, bir də qolunun dərisi sıyrılmışdı. Yəqin ki, maşının altından çıxmaq istəyirmiş. Mən elə başa düşürəm ki, atam o yaralardan heç vaxt ölə bilməzdi… Bu xəbərə heç kim inanmırdı, yaxud, inanmaq istəmirdi. O vaxt mobil telefon, internet yox idi. Bir xəbərin gəlməsi üçün xeyli vaxt lazım idi. Biz Ağdamdan xeyli aralıda – Naxçıvanik, Arənzəmin, Pircamal kəndlərində idik. Ayın 13-ü, günorta saat 4-5 olardı, xəbər gəldi…

– Sizə atanızın ölüm xəbərini necə verdilər?

Dedilər ki, atan yaralıdır və hospitaldadır.

– Bəs atanızı sağ gördünüzmü?

Hospitalın qarşından düz keçdik. Soruşdum ki, niyə hospitala dönmədiniz? Cavab verdilər ki, Ağcabədiyə gedək. Atamın bacısıgil orada olurdular. Ora çatanda gördüm ki, mağar qurulub və hər şeyi başa düşdüm. Yas mərasimindən sonra biz hadisə yerinə getdik. Gördük ki, atamgilin olduğu maşının bütün hissələrini söküb aparıblar. Təkcə mühərrikin alt hissəsini tapdıq. Bütün “val” əyilmişdi. Görünürdü ki, zərbə dalğası aşağıdan, sol tərəfdən olub…

– Yəni ki, mina maşına yerləşdirilibmiş?

Ola bilər. Çünki həmin yolla atamgildən qabaq bir neçə maşın keçmişdi. Bəs niyə onlar da minaya düşmədilər? Bunu müəyyənləşdirmək üçün ekspertiza təyin olunmalı idi. Amma müstləntiq döyüş bölgəsinə gəlib, o maşına baxana qədər artıq onun bütün hissələri yox olmuşdu. Hətta maşının yerini dəyişib, dərəyə atmışdılar.

– Son nəfəsində atanızın yanında kim olub?

Maşının arxa hissəsində 3 nəfər oturmuşdu. Onlar sağ çıxıblar. Atam və sürcü isə şəhid olub. Atamın dəfninə çata bilmədim. Həmin gün ermənilər Ağdamı şiddətli atəşə tutur, bizdən heyf almaq istəyirdilr. Çünki xeyli sayda kəndlərimizi geri qaytarmışdıq. Yay vaxtı idi. Heç gözləmədilər, atamın cənazəsini aparıb Ağdamın Şəhidlər Xiyabanında dəfn etdilər…

– Bir övlad kimi intuisiyanız sizə nə deyir?

Mən atamın erməni minasından öldüyünə 50 faiz inanıram. İstisna etmirəm ki, atamın yanında kimsə olub və ona bu dünyanı tez tərk etməkdə “kömək edib”.

– Maşının axasında əyləşən şəxslər atanızın son nəfəsini verdiyi anları necə xatırlayırlar?

Onlardan biri atamın bacısı oğlu Rövşən idi. O, partlayışdan sonra tez ayılıb. Atamın üstünə düşən maşını qaldırmaq istəyib. Digər iki nəfər isə ağır xəsarət alıb və hospitalda ayılıblar. Heç nə xatırlamırdılar. Sürücü isə hadisə yerindəcə dünyasını dəyişibmiş. Həkimin dediyinə görə, atam da hospitala çatdırılanda artıq dünyasını dəyişibmiş. Bədəni soyumamışdı, amma həyat əlamətləri yox idi. “Bu, kişi söhbəti deyil”

– Atanız döyüşlər zamanı sizə nə tapşırıq verirdi?

Bircə kəlmə deyirdi ki, “Məndən geri qalma”. Çünki mən onun şəxsi rabitəçisi idim. Təxminən 15 kilo ağırlığında ratsiya daşıyırdım.

– Atanız o vaxtı kimlərlə daha çox əlaqə saxlayırdı? Ona kimlər göstəriş verirdi?

