11 əsgəri həyatı bahasına xilas edən ŞƏHİD

Bu gün ONUN şəhid olduğu gündür.

Soyuq və tutqun qış günlərindən biri idi. Səmaya cəm olan buludlar sanki gözlərini boşaltmaq üçün bəhanə axtarırdılar. Operator yoldaşımla torpaqlarımız uğrunda qəhrəmancasına şəhid olan igidlərimizdən biri Şahbazov Rəşad Murad oğlunun ailəsi ilə tanış olmaq, onları dinləmək və müsahibə almaq üçün evlərinə gəldik. Qapını döydük. Qapını qəmdən-qüssədən beli bükülən, saçları ağappaq olan, gözlərinin altında, simasında dərin qırışlar yaranan Murad bəy açdı. Şəhid Şahbazov Rəşadın atası…Qəhrəman şəhidimizin ailəsi – atası, anası və bacısı ilə qısa tanışlıqdan sonra, yubanmadan igidimiz haqqında suallar verməyə başladım. Murad bəy gözləri dolmuş halda  oğlu Rəşadın ta uşaqlıq çağından üzü bəri yaddaşına həkk olunmuş şirin xatirələri haqqında danışmağa başladı:

Oğlum Şahbazov Rəşad Murad oğlu 25 yanvar 1986-cı ildə anadan olub. Ailənin ikinci övladı idi. Bir də ondan böyük bacısı Humay var. Doğulduğu gündən evimizə sevinc və xoşbəxtlik gətirdi. Hamının sevimlisi idi. Onunla günlər, aylar elə sürətlə  keçirdi ki, zamanın necə keçdiyini, onun necə böyüyüb, boya-başa çatdığını sanki hiss etmirdik…

Qızım Humay ailə həyatı qurub getdikdən sonra biz bütün sevgimizi, məhəbbətimizi və diqqətimizi Rəşada yönəltmişdik. İşıq, hava və su bizim yaşamağımız üçün necə önəmli idisə, Rəşad da bizim üçün o qədər önəmli idi. Artıq böyüyüb, 18 yaşı olmuşdu. Allahın günahsız, mərifətli və əxlaqlı bəndəsi idi. Hamı onun mərifətinə, tərbiyəsinə valeh idi: ”Belə qüsursuz, təmiz uşaq olarmı?” – deyirdilər.  Bəlkə də Allah bu qədər məsum olduğu üçün onu bizdən belə tez aldı…

18 yaşı tamam oldu, əsgərliyə getmək üçün Rəşada çağırış vərəqəsi gəldi. Çağırış vərəqi gəldiyi üçün necə sevinirdi balam. Kaş ki, görə biləydiz: ” Nəhayət ki, Vətənə olan borcumu yerinə yetirə biləcəyəm” deyirdi. Biz kövrəldik, duyğulandıq, kədərləndik. Evin bir oğlu, qızımız getdikdən sonra onunla nəfəs alırdıq, onunla evimiz işıqlanırdı, nəşələnirdi. Rəşadın isə sevincinin həddi-hüdudu yox idi. Hamıya fəxrlə deyirdi ki, “mən əsgər gedirəm”. Onun əsgər gedəcəyi gün elə sürətlə gəlib çatdı ki…bütün qohum-qonşu onu yola salmaq üçün gəlmişdilər. Bizdən çox onlar ağlayırdı, Rəşadla vidalaşmaq istəmirdilər. Hamısı “getmə, nə olar, Rəşad” deyirdilər. Amma o, sevinirdi, gülümsünərək: “narahat olmayın, Vətənə olan borcumu yerinə yetirib, qayıdacağam” deyirdi.

Mən sakitcə kənarda durmuşdum. Üzüntümü bəlli etməmək üçün çox da danışmırdım. Ona yaxınlaşdım, bərk-bərk qucaqlayıb, bağrıma basdım, üz-gözündən  öpdüm. “Yaxşı yol, oğlum” dedim. Son dəfə bacısı üçün, bizim üçün gitarasını çalıb, mahnı oxudu. Sanki o mahnıda bizə çatdırmaq istəyirdi ki, biz birdə Rəşadı görməyəcəyik…

