20 Yanvar qazisinin xatirələri

29 il əvvəl 20 yanvar gecəsi Bakıya, sanki işğal üçün gəlirlərmiş kimi, yeridilən sovet ordusuna etiraz edərkən həmin ordu tərəfindən güllələnərək yaralananlardan biri də mən olmuşam. Daş və sinəmizlə bu ordunun və zirehli texnikanın qarşısını kəsə biləcəyimizi düşünürdük.
Həyatımda ən ağrılı, həyəcanlı, təsirli gecə məhz bu gecə olub. Sonradan Bakı Dövlət Universitetinin könüllü vzvodlarından birinin komandiri kimi Qarabağ müharibəsində iştirak etsəm də, 20 yanvar gecəsi yaşadığım hiss və həyəcanı orda da yaşamamışam. O gecənin hisslərini, həyəcanını yəqin ki, başa salmaq mümkün deyil, onu yaşayan hiss edə bilər. Siz bütün gecəni səhərə qədər hər yerində güclü, sürəkli və dayanmadan atışma səsi eşidilən, trassir (işıqlı) güllələrin bütün gecəni səmasını işıqlandırdığı, sakinlərinin sanki apokalipsis yaşadıqlarını hiss etdiyi, insanların bu atəş və ölüm altında evə getmədiyi, bir birinə kömək üçün vurnuxduğu bir şəhər təsəvvür edin. Amma o gecədən bəzi məqamlar xüsusilə yadımda qalıb, məncə o günləri görməyən, hiss etməyən gənclər üçün bu xatirələr maraqlı olar.

1. Əslində o günlərdə sovet ordusu hələ ki, öz ərazisi hesab olunan bir şəhərə girirdi. Biz hələ SSRİ tərkibində idik. Amma küçələrə çıxaraq şəhərin bütün girişlərində ordunun şəhərə girməsinə mane olan yüz minlərlə insan hansısa siyasi məqsəd üçün bunu etmirdi. Sadəcə Qarabağda ermənilərin bizə qarşı etdiklərinə etiraz etdiyimiz, Qarabağdan, Ermənistandan soydaşlarımızın kütləvi surətdə qovulduğu, Moskvadakı mərkəzi hökumətin isə ermənilərə faktiki havadarlıq etdiyi, mərkəzi televiziyaların xalqın Qarabağla bağlı etdiyi etirazları narkoman, fundamentalist qrupların etdiyi cinayətlər kimi təqdim etdiyi bir zamanda, Qarabağ məsələsini həll etmək əvəzinə Bakıya qoşun yeridilməsini xalq özü üçün təhqir hesab edirdi. 1813-28, 1920-ci illər işğallarını görməyən bizim nəsillər üçün üstümüzə Moskvadan bu qədər qoşun göndərilməsi yeni bir hiss idi, hamı bunu sanki yadellilər tərəfindən yeni işğal kimi hiss edir, Qarabağda torpaqlarımızın işğal edilməsinin davamı kimi qəbul edir, o cür də reaksiya verirdi. Xalq üçün bu, sanki şərəf məsələsi olmuşdu. Əlbəttə, çox güman ki, hansısa əllər bütün bunları ssenariləşdirmişdi, amma xalq bunu düşünmürdü. Və bəlkə də yalnız Bakıda yerləşən hərbi birləşmələrdən istifadə edilsəydi nə bu etiraz, nə də qırğınlar olardı.