O vaxt Ağdamda döyüşləri, qoşunları Dadaş Rzayev idarə edirdi. Atam ona deyirdi ki, “Bəsdir artıq bu iclaslarda oturduq. Bizə iclas lazım deyil. Bizə texnika, silah və peşəkar zabitlər lazımdır”.

– Axırıncı əməliyyata – yəni atanızın minaya düşdüyü döyüşə də onu Dadaş Rzayev göndərmişdi?

O vaxt artıq 708 saylı hərbi hissə yaranmışdı, “Tank birqadası” adlanırdı. Sonradan adını dəyişdilər. Oranın ilk komandiri Elxan Orucov olmuşdu. Bu əməliyyatı da onlar təşkil eləmişdilər.

– Atanız şəhid olduğu o maşınla hara gedirdi?

O vaxt “Uzundərə” deyilən yerdə ruslara məxsus silah anbarları yerləşirdi. “708”-in qərargahı da orada idi. Atam tapşırıq dalınca ora gedirdi. Şirin Mirzəyev, Asif Məhərrəmov da ora gedirdilər…

– Atanız ölümlə bağlı nə düşünürdü?

Ölüm barədə düşünmürdü. Bircə onu deyirdi ki, “Qarabağı azad edək”.

– Onun erməni əsirliyindən xilas etdiyi Xocalı sakinlərinin dəqiq sayı neçədir?

Yazırlar ki, guya atam 1003 nəfəri erməni əsirlyindən azad edib. Bu rəqəm düzgün deyil. Atam 1500-dən artıq Xocalı sakinini əsirlikdən azad edib.

– Necə yəni azad edib?

Onları erməni əsirliyindən geri qaytarıb. Atam ermənilərlə, xüsusilə erməni polkovnik Vitali Balasyana zəng edib deyirdi ki, “Vitali, bu soyadlarda olan filankəslər bir saatdan sonra 9-cu postda olmalıdır”. Vitali də həmin vaxt əsir saxladıqları Xocalı sakinləri geri qaytarırdı. Bir dəfə atam əsirləri dəyişəndə məni də özü ilə aparmışdı. Həmin vaxt Vitalini görmüşdüm. Onlar müharibədən xeyli qabaq bir-birlərini tanıyıblar. Hətta çörək kəsmiş insanlar kimi söhbət edirdilər. Ancaq Xocalı hadisələrindən sonra atamın Vitaliyə qarşı münasibəti tamamilə dəyişdi. Ona çox sərt yanaşmağa başladı. Demişdi ki, “Bu, kişi söhbəti deyil, Vitali, başa düşürük ki, kişinin işi-peşəsi müharibədir. Bəs qadın, uşaq, yaşlıların günahı nə idi?” Vitali də tula kimi atamın arxasınca düşüb, deyirdi ki, “Allahverdi, vallah, biz eləməmişik, bunu Qarabağ erməniləri törətməyib, İrəvandan gəlmə ermənilər ediblər”. Eldar əmimin qətlə yetirilməsi atamı qocaltmışdı, Xocalı hadisələrindən sonra elə bil, atam 15-20 il də qocaldı. O vaxt SSRİ pasportu üçün 45 yaşda şəkil dəyişdirildi. Həmin şəkil məndə var, baxanda görürdüm ki, atam cavan oğlandır. Amma bir il sonra dünyasını dəyişəndə ağsaqqala oxşayırdı… “Ermənilər cəsədlərdən körpü düzəltmişdilər”

– Atanızın əsirləri dəyişdirməsilə bağlı qəribə fikirlər səsləndirilir. Əsirləri pulla dəyişdirdiyini deyənlər də var… Bu, nə dərəcədə həqiqəti əks etdirir?