Hamı, bütün kənd və qohumlar Rəşadı aparan maşının arxasınca baxıb – get, gələndə inşallah toyunu edərik – dedilər. Mən onunla içimdə vidalaşdım. Onu necə çox istədiyimi və ondan ötrü çox darıxacağımı qəlbimdə pıçıldadım. Anası və bacısı Rəşadın arxasınca çox ağladılar. Onlara təskinlik verdim ki, – ağlamayın, bir il altı ay nədir ki…gözümüzü açıb-yumunca gəlib keçəcək. Amma içim onlardan ötrü çox yanırdı…

Rəşad əsgərliyə gedəndən sonra onunla tez-tez danışırdıq, yanına gedirdik. Ən çox bacısını soruşardı: “Necədir bacım? Uşaqlarına yaxşı baxsın, gözüm yolda qalmasın”,“bacımdan muğayat olun” deyirdi. Zaman bitmək bilmirdi ki, bilmirdi…sanki günlər ay kimi, il kimi olmuşdu.

Soyuq bir qış günü zəng gəldi. Dedilər ki, – Murad bəy, oğlunuz Rəşad sizi görmək istəyir, gəlin bura. Bir an belə düşünmədən “Sabah ordayam” dedim. Yoldaşıma deyəndə o da dedi ki, “mən də səninlə gəlim, oğlumu görüm”…

Ora çatdıqdan sonra, bizi Gəncə hospitalına apardılar və dedilər ki, “bir az gözləyin, indi oğlunuz gələcək”. Soruşdum: “Rəşada nə olub?”, cavab verdilər ki, “heç nə”. Öz-özlüyümdə fikirləşdim ki, “yəqin xəstələnib, ona görə, yada ki, uşaq vaxtı yıxılıb qolunu sındırmışdı,  qolu ağrıyır deyə bura gətiriblər”.  Bunları ağlımızdan keçirə-keçirə,  anasıyla deyirdik ki, “yazıq balamızın canı ağrıyır”. Beləcə saatlar bir – birini əvəz elədi…gözlədik…gözlədik… günorta oldu, axşam oldu, səhər oldu, hələ də oğlum gəlməmişdi. “Axı nə oldu, bu uşaq niyə gəlmir?”  deyə oradakılardan dəfələrlə soruşmağımıza baxmayaraq, heç kim bizə bir kəlmə olsun belə demirdi ki, demirdi… İki gündən sonra mənə yaxınlaşıb, oğlumun meyidini təslim edib, “Allah rəhmət eləsin, oğlunuz Rəşad şəhid olub” dedilər…

İlahi, bu nə acı idi, bu nə gün idi?…Elə bil ki, dünyamız qaraldı. O sözdən sonra ətrafda nə baş verdiyini anlamadım, içimdən bir inilti, bir bağırtı keçdi, qışqıra bilmədim, sadəcə içdən üsyan etdim, bağırdım “Oğlum, Rəşaaaadııım”… Həmin an başımı necə divara vurmuşamsa, hələ də yadımda deyil, bir o yadımdadır ki, bizi maşına mindirdiklərində başım, əlim qan içindəydi… Oğlum getdi, canım getdi. Bir zamanlar bacısının ailə qurub, evi tərk edib getdiyi üçün bizdən küsən oğlum, bu gün bizi əbədi tərk etmişdi…

Anası Pərvanə xanım deyir ki, – oğlum mənim hər şeyim idi. Hər işimə o, qaçardı, atası evdə olmayanda bütün işlərimi o, görərdi. Bəzən baxırdım ki, evdə yoxdur, gedib hansısa bir qonşuya kömək etməyə. Kimə hansısa bir işdə kömək etmək lazımdırsa qaça-qaça gedərdi. Bacısı ilə oynayar, arada da bacısını incidər, dalaşardı, sonra da könlünü alardı. Deyərdi ki, “xoşum gəlir sən ağlayanda”. Namazını vaxtlı-vaxtında qılardı, orucunu tutardı. Bəzən gecələr yuxudan onun avazla Quran oxumağının səsinə ayılardıq. Çox mehriban uşaq idi Rəşadım. Onun gələcəyilə bağlı çox arzularım var idi. Canım balam, anasının canı nakam getdi bu dünyadan. Doymadıq bir-birimizə…

