“Yorğun əllərini ovcuma alıb öpmək istəyirəm…” (Şəhidə məktub)

Aprel döyüşlərinin silinməz yaraları çox qapıdan keçdi… Və mən bu gün o qapılardan birinin qarşısında dayanmışam. Milli qəhrəman Mayor Samid Gülağa oğlu İmanovun qapısında…

Bir kənddə yaşayırıq və ailəlikcə bir-birimizi tanıyırıq. Lakin bu gün döyüşlərdə 2 il 3 aydan da çox bir vaxt keçməsinə baxmayaraq, o qapını döyüb içəri keçə bilmirəm…Çətindir….Çox çətindir. Hər taqqıltıya gözünü qapıya dikən anayla görüşüb danışmaq çox çətin idi..
Daxil oldum…Gözlərimin içərisinə baxır və dindirməmiş gözlərindən leysanlar tökülürdü Xuraman ananın. Bu mənzərə sözün bitdiyi yerdir. Dillər susub, gözlər danışır, gözlər fəryad edir, gözlər övlad axtarır…və gözlər suallarla doludur. Acizəm o baxışların, sualların qarşısında, şəhid anası! Darıxan ürəyinə qurban, ana! Danışmaq, təsəlli vermək istəyirəm, sözlər boğazıma tıxanır. Ana təsəlli alarmı? Nə ilə təsəlli alar?
Soruşuram:
– Əgər bilsəydin ki, məktub yazsan, o məktub Samidə çatar, nə yazardın?
Hönkürdü, danışa bilmədi.
Dolmuş buludlar yenə leysan yağdırdı.
– Yazardım ki…

Oğlum, saçlarına sığal çəkmək istəyirəm. Hələ də cod saçlarını barmaqlarımın arasında hiss edirəm. Qollarımı boynuna salmaq, səni bağrıma basmaq istəyirəm. Doyunca qara gözlərini öpmək istəyirəm. Yenə də səni təlimlərə yola salmaq, qapıya qədər gəlmək, bir müddət yolunu gözləyib yenə qarşılamaq, yorğun əllərini ovcuma alıb öpmək istəyirəm, mənim balam.
Oğlum, istəyirəm ki, iki gözəl balan Fidan və Turan mənimlə bu həyətdə böyüsün. Axı sən onları çox sevirdin. Onlar böyüyüb səni məndən soruşsalar, nə deyim, oğlum? Sən qəhrəmansan mənim balam. Elimizin, obamızın fəxrisən. Azərbaycanımızın fəxrisən. Mən həmişə səninlə öyünmüşəm. Sən orta məktəbdə və ali hərbi akademiyada oxuyanda da, hərbi hissədə işləyəndə də şəhid olmaq arzun olub. Arzuna çatmısan.
Həmişə deyərdin vətəni mən qorumayım, sən qoruma, o qorumasın bəs kim qorusun?! Arzuna çatdın, mənim balam? Sən tək mənim deyil, elin, obanın oğlu oldun. Vətənin övladı oldun. Bilirsənmi oğlum, indi sənin ad gününə camaat yığışır.
Halbuki əvvəllər bunu özümüz qeyd edərdik. Samidim, sənin və yoldaşlarının adına kitablar, şeirlər və nəğmələr yazılır. Sənin igidliyin dastan olub oğlum! Sənin bir gizir və digər yoldaşlarını qorumaq üçün döyüş bölgəsində tək qaldığını yoldaşların danışıblar mənə.
Əgər istəsəydin yaşayardın. Amma sən yaşatdın. Bilirsən, oğlum, 2 ildən artıq bir müddət keçib. O giziri görmək, tanımaq istərdim. Axı o sənə görə yaşayır. Oğlum əvəzidir artıq. Gəlib ana deyərdi Samidim. Bəlkə, bəlkə, sız-sız sızıldayan yaralarıma bir məlhəm olardı. Hələlik, mənim balam, sənə sözüm çoxdur. Yenə yazacam. Anan qurban.. Darıxma… Rahat yat..

Səni daim gözləyən anan.

Hazırladı:  Cəvahir Talıbova/Mübarizim

Şərh yaz