Qarabağın şəhid qadınları: Rəhilə Qarayeva

23 yaşında şəhidlik zirvəsinə yüksəldi

Rəhilə Qarayeva 1970-ci ilin 22 martında Tovuz rayonunun Qədirli kəndində dünyaya göz açıb. O, məktəb illərində dalaşqan olmasa da, haqsızı, ədalətsizi cəzalandırmağa hər an hazır idi. Qayğısız çağları isə bir göz qırpımında ötüb keçirdi. Daha sonra Sumqayıt şəhərinə köçən Rəhilə peşə məktəbində təhsil alır. O vaxt yurdseverlər Azərbaycan adlı bir məmləkəti xilas etməyə, Vətənin başı üstünü almış təhlükəni sovuşdurmağa çalışırdılar. Rəhilə də yurdun layiqli övladları kimi, azadlıq, müstəqillik arzusu ilə alışıb yanırdı. Qarabağ müharibəsi başlayanda isə qəti qərar vermişdi: cəbhəyə gedib düşmənlə ölüm-dirim savaşına qalxmalı.

Rəhilə Qarayeva 1992-ci ilin aprelində döyüş bölgəsinə yola düşür və Qubadlıdakı “N” saylı hərbi hissənin ikinci taborunda qulluq etməyə başlayır. Rəhilə Komsomol qızı Qarayeva əvvəlcə tibb məntəqəsində çalışırdı. Yaşıdları Simarə və İlhamə kimi, o da tibb bacısı Dilşaddan ilk yardım göstərməyin incəliklərini öyrəndi.

Təlim meydanında avtomatdan atəş açmaq da Rəhilə üçün çətin olmadı, atdığı güllələr hədəfə dəyirdi. Bir qədər sonra Rəhilənin sorağı igidlikdə adı dilbər əzbəri olmuş Həsən Qorxmazın bölüyündən gəldi. Həmin bölüyün komandirinin adı da erməni quldurların “qara” siyahısında idi. Günlərin birində xəbər yayıldı ki, düşmənin silahlı dəstəkləri Yuxarı Cibikliyə hücum edib. Hiyləgər yağılar Əyin kəndində qarşıqlıq salıb bizim döyüşçülərin diqqətini bura yönəltmiş, daha böyük canlı qüvvəsini və texnikasını Yuxarı Cibikliyə yeritmişdi.

Ermənilər kəndə girib evlərə od vurmuşdular. Həmin döyüşdə Rəhilə də iştirak edirdi. Qəhrəmanlıqda digər yoldaşlarından heç də geri qalmırdı. Amma Rəhilə Qarayevanın döyüş yolu 1993-cü ilin yayınadək davam etdi. İyulun 31-də Qubadlı torpağında, qanlı döyüşlərin birində 23 yaşında şəhidlik zirvəsinə yüksəldi.

Şəhid Rəhilə Qarayeva Tovuz rayonunun Qədirli kəndində dəfn olunub. Allah rəhmət eləsin…

Müəllif: Leyla Həsənova

Şərh yaz