Evimiz balaca idi. Deyirdi ki, “anacan, əsgərlikdən gəlim, evimizi qaldırarıq”. Biz də onu sevindirmək üçün o, əsgərlikdə olanda evi qaldırmağa başladıq, fikirləşdik ki, Rəşadım gələndə sevinsin. Amma görə bilmədi Rəşadım. Çox narahat idim o əsgər gedəndə. Amma Rəşad: “Ana, ağlama, bir il altı ay nədir ki, göz açıb yumunca yanınızda olacam” deyirdi. Mən də gülə-gülə deyirdim ki, “hə, sənin üçün bir il altı ay az ola bilər, amma analar üçün bir ömür sayılır”. Balam isə sadəcə bizə təsəlli verib deyirdi: ” darıxmayın, dalımca ağlamayın, bax sonra gedərəm, başıma bir iş gələr ha” deyirdi. Yola saldıq balamızı, Rəşadımızı…özümüz öz əlimizlə ölümə doğru yola saldıq. Son dəfə onunla qucaqlaşdıq. Son dəfə onun şirin ətrini ciyərlərimə çəkdim. Balamın ətri həmişəlik sinəmdə qalsın deyə nəfəs almaq istəmirdim.

O, gedəndən sonra evimizə sükut çökdü. Başladıq günlərimizi saymağa. Hər bir ay tamam olduqca – Allah, sənə çox şükür deyib, qalan günlərimizi sayırdıq… Sonra bir gün qəfil gələn zənglə guya balamızı görməyə getdik. Havanın soyuğu, şaxtası sevincimizdən bizi əsla üşütmürdü. Axı balamızı, Rəşadımızı görməyə gedirdik. Gəncə hospitalında bitib-keçməyən  nigarançılıqla keçirdiyimiz  iki gündən sonra balamın meyidini gətirdilər yanımıza. Dedilər ki, “Oğlunuz şəhid olub. Allah rəhmət eləsin”.  “Vaay olsun, vay. Evim yıxıldı”. Necə çığırıb, ağlayırdımsa, sanki səsim özümü kar etmişdi. Acım bitib, tükənmək bilmirdi. Diz çöküb Allahıma yalvarırdim ki, “İlahi, bu gördüklərim yuxu olsun. Balamı geri ver, nə olar” deyirdim. Sanki yenidən yaşayıram o günləri…Canımdan can getdi. Belim qırıldı… Çığırıb ağlayırdım. Heç yoldaşım nə vəziyyətdə idi anlamırdım. O, sakit, səssiz durub balamızın cansız bədəninə baxırdı, içinin yandığı üzündəki cizgilərdən bəlli olurdu. Bir də baxdım ki, yoldaşım Murad əlini və başını divara döyür. Istədim ki, qaçım, tutum,  saxlayım onu, amma ayaqlarım tutmadı, addım ata bilmədim. Bilmirdim ki, hansına yanam, hansına təsəlli olam. Balam getdi, həm də həmişəlik. Onun cansız bədənini evimizə gətirəndə,  yol boyu gələ-gələ “Allahım kaş ki, bu bir yuxu olsun, bizi oyat” deyə yalvarırdım. “Mən nə edəcəm, onun yoxluğu ilə necə barışacam, ya Rəbbim” deyə düşünürdüm. O qədər ağlamışdım ki, gözümün yaşı qurumuşdu. “Bəs mən qızıma nə deyim? Necə deyim ki, sənin Rəşadın yoxdu daha. Necə deyim, İlahi” deyə düşünürdüm. Bacısı Humay bunu qaldıra bilməzdi. Onu çox istəyirdi. Onlar bir-biriləri ilə nəfəs alır, bir-birilərinə həmdəm olurdular…

Bacısı Humay deyir ki, biz qardaşımla bir-birimizə çox bağlı idik. Uşaqlıqdan bir yerdə oynayar bir yerdə gülər və bir yerdə ağlayardıq. Nəyimiz varsa, hətta balaca çörəyi belə bir-birimizlə bölərdik. Məni güldürməyi xoşlayardı, o qədər güldürərdi ki, məni… Canım qardaşım, Rəşadım mənim…Mən ailə quranda o uşaq idi, anlamırdı ki, mən hara gedirəm, niyə gedirəm. Getməyimlə barışa bilmirdi. Küsdü məndən ki, bacım məni tək qoydu, getdi. Sonralar hər gün ailə qurduğum evə gələrdi, qucaqlayıb məni ağlayardı ki, “bacı səni görmək istəyirəm, sənsiz qala bilmirəm”. Mən də ağlayardım, o da…Hamı bizim bacı-qardaş sevgimizə həsəd aparardı. Sonra körpəm dünyaya gəldi. Sevincinin həddi-hüdudu yox idi…dayı olmuşdu…