Bizdə üzdəniraq, boş-boş danışan adamlar çoxdur. Çox şeylər yazırlar, pozurlar. Sosial şəbəklərdə bəzən oxuyuram ki, guya “Allahverdi pul alıb, əsirləri dəyişdirib”. O kəslərə bircə kəlmə sual verirəm: Xocalıdan ayaqyalın qaçıb zorla canını qurtaranlarda pul haradan idi ki, gətirib, atama versin?! Mənim atam kişi olub. Heç vaxt onun yanında elə söhbət ola bilməzdi. Bir dəfə bir gəlin elə təklif etmişdi, atam demişdi ki, “Sən gəlinsən deyə, heç nə demirəm. Dur, get buradan. Sənə demişəm ki, həyat yoldaşını dəyişdirib, geri qaytaracağam”. Bu söhbəti mən özüm eşitmişəm. Atam demişdi ki, “Kim bura belə təkliflə gəlsə, kişi olsa, güllə ilə vuracağam. Qadın olduğuna görə sənə söz demirəm”. Və həmin qadının həyat yoldaşını erməni əsirliyindən geri qaytarmışdı. O şəxs, səhv etmirəmsə, Xocavənddə əsir düşmüşdü. Həmin vaxt çəkilmiş şəkil də var. Atam hətta iki erməninin meyitini 20-30 nəfər canlı azərbaycanlı ilə dəyişmişdi.

– Bəs bu söhbətləri kimlər yayır?

Bir dəfə bir zabit bu barədə sosial şəbəkədə yazmışdı. Onunla xeyli söhbətləşdik. Dedi ki, mən də o vaxtlar bu barədə eşitmişəm. Dedim ki, indi mən də sənin haqında nəsə eşitsəm və onu bəzəyib yazsam, sənin xoşuna gələr? Deyir ki, xoşuma gəlməz. Dedim, bəs niyə yazırsan? Bu adam artıq şəhid olub. Ondan əl çəkin də!

– Allahverdi Bağırovun ermənilərlə yaxın dostluğu olubmu?

Qarabağ ərazisində yaşayan azərbaycanlardan hansının erməni dostu olmayıb?! Azərbaycanlılar ermənilərlə dostluq da ediblər, qonaq da gediblər, ermənilərin tut arağını da içiblər, donuz kababını da yeyiblər. Nə oldu, bu erməni dostluğu məsələsi gəlib, bizim başımızda çatladı??

– Xocalı hadisəsi baş verəndə Allahverdi Bağırov harda idi, nə işlə məşğul idi?

Həmin vaxt onlar əks hücuma keçmişdilər, nəticədə Naxçıvanik-Şelli istiqamətində Xocalıdan xeyli insan sağ-salamat gəlmişdi. Çingiz Mustafayevdən iki gün öncə Seyidağa Mövsümlü orada çəkiliş aparmışdı. Bütün bunları atam təşkil etmişdi. Ermənilər eyforiyada idilər. Özlərini itirmişdilər ki, Xocalını alıblar. O vaxt Seyidağa Mövsümlü Əsgəranı keçib, Xocalı tərəfdə çəkiliş etmişdi. Ermənilər buna icazə vermişdilər. O da hər şeyi – camaatın necə qətlə yetirildiyi, Qar-qar çayı boyu düzülən meyitləri çəkmişdi. Ermənilər sonradan başa düşdülər ki, çəkilişə icazə verdiklərinə görə böyük bir siyasi səhv buraxıblar. O vaxtlar gecəgörmə cihazları yox idi. Hamı səhərin açılmasını gözləyib. Səhər açılanda bəlli olub ki, ermənilər Xocalı sakinlərinin izinə düşüb, qovublar. Hətta ermənilər 70-80 nəfər Xocalı sakinini özləri ilə aparıblar ki, qarşıdakı bataqlığı keçmək üçün güllələyib, cəsədlərindən körpü düzəltsinlər. Niyə bu barədə danışmırlar? Hələ də bilinmir ki, həmin 70-80 nəfər Xocalı sakini indi haradadır…

– Bəs təşkil edilən əks hücumun bir nəticəsi olmadı?

