Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!

Şəhidlər şərəf, qeyrət, ucalıq zirvəsidir,
Şəhidlər azadlığın od-şimşək zərrəsidir.
Şəhidlər tarixləşən – istiqlal türbəsidir,
Şəhidlər şimşək kimi buludlar saxlamazlar.
Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!

Şəhidlər Vətən daşı, yurdun vətəndaşıdır,
Şəhidlər azadlığın uca heykəl daşıdır.
Şəhidlər məmləkətin, xalqın qan yaddaşıdır.
Şəhidlər unudulmaz, ölməz, can dağlamazlar.
Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!

Şəhidlər doğulan gün əbədiyyət başlayır,
Şəhidlər imamlartək ürəklərdə yaşayır.
Şəhidlər karvanını zaman özü daşıyır,
Şəhidlər cənnət əhli – matəm, yas saxlamazlar,
Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!

Şəhidlər xiyabanı müqəddəs pirimizdir,
Şəhidlər xiyabanı ziyarət yerimizdir.
Şəhidlər qürur rəmzi, özünü dərkimizdir.
Şəhidlər qeyrət qanı, axmasa çağlamazlar,
Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!

Şəhidlər ana yurdu tutdular candan baha,
Şəhidlər yollar açdı, qaranlıqdan sabaha.
Şəhidlər ölməz ruhla, gedir üzü Allaha,
Şəhidlər gedən yolu tufanlar bağlamazlar.
Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!

Müəllif: Oqtay Zəngilanlı

Şərh yaz