Şəhidlər xiyabanından başlayan şəhidlik yolu

1992-ci ilin bir payız günü İsmayıl Şəhidlər xiyabanına getmişdi. Şəkilləri soyuq məzar daşından boylanan cavanların nakam taleyi, xiyabanın ətrafında Qarabağ uğrunda döyüşlərdə şəhid olanların məzarları onu necə duyğulandırmışdısa, qayıdan kimi könüllü olaraq Milli Ordu sıralarına yazılıb döyüş bölgəsinə yola düşdü.

Heç kimin dediyini eşitmədən… Heç kimin öyüd-nəsihətinə məhəl qoymadan…

İsmayıl Yusif oğlu Novruzov 1970-ci il fevralın 14-də Bakıda doğulub. Paytaxtdakı 31 nömrəli texniki-peşə məktəbini bitirib, radio-televizor ustası peşəsinə yiyələnib.

Lakin üzləşdiyi səhnə, gördüyü mənzərədən sonra yalnız Vətən övladlarının günahsız axıdılan qanını yerdə qoymamaq, düşməndən qisas almaq barədə düşünürdü.

1992-ci il noyabrın 9-da hərbi xidmətə yola düşdü. Heç bir həftə də keçmədi. İsmayıl noyabrın 17-də Kəlbəcər rayonunda Vəng kəndi uğrunda döyüşlərdə şəhidliyə qovuşdu.

Düz 27 ildir ki, ad günləri onsuz keçir…

Yaşasaydı, 49 yaşı olacaqdı. Yaşasaydı…

Amma onun yoxluğunu kim deyir ki? Şəhidlər heç vaxt ölmür!

Mənbə: AzərTac

 

Şərh yaz