Xeyli Xocalı sakinini xilas etdilər. Xocalıların xətirlərinə dəyməsin, çox vaxt deyirlər ki, “Ağdamlılar köməyə gəlmədilər”. Axı ağdamlılar necə köməyə gələ bilərdi? Ağdamla Xocalının arasında Əsgəran rayonu var. Həm də, bu, rəhbərlik tərəfindən təşkil olunmalı idi. Heç kim öz başına deyildi ki, qoşun yığıb gedəydi. Bəs Allahverdinin, “Ala Yaqub”un mövqelərini kim qoruyacaqdı?

– Xocalı əsirlərinin geri alınması ilə bağlı Allahverdi Bağırova yuxarıdan kimsə göstəriş verirdi? Yoxsa özbaşına edirdi?

Özbaşına etmirdi. Hətta Bakıda türmələrdən azad edilib gətirilən ermənilər də vardı, onları da dəyişirdilər. Mən atamın bununla bağlı kiminlə əlaqə saxladığını dəqiq deyə bilmərəm.

– Xocalı hadisəsindən sonra yəqin, atanızla söhbət etdiniz. Bu hadisə barədə nə deyirdi?

Atamla heç gündə bir dəfə də olsun, rahat oturub söhbət edə bilmirdik. Elə günlər olurdu ki, 3 dəfə gedib ermənilərə görüşürdü, əsirlikdən azad olunmalı şəxslərin siyahısını onlara verirdi. Gecələr o qədər yorğun olurdu ki, yemək də yemirdi. Deyirdi ki, mənim yerimi hazırlayın, yatım, səhər tezdən getməliyəm. Bəzən mənə deyirdi ki, ermənilərin bu qədər qəddar və murdar bir millət olduğunu bilmirdim, müharibə hər şeyi açıb göstərdi”. Həmişə tapşırırdı ki, əsirləri incitmək lazım deyil, sonra onlar da gedib bizim əsirlərimizi incidəcəklər. Döyüşdə vurun öldürün, amma qarətçilik olmasın, əsirlərə zülm verməyin.

– Allahverdi Bağırov kimi qəhrmanları olan Ağdam necə işğal oluna bilərdi?

Yəqin, nəsə gizli bir plan olub ki, Ağdam işğal edilməlidir. Ağdamlıların torpağı erməniyə vermək fikri olsaydı, 6 mindən artıq şəhid verməzdik. 1992-ci iln may ayında Surət Hüseynov Ağdama gəlmək istəyəndə atam imkan verməmişdi. Deməli, atam onu yaxşı tanıyırmış. O, çox danışan adam deyildi, sirləri ürəyində saxlayırdı. Fikirləşirəm ki, iyunun 12-də atam şəhid olub, 15-də Çingiz Mustafayev, 19-da Şirin Mirzəyev… Xocalı soyqrımı, vertolyot qəzası ilə bağlı həqiqətləri bilən 3 nəfər bir həftə ərzində dünyasını dəyişib. Qarakənd səmasında baş verən qəzanın yerinə birinci onlar gedib çıxmışdılar. Yaqub Razyev də orada olub. Onu da başqa yolla Qarabağ zonasından uzaqlaşdırıblar. Görənləri bir-bir aradan çıxarıblar.

– Ermənilərlə görüşə gedən zaman atanızın yanında neçə nəfər olurdu?

Makismum 5-6 nəfər. Bəzən kiməsə ailəsini görmək üçün atamdan xahiş edirdi və onlarla birlikdə gedirdilər. Ermənilər deyirdilər ki, silahsız gəlin. Onlardan qorxurdular. Hətta bir dəfə mən də onlarla getmişdim. Bizimkilərə dedilər ki, cəld hərəkətlər etməyin, sizi snayperlər izləyir. Atamın üstündə həmişə “Makorov” tapançası olurdu, amma əsirləri dəyişən zaman hətta onu da özü ilə götürmürdü. Ermənilərin isə hər birinin üstündə silah olurdu. Hətta bir dəfə əsir dəyişəməyə gedən zaman onların Ağdam-Əsgəran trasına yaxın döyüş postu ilə üzbəüz yerə 20-yə yaxın əlisilahlı, sarışın, ucaboy erməni gəlmişdi.

Mənbə: AzVizion.az

Şərh yaz