“Bu sözlərdən sonra ixtiyarsız hıçqırdım…” – 20 yanvarı xatırlayarkən

1991-ci ilin yanvar ayı idi. Bağçaya gedirdim. Müəlliməmiz məni yanına çağırıb bir bənd şer dedi və təkrar etməyimi istədi. Yaddaşım yaxşı olduğu üçün dərhal təkrarladım. Yanındakı tərbiyəçiyə “elə budur, buna öyrədəcəm dedi.”
Yadımda qalan odur ki, uzun və bəndlərinin sayı çox olan şeir öyrətdilər.
Səhəri gün bağçaya getmədim. Kəndimizin mərkəzində park var idi. Hamı ora yığışmışdı. Odlu-alovlu çıxışlar edilirdi. Sonra kəndimizin axundu molla Abbas Quran oxudu.
Ətraf qərənfillərlə bəzənmişdi. Sanki hər yan qan idi. Məni səhnəyə çıxardılar. Müəlliməm də məndən bir az aralıda dayandı. Yavaşca “başla” dedi.

Qatil gülləsinə qurban gedərkən
Gözünü sabaha dikdi şəhidlər
Üçrəngli bayrağı öz qanlarıyla
Vətən torpağına çəkdi şəhidlər…

İkinci bəndə başlayanda özümdən asılı olmayaraq ağladım və şerin davamın da ağlayaraq dedim. Əslində nə baş verdiyini, niyə bura gəldiyimizi, niyə şeir dediyimi tam olaraq anlamırdım. Bircə onu bilirdim ki, hələ görmədiyim Bakıda tanklar insanların üzərindən keçib onları öldürüblər.

İnsan insan olur öz hünəriylə
Millət millət olur xeyir şəriylə
Torpağın bağrına cəsədləriylə
Azadlıq toxumu əkdi şəhidlər…

Bu sözlərdən sonra ixtiyarsız hıçqırdım. Əsgər paltarında olan bir oğlan məni qucağına alıb öpdü və gözümün yaşını sildi…
İndi o hadisədən 28 il ötür. Qanlı yanvar şəhidlərinin il mərasimində dediyim şeir o vaxtdan yaddaşıma yazılıb. Hər dəfə Şəhidlər xiyabanına gedəndə, ordakı məzarlara baxanda bu sözləri xatırlayıram…

Onlar susdurulan haqqı dindirər
Qaraca torpağı qiymətləndirər
Donan vicdanlari qeyrətləndirər
Axı el qeyrəti çəkdi şəhidlər.

Orxan Əli

Şərh yaz