Bir gün anam bizə gəldi və mənə dedi ki, qardaşına çağırış vərəqəsi gəlib, onu əsgərliyə çağırırlar. Inanmadım…necə yəni çağırıblar?!…ağladım. pis oldum. Bizə gəldi Rəşad. Qollarımı boynuna dolayıb, hıcqırtıyla ağladım:  ”bacın qurban, sən getsən mən neyləyəcəm?  Məni qucaqladı: “ ağlama, məni də ağlatma” dedi. “Bax, bir il altı ay görməyəcəksən də, sonra yenə gələcəm” dedi. Heç kim onun getməsini istəmirdi. Onun isə üzündən təbəssüm əskik olmurdu. Gedəcəyi gün ondan heç ayrılmadım, oturub ona sarılmışdım. Diqqətlə üzünə, gözünə baxırdım. Doymadım ki, qardaşımdan. O da məni qucaqlayıb deyirdi ki, “özünə, ailənə, uşaqlarına yaxşı bax”. Ayrılanda mənə bərk-bərk sarıldı. Qulağıma pıçıldadı ki, “ Bacı, mən bir də qayıtmayacam. Atadan, anadan muğayat ol, onları sənə tapşırıram”. Hönkür-hönkür ağladım ki, “Rəşad, qaqa, boyuna qurban elə demə”. Məni öpdü, gülə-gülə maşına mindi, son dəfə bizə əl elədi və getdi. Heç kimə demədim onun mənə dediyini…

Evimdə idim. Baldızım bizə gəldi və dedi ki, ananın ayağına mıx batıb, gəl gedək ora. Qayınanam, yoldaşım evdə olmadıqları üçün icazəsiz getmək istəmədim. Baldızım isə israrla “yox, gəl gedək anangilə. Özüm onları başa salaram” dedi.  Atamgilə gəldiyim zaman stolun üstündə ağ parça gördüm və elə bildim ki, ya atama, yada ki,  anama nə isə olub. Qışqırıb, ağlamağa başladım. Hərə bir tərəfdən mənə yaxınlaşıb dedilər ki, “qorxma, atana, anana heç nə olmayıb, nənən rəhmətə gedib”. Həyətə çıxdım və gördüm ki, bibimgil də ağlayır. Onlara yaxınlaşıb təsəlli verdim ki, “Allah rəhmət eləsin. Yenə də o yaşa qədər yaşayıb şükür olsun, nəvə-nəticə görüb. Ürəyinizi çox üzməyin” dedim. Bir də gördüm ki, nənəm maşından düşür. Fikirləşdim  ki, necə ola bilər axı, mənə dedilər ki, nənən rəhmətə gedib. Bu zaman nənəmin səsini eşitdim. əllərini dizlərinə, başına vura-vura, hıcqıra-hıcqıra ağlayaraq, qışqıraraq deyirdi: “Rəşadım, ay Rəşadım, cavan balam getdi, ay Allah” deyirdi. Bunu eşitdikdə dəli kimi soruşdum:” Nə Rəşad, Rəşada nə olub ki? Rəşad əskərlikdədir axı…niyə ağlayırsız, nə olub axı?” Kaş ki, eşitməyəydim, görməyəydim. Bir də gördüm ki, həyətə maşınlar girdi. Qardaşımın cavan meyidini gətirdilər. İlahi, sən demə mənim təsəlli verdiyim insanlar, mənə təsəlli vermək  üçün yanımda idilər. “Rəşad şəhid olub, Humay” deyəndə dünyam qaraldı. Canım qardaşım atasına, anasına, bacısına doya bilmədi. Gedəndə də gözü arxada qaldı. Getdi qardaşım…

Bütün kənd qarşılamağa gəlmişdi onu. Həsrətlə yolunu gözlədiyim qardaşımın son dəfə üzünə baxmaq istədim,  Nə arzuları, diləkləri vardı…Arzusu, diləyi ürəyində qalan qardaşım. Hər şeyimiz onunla getdi. Gülüşümüz, sevincimiz, nəşəmiz… Mənə “mən bir də qayıtmayacağam” demişdi. Demək ki, bilirdi qayıtmayacağını.

