Ruhun qarşısında baş əyirəm, əziz balam!

Aprel Şəhidimiz Emin İmran oğlu Bağırov.

15 İyul 1996- cı ildə Bakı Şəhərində anadan olub.

2014-cü ildə 182 saylı orta məktəbi bitirib.

MMA və UŞU SANBO idman növü ilə məşğul olub

2014-cü ilin Oktyabrın 8-də hərbi xidmətə yollanıb.

Xüsusi Təyinatlılarda xidmət edib

2016-cı il Aprelin 4-ü Talış  istaqamətində gedən döyüşlərdə Qəhrəmancasına Şəhid olub.

Doğulduğu Bakı şəhərinin Binəqədi rayonunda son mənzilə yola salınıb.

 

Emin Bağırovun bibisi Könül İslamovanın ŞƏHİDƏ məktubu

Şəhidim! Heç bilmirəm ki, məktubuma necə başlayım? Cümlələri bir-birinin ardınca necə qurum? Çətindir…çox çətin… Sən əsgərlikdə olanda yazardıq bir-birimizə. Elə sevinclə, həsrət və intizarla gözləyərdim ki, mesajlarını…amma indi nə yazmaq, nə danışmaq istəyirəm…indi sadəcə susmaq, ağlamaq və cansız rəsmlərinlə ovutmaq istəyirəm bu sınmış, qırılmış, yaralı ürəyimi…

Şəhidim, cümlələrimə sən bu işıqlı dünyaya göz açdığın gündən başlamaq istəyirəm. Sən dünyaya gələndə hər birimiz o qədər sevinmişdik ki…sevincimizin həddi-hüdudu yox idi… Çünki Tanrı səni bizə atanın doğum günündə hədiyyə etmişdi. Eminim, sənin dünyaya gəlişin  – illərdir həsrətində olduğumuz körpənin dünyaya gəlişi sevincini- yaşatmışdı ailəmizə…

İllər otdü… zaman keçdi… nəhayət ki, sən böyüdün, məktəbə getdin… İllər ötdükcə qəlbində yaşatdığın Vətən sevgisi də səninlə birlikdə böyüməyə başladı. Sənin idmana da sevgin böyük idi. Yenə də Vətən – idmanda birincilik qazanmaq və Azərbaycanın adını, üçrəngli bayrağını zirvələrə qaldırmaq, dünyaya tanıtmaq idi sənin məqsədin. Əziz balam, sən idman sahəsində dəfələrlə birinciliyi qazanmış və ən ali kürsülərlə mükafatlanaraq, medallar qazanmışdın.

Emin, yadındadırmı? Əskərliyə yola düşməyinə çox az vaxt qalmışdı… sən günləri, ayları sayırdın, biz isə üzülürdük, kədərlənirdik… Sən həmişə deyirdin ki, “Mən şəhid olacağam, Azərbaycan xalqı mənimlə fəxr edəcək.” Anan isə ağlayırdı: ”Emin, qurbanın olum, mənə bala dağı çəkdirmə”.

Nəhayət o gün gəlib çatdı və sən əsgərliyə yollandın. Tez-tez mənə mesajlar yazardın: ”Canım bibim, sənə şəkillərimi yollayıram, çıxarıb yadigar saxlayarsan”, “Can bibim,  doqquz nəfərin tək bibisi olmaq zarafat deyil”, “Bibican qız tapın, gəlib evlənəcəm.” Bu mesajları oxuduqca ürəyim parçalanır. Təzəcə köz bağlamış yaralarım yenidən qanayır…

Şəhidim, keçmək bilməyən zaman yavaş-yavaş bir il altı ayı başa vurdu. Az qalmışdı deyək ki, – “Həsrətimiz bitir, Eminimiz evinə, yuvasına dönür”… Amma zənnimiz də yalan çıxdı, sevincimiz də…Aprelin ikisi son eşitdiyimiz zəng, sonsuza qədər eşitmək istəmədiyimiz zəng oldu…Necə ki deyərlər: “Sən saydığını say, gör fələk nə sayır.”

Şəhidim, sən Vətən qarşısında, millət qarşısında öz müqəddəs borcunu yerinə yetirdin. Aprel ayının 1-də hərbi xidmətinin vaxtı başa çatmasına baxmayaraq, vəziyyətin gərgin olduğunu görüb, könüllü olaraq Vətənə xidmət etmək üçün döyüşlərdə iştirak etmək istədiyini bildirdin və Lələtəpə uğrunda gedən döyüşlərdə şəhidlik şərbəti içərək, qəhrəmanlıqla həlak oldun…

Eminim, sənin yoxluğunla indi də barışa bilmirik – “Nə vaxtsa qapı açılar, Emin gələr” deyə xəyallar qururuq. Bilirsənmi, əziz balam,  məni görəndə deyirlər  ki,  –  “Bilirsiniz, bu qadın şəhid Eminin bibisidir.”  Sənin kimi igid bir qəhrəmanın bibisi olmaq şərəfdir mənə, Şəhidim!

Sən Azərbaycanın qəhrəmanısan! Sən Allahın sorğu-sualsız Cənnətlə müjdələdiyi, seçilmiş, şəhadətə yetmiş, müşk ətirli şəhidisən! Ruhun qarşısında baş əyirəm, əziz balam! Sənin və  səninlə bərabər olmuş heç bir şəhidimizin qəhrəmanlığı əsla unudulmayacaq! Çünki sən elə bir tarix yazdın ki, elə bir ad ucaltdın ki, dünya durduqca o ad qəlblərdə yaşayacaq! Sən Azərbaycanın fəxrisən!

Vətən başın sağ olsun!

Hazırladı:  Samirə Hüseynova/Mübarizim

Şərh yaz