“Mübariz tək mübariz ol!” layihəsi başlayır – Foto

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyilə 25 yanvar 2019-cu il tarixində Biləsuvar Gənclər Evində “Mübariz tək mübariz ol!” gənc futbolçulara çağırış” layihəsinin rəsmi açılışı həyata keçirilib.

Bu barədə Mübarizim-ə layihənin rəhbəri Asif Hüseynov məlumat verib.
Rəsmi açılış zamanı layihə rəhbəri Asif Hüseynov çıxış edərək layihə barədə ətraflı məlumat verib. Bildirib ki, layihənin əsas məqsədi Biləsuvar rayon yeniyetmə və gəncləri arasında Milli Qəhrəman Mübariz İbrahimovun döyüş yolu barədə məlumatlandırılmasına, onun şəxsi həyatı – idmançı və sağlam həyat tərzi keçirməsinin təbliğinə və həmçinin yeniyetmə və gənclərin asudə vaxtlarının sağlam-səmərəli keçirilməsinə nail olmaqdır.
Daha sonra layihəyə təşkilati dəstək göstərən Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Elnur Hüseynli və Biləsuvar Rayon Təhsil Şöbəsinin hərbi və fiziki tərbiyə üzrə metodisti Elsevər Məmmədov çıxış edərək layihənin gələcək fəaliyyətinə uğurlar arzulayıb.

Çıxışlardan sonra Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında video təqdim olunub. Videoda Mübarizin həyatı haqqında, onun məktəb illəri və ən əsas da idmana olan həvəsi barədə geniş məlumat verilib.

Video göstərildikdən sonra layihə ərzində təlimçi – hakim qismində iştirak edəcək Hüseyn Hüseynov çıxış edib. O layihənin gələcək planları barədə ətraflı məlumat verərək tədbir iştirakçıları ilə qarşılıqlı müzakirələr aparıb.
Tədbirdə iştirak edən məktəb idman rəhbərləri, fiziki tərbiyə müəllimləri və gənclər – yeniyetmələr böyük fəallıq göstərərək çoxlu müzakirələr ediblər.

Layihənin icrasına 28 dekabr 2018-ci il tarixində start verilib və 28 mart 2019-cu il tarixinə kimi davam edəcək. Növbəti mərhələdə futbol komandalarının rəhbərləri və kapitanları üçün 2 günlük təlim təşkil olunacaq.

7 fevral 2019-cu il tarixində – Mübariz İbrahimovun doğum günündə Biləsuvar rayon məktəbləri arasında mini futbol üzrə rayon çempionatına start veriləcək.

Şərh yaz