“Elə düşünürəm ki, orda oğlumun evi var” – Şəhid anası

Bu gün aprel şəhidimiz Əbdülməcid Axundovun anası Ceyran xanımın doğum günüdür. Şəhid anası bildirdi ki, belə bir gündə ən böyük arzusu şəhidlərimizin qisasının alınmasıdır:

“Təbrikiniz üçün çox sağ olun. Həyat davam edir, insanlarımız qayğı və diqqət göstərirlər. Doğum günümlə bağlı zəng vururlar, sosial şəbəkədə paylaşımlar edirlər. Amma inanın ki, əsl doğum günüm torpaqlarımız işğaldan azad olunanda olacaq. Onda yubileyimi keçirəcəm, böyük bayram şənliyi edəcəm, bu mənim üçün əsl doğum günü olacaq. İnsanın taleyində yadda qalan bir tarix var və o da doğum günüdür. Arzularımdan biri də övlad toyu etmək idi və o da oldu. Nə qədər xoşbəxt bir gün olsa da, mən o günü ürəklə yaşaya bilmədim. Əgər bir ana ki, öz övladının toyunda ürəklə qol qaldırıb oynamadı, deməli, ürək sevinmir. Allah xoşbəxt eləsin! Əsas arzum odur ki, bir oğul nəvəm olsun və Əbdülməcidin adını yaşadım.


Əbdülməcid başımı ucalara qaldırdı. Hara gedirəm, ehtiram görürəm. Bunları şəhidlərimizə borcluyuq. Bütün şəhid analarının ən böyük arzusu odur ki, şəhidlərimizin qisası alınsın. Həyatda istədiyim odur ki, övladımın adını yaşadım. Mən hər gün Şəhidlər Xiyabanına gedib Əbdülməcidi ziyarət edirəm. Elə düşünürəm ki, orda oğlumun evi var. Nə yaxşı ki, Əbdülməcid Şəhidlər Xiyabanında dəfn edildi və ora gedib-gəlmək çox rahatdır. Hər gün onu ziyarət edib yüngülləşirəm. Güllər əkmişəm, onlara qulluq edib sonra iş həyatıma başlayıram. Bu gün də gedib ziyarət etdim”.

Müəllif: Vasif Əlihüseyn

Mənbə: Moderator.az

Şərh yaz