“Şəhidə məktub” (Yeni layihə)

Mübarizim portalı “Şəhidə məktub”  adlı yeni layihəyə başlayır. Bu layihə çərçivəsində dəyərli oxucularımız şəhid ailələrinin üzvlərinin öz əzizləri olan şəhidə yazdığı məktubları və ürək sözləri ilə tanış ola biləcəklər.

Eyni zamanda şəhid ailələri bu layihəyə qoşula bilər və məktublarını, fotolar və məlumatları info@mubarizim.com elektron ünvanına göndərə bilərlər.

İlk olaraq Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş Habil Yunus oğlu Həsənovun anası Ərkinaz xanımın oğluna yazdığı məktubu təqdim edirik.

Canımın bir parçası, əziz övladım Habil. Yenə qəlb sızıltısı və can yanğısı ilə sənə məktub yazıram. Bəli, sənə! Şəhid olduğun xəbərini aldığım gündən qəlbimi ovutmaq, bu dərmansız dərdimi az da olsa yüngülləşdirmək üçün sanki, sən sağmışsan kimi davranaraq sənə məktublar yazıram. Onları yazır, oxuyur, yenidən yazır, yenə yazıram. Hər zaman qəlbimdə səninlə danışıram. Birdən düşünürəm: bu dünyada ən ağır iş və çətin vəzifə ana olmaqdır. Ən dəhşətli dərd isə bala dərdi, övlad həsrətidir. Çünki, yalnız ana bu qədər sitəmə tab gətirəcək varlıqdır.

Əziz oğlum, acı xəbərini aldığım gündən aylardır, illərdir ki, bircə an belə səni düşünmədiyim olmadı. Sinəmdən ahlar, dilimdən ağılar, bayatılar, üzümdən həsrət, intizar heç əskik olmadı. Gözlərimdən hər zaman qanlı yaşlar axdı. Bir gün belə onların acı göz yaşsız olmadığını görmədilər. Artıq sənin həsrətin uğrunda onlar da öz nurunu itiriblər. Həyat mənim üçün çox sıxıcıdır. Ancaq yenə də dözürəm. Anayam axı..

Əziz oğlum, birdən səninlə bağlı o qədər gözəl xəyallar qururam ki, ….. (Mənə doğru gəlirsən, səni bağrıma basıram, doğma qoxunu içimə çəkirəm, o gözəl gözlərinə baxıram, baxıram….


Ah, canım övladım, kaş bu xəyallar gərçək ola bilsə…..insan bəzən o qədər aciz olur ki….
Sevimli oğlum, ancaq düşünəndə ki mənim cəsur oğlum vətən yolunda, torpaq uğrunda canından keçib, bu zaman bir təsəlli tapır, qürur duyuram. Uca Tanrının şəhidləri sorğusuz sualsız cənnətlə müjdələdiyini düşünəndə sanki, dərdimi unutmuş kimi oluram.

Qoy bu şanlı vətənin və ata-ananın çörəyi, haqqı sənə halal olsun əziz övladım! Siz şəhidlər hər zaman bizim qəlbimizdə yaşayacaqsınız.

Həsənova Ərkinaz Fərhad qızı

 

Şərh yaz