2. Həmin gecə ordunun xalqa qarşı xüsusi qəddarlığından, uşaq, qadın, qoca demədən hamını güllələməsindən, yaralıları da vurub öldürməsindən çox danışılır və bütün bunlar həqiqətən baş verib. Amma həmin gecənin canlı şahidi və həmin ordu tərəfindən güllələnənlərdən biri olaraq (əslində 28 ildə ilk dəfə) etiraf etməliyəm ki, bu, hər yerdə olmayıb. Şəxsən mənim yaralandığım yerdə üstümüzə hucuma keçən zabit və əsgərlər son ana qədər mümkün qədər az adamın xəsarət görməsinə çalışdılar. Bunu biz sonradan başa düşdük. Orda isə dəhşətli atışma, hücüm altında idik, bunu düşünməyə vaxt yox idi. Amma məhz o hissədə (yəqin başqa çox yerlərdə də) əsgərlər başımızın üstündən atdılar, yerə atdılar, üstümüzə hücum edərkən boş güllələrlə atdılar, amma son məqama qədər adamları bir başa vurmamağa çalışdılar. Onların əsas məqsədi yolu boşaldaraq texnikanın keçməsini təmin etmək idi, buna da nail oldular. Amma sonradan bizim daş ata ata əsgərlərə həddən artıq yaxınlaşdığımız məqamda yerə güllə ataraq ayaqdan vurmağa başladılar. Şəxsən məni bir neçə metrədən məhz ayağımdan vuran əsgər, yarama və gözümün içinə baxaraq yıxılmasam da daha irəli gedə bilmədiyimə əmin olandan sonra mənə atəş açmadı, dönüb başqa istiqamətə getdi. Ətrafda olan, yanımdan qaçıb keçən digər əsgərlər və zabitlər də o cümlədən. Ordu o hissədən keçəndən sonra, məni oradan çıxarıb xəstəxanaya aparanda isə məlum oldu ki, o qədər atışma olsa da, həmin birləşmənin keçdiyi bizim ərazidə ümumiyyətlə ölən olmayıb. Yəni, o gecə nə qədər dəhşətli akt hesab olunsa da, bir millətin digərinə nifrəti təzahürü deyildi, imperiya ambisiyalı siyasi qərar idi. Qəddarlıq, qansızlıq, vəhşilik nümayiş etdirilən yerlərdə isə, o vaxt mətbuatda da getdiyi kimi, nizami ordu yox, xüsusi cəlb olunmuş birləşmələr istifadə olunmuşdu, həm də deyilənə görə sərxoş halda. Məsələn mənim yaralandığım yerdən cəmi 300 metr aralıda, elə təxminən həmin dəqiqələrdə, blokun qabağına çıxaraq qardaşını axtaran sinif yoldaşımın bacısına ordan keçən BTR heç bir səbəb olmadan pulemyotdan uzun uzadı atəş açmışdı. Odur ki, şəhidlərimizin, yaralılarımızın qanının məsuliyyətini də məhz həmin siyasi qərarı verən, vəhşi birləşmələri dinc xalqın üzərinə göndərənlər daşıyır.

