Gənc müəllimdən şəhid övladlarınına jest: “Ödənişsiz hazırlaşdırmağa hazıram”

6 ilə yaxın Ağstafa rayonunun Zəlimxan kəndində orta məktəbdə müəllim işləyən Şahin Hüseynov müəllim yanına getməyə maddi imkanı olmayan abituriyentlər yararlana bilsinlər deyə, maraqlı addım atıb.

Onların sözlərinə görə, Şahin müəllim tədris etdiyi Fizika fənni ilə bağlı mövzuları videoya çəkərək başa salır, daha sonra “YouTube”da paylaşır ki, bundan da Azərbaycanın istənilən yerində yaşayan hər bir abituriyent yararlana bilir.

Şahin müəllim şəhid övladları, imkansız ailədən olan şagirdləri də ödənişsiz hazırlaşdırmağa hazır olduğunu deyib: “Ağstafa kiçik bir rayondur, imkansız adamı hamı tanıyır. Heç bir maddi imkanı olmayan adamın övladını təmənnasız ali məktəbə hazırlaşdırmağa hazıram. Şəhid övladlarını, onların qardaşı uşaqlarını təmənnasız hazırlaşdırmağa razıyam. Lazım gələrsə, onun kitabını da özüm alaram. Əgər bir ailədən iki uşaq hazırlığa gəlirsə, valideynə çox yük düşməsin deyə, onların birinə görə pul almıram. Mən özüm hazırlığa gedərkən imkanımız yox idi, valideynlərim çətinlik çəkirdi, ona görə kiminsə belə bir çətinlik çəkməsini istəmirəm”.

Sonda qeyd edək ki, Ş. Hüseynov Müəllimlərin İşə Qəbul İmtahanında iştirak edib və yeni dərs ilindən müəllimlik fəaliyyətini Ağstafanın Vurğun qəsəbəsindəki tam orta məktəbdə davam etdirəcək.

Mənbə: Yeniavaz.com

Şərh yaz