108 nəfəri mühasirədən çıxaran şəhid

Azərbaycanın Qubadlı rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 25 il ötür.

Rayonun müdafiəsi zamanı 283 könüllü qəhrəmancasına həlak olub, onların yeddisi Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Qubadlı rayonunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olan igid döyüşçülərdən biri də Həsən Qorxmaz idi.
Həsən Qorxmaz kimi tanınan döyüşçü Həsənqulu Qaçay oğlu Qasımov 1969-cu il iyunun 9-da Qubadlı rayonun Qayalı kəndində anadan olub. 1984-cü ildə Qayalı səkkizillik, 1986-cı ildə isə Qubadlı qəsəbə orta məktəbi bitirib.

Həsənqulu orta məktəbi yaxşı oxumağı, intizamlı bir şagird olmağı ilə yanaşı həm də gözəl idmançı idi. Dəfələrlə rayon çempionu olub və respublikanın idman yarışlarında iştirak edib. 1987-ci il noyabrın 9-da sovet ordusu sıralarına çağrılan Qasımov Almaniya Demokratik Respublikasında xidmət edib. 1989-cu ildə hərbi xidməti başa vurduqdan sonra vətənə qayıdıb.

Xalqımızın ağır günlərində silaha sarılaraq vətənin müdafiəsinə uğrunda döyüşlərə atılıb. Şuşa başlayan ilk döyüş yolu Laçında davam edib və doğma Qubadlıda sona çatıb. Laçın şəhəri işğal olunarkən o, el arasında “Qorxmazçılar” adı qazanmış tağımı ilə köməyə gəlib və 108 nəfəri mühasirədən çıxarıb. Sonra Həsənqulunun başçılıq etdiyi tağım Qubadlı rayonuna göndərilib.

O, ömrünün sonuna qədər Ermənistanın sərhədlərində yerləşən Yuxarı Cibikli və onun ətrafını erməni təcavüzündən qoruyub. Ən qaynar nöqtələrdə döyüşlərə atılan Həsən Qorxmaz qorxmazlığı ilə həmişə döyüş nümunələri göstərib.

Həsən Qorxmaz adını isə böyük bir hadisə ilə bağlı olaraq qəbul edib. Belə ki, bir dəfə düşmən gülləsinə hədəf olarkən, güllələr komandirini qoruyan cəsur döyüşçü Qorxmaz Bəxşəliyevə dəyib. Həsənqulu sürücüsü Qorxmaz Əlövsət oğlu Bəxşəliyevlə Şuşada tanış olmuşdu. Cəsurluğu və qorxmazlığı ilə öz adını doğruldan bu igid döyüşçü yoldaşları arasında böyük hörmət qazanıb. Elə komandirinin də həyatını Qorxmaz öz cəsurluğu, özünü qurban verməsi sayəsində xilas edib. Bundan sonra Həsənqulu onu ölümdən xilas edən döyüş yoldaşı Qorxmazın adını özünə ləqəb kimi götürüb. Qarabağ müharibəsi zamanı alnına bağladığı yaşıl lentdə “Həsən Qorxmaz” yazısı var idi. Şəhid olan gününə kimi lenti alnından açmayıb.

 

Azərbaycan xalqı da onu Həsən Qorxmaz kimi tanıyıb. O, Laçın, Şuşa döyüşlərində iştirak edib və çox mərdliklə döyüşüb. Bütün döyüşlərdən mərdliklə çıxan Həsən Qorxmazın son döyüşü 1992-ci il dekabr ayının 10-da Yuxarı Cibikli kəndində olub. Həmin gün düşmən Yuxarı Cibikli kəndinə geniş miqyaslı hücuma keçib. Qüvvələrin qeyri-bərabər olduğu bu döyüşlərdə cəsur döyüşçü igid bacarıqlı komandir Həsən Qorxmaz qəhrəmanlıqla şəhid olub. Qubadlı Şəhidlər Xiyabanında dəfn olunub.
Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Mənbə: AzVision.az

Şərh yaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.