3. Yadımda qalan digər xatirə isə xalqımızın belə həyəcanlı və kritik məqamda nümayiş etdirməyə qadir olduğu fədakarlıqlar, cəsarət, birlik, böyük ruhdur.
Qorxmadan ona atəş açan əsgərlərin, tankların üstünə daşla, taxta parçası ilə, rezin şlanqla gedən gənclər yadımdadı. Geri çəkilən, ancaq qaçmayan əhali yadımdadı. Mənim yaralandığımı görəndən sonra məni əlləri üstünə alaraq xilas etmək üçün qaça qaça atışma məkanından çıxaranlar, evlərinə çağırıb orda uzatmağa dəvət edən sakinlər yadımdadı. Adamların qaçaraq bu gecə vaxtı və atışma altında məni xəstəxanaya aparacaq bir maşın dalinca getməsi, yanımda olanların bəzilərinin qəzəbdən, hiddətdən, bəzilərinin bir şeylə kömək edə bilməməsi üçün acizlik hissindən ağlaması yadımdadı. Bir qədər sonra bir yaşlı kişinin maşınla məni aparmaq üçün evindən qaçaraq gəlməsi yadımdadı (bəlkə də artıq vəfat edib, Allah rəhmət etsin!). Sürücünün maşını nə qədər ara küçələrlə sürməyə çalışsa da hərdən məcburən mərkəzi küçələrə çıxması və bəzən bu zaman uzaqdan bizi görən zirehli texnikanın bizi atəşə tutması, trassir güllələrin düz yanımızdan keçib getməsi yadımdadı.
Xəstəxanaya çatarkən xəstələrin, növbətçi həkimlərin həyəcanla küçədə durub nə baş verdiyini anlamağa çalışması, yaralıları gözləməsi,əlləri, qolları gipsdə olan digər xəstələrin gəlib həkimlərə, tibb bacılarına yaralılara tibbi yardım göstərmək üçün kömək etmələri yadımdadı.
Gecə vaxtı atışma altında maşın tapmadığı üçün (o zamanlar maşın indiki qədər çox deyildi, az adamda olurdu) evindən xəstəxanaya qədər qaça qaça gəlib özünü çatdıran cərrah yadımdadı. Gecə vaxtı atışma başlayandan sonra ona ehtiyac olacağını başa düşdüyü üçün şəhərin uzaq rayonlarından evlərindən çıxıb xəstəxanaya qədər piyada gələn, yaralılara baxıb hönkürtü ilə ağlayan cavan tibb bacıları yadımdadı. Parçalanmış ayağımı növbətçi həkimlə cərrahın hansı möcüzə ilə yığıb yenidən normal ayaq formasına salması, üzə verməsəm də buna sevinc qarışıq təəccüblə baxmağım yadımdadı (Həmin gecə məni axtarmaq üçün Semaşko xəstəxanasında olan atam sonradan danışırdı ki, xəstəxanada işıq söndüyü üçün tibb bacıları qəzet yandırır və həkimlər qəzet işığında əməliyyat edirdilər).

Atamın bütün gecəni müxtəlif xəstəxanalarda axtarıb məni tapdıqdan sonra danlayacağını düşündüyüm halda məni ilk döyüşümlə təbrik etməsi yadımdadı.

Gecə 4 radələrində xəstəxanadakı yaralıları saymaq üçün bir zabit və bir neçə əsgərin xəstəxanaya gəlməsi, lakin onların bizi aparıb itirmək üçün gəldiyini düşünən tibb bacılarının reanimasiya şöbəsinin qabağını kəsərək əsgərləri içəri buraxmamaları yadımdadı.

Səhəri gün qan vermək üçün gələn onlarla, yüzlərlə tələbə qiz və oğlanlar yadımdadı. Bütün günü və gecəni palatada olan radioda xəbərləri dinləməyimiz, Elmira Qafarovanın xalqı dəstəkləyən gözlənilməz bəyanatı, tək informasiya mənbəyinə çevrilmiş Mirzə Xəzərin titrək səsi, Heydər Əliyevin Moskvada bu faciəyə etirazının doğurduğu ümid, Şəhidlərin dəfni günü gəmilərin verdiyi bir an da olsa kəsilməyən fit səsləri yadımdadı.
Xəstəxanaya, evimizə tanıdığım, tanımadığım insanların hər gün gəlib yoluxması, bişirib yemək gətirmələri, kömək təklifləri, çoxdan münasibətimiz olmayan insanların gəlib tapmaları, tələbə yoldaşlarımın, keçmiş sinif yoldaşlarımın iftixarla baxan gözləri..hamsı yadımdadı. (yadımda olan mənfi xatirələr də var, amma bu gün onların yeri deyil)

Bir də atamın bir neçə gün sonra xəstəxanada mənə dediyi sözlər indiyə kimi yadımdadı: “Həmin gecə bizim millət üçün böyük faciə idi. Amma həmin gecə heç kim küçəyə çıxmasa idi bu, bizim üçün daha böyük faciə olardı”

Allah azadlıq uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə rəhmət eləsin!

 

Elçin Əsgərov

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun

Avrasiya ofisinin rəhbəri 

Şərh yaz