Hətta ölmüş bədənindən ayrıla bilmirdik onun. Bizə qalan təkcə o cansız bədən idi. Sanki buraxsaq, bir də tuta bilməyəcəyik. İlahi, necə çətin bir ayrılıq oldu. Gülüşü, baxışı gözümüzün önündən getmirdi… Atam özünə qapanmışdı, səssiz-səssiz ağlayırdı. Anam ətrafda baş verənləri anlamırdı. “Rəşadım. Rəşadım” deyə-deyə qalmışdı. Ağlamaqdan göz yaşı da qurumuşdu.

Onu son mənzilə yola saldıq. O, getdi, amma biz sanki özümüzü yuxuda olan adam kimi hiss edirdik. Elə bilirdik ki, yatmışıq, indi ayılacağıq və bu olanlar heç biri yaşanmamış kimi olacaq…

Əvvəllər onun yoxluğu ilə barışmaq çox çətin oldu. Hamı səssiz idi. Heç kim bir-biri ilə danışmırdı. Ailəmizə sükut çökmüşdü. Bu haqda bir kəlmə belə danışmırdıq. Səbəb bu idi ki, onun ölümünə heç birimiz inanmırdıq. Sanki səkkiz aydan sonra Rəşad əsgərlikdən qayıdacaqmış kimi yolunu gözləyirdik. Beləcə bu aylar da gəlib keçdi, amma nə gələn oldu,  nə də bizim acımız bitdi.  Anam küçədə bir cavan oğlanın ona gülümsədiyini görən kimi, qaçıb qucaqlayardı “oğlum, Rəşadım” deyə bağrına basardı. Qardaşımdan sonra atam və anam sakit, səssiz və səmirsiz bir həyat sürməyə başladılar. Mən də içim qan ağlaya-ağlaya bir möcüzə baş verər, bəlkə bir gün qovuşarıq deyə gözləyirəm. Üstündən on üç il keçməsinə baxmayaraq, biz hər zaman hər qapı döyüldüyündə “bəlkə Rəşad gəldi” deyə qapıya qaçırıq. Bəlkə bir gün yuxumuza girər deyə, yuxudan ayılmaq istəmirik. Allahdan ən böyük istəyimizdir ki, bircə dəfə onu görə, doya-doya sarıla biləydik. Rəşadı hər gün xatırlayırıq və bu həmişə belə olacaq. Onun yolunu gözləməkdən yorulmayacağıq, usanmayacağıq. Kaş ki, əlimdə imkanım olaydı hər şeyi geri, ta uşağlıq çağlarımıza qaytara biləydim ki, üzünü görməyə çox vaxtımız olsun. Canım qardaşım, canım Rəşadım, sən bizim çırağımız idin, sən bizim canımız-ciyərimiz idin, canımızdan can aldın, zülmətə qərq etdin bizi. Allah sənə qovuşmağı nəsib eləsin hər birimizə. Allah sənə rəhmət eləsin. Şəhidlər ölməz deyir Allah. Sən ölmədin, sən bizim qəlblərimizdə yaşayırsan. Biz fəxrlə uşaqlarımıza və hamıya sənin necə qəhrəmanlıqla şəhid olduğunu danışırıq. Hər səni fikirləşəndə elə hiss edirik ki, sanki yanımızdasan, bizə baxıb gülümsəyirsən… Biz səni çox sevirik!

Dinlədiyim söhbətlərdən gözlərim dolmuş, qəhər boğazımda düyünlənmişdi…Şəhidimizə deyəcək ürək sözlərim vardı: “Əziz və igid qəhrəmanımız  Şahbazov Rəşad Murad oğlu…Sənin timsalında torpaqlarımız uğrunda canından keçən bütün şəhidlərimizin qarşısında baş əyirik. Allah sizə rəhmət eləsin. Sizlər Allahın sorğu-sualsız Cənnətlə müjdələdiyi qəhrəmanlarsınız… Ruhunuz şad olsun!”

Hazırladı: Samirə Hüseynova

 

Şərh yaz