Şəhid İlqar Həsənovun adına küçə verilib

Tərtər şəhərində ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıqla həlak olmuş və “İgidliyə görə” medalı ilə təltif edilmiş şəhid İlqar Həsənovun adı verilən küçənin əsaslı təmirdən sonra açılışı olub. Bu münasibətlə keçirilən mərasimdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları, hərbiçilər iştirak ediblər.

Tərtər şəhərinin abad küçələrinə Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun, “Azərbaycan bayrağı” ordenli Mehrac Mahmudovun, “İgidliyə görə” medalı ilə təltif edilmiş Nicat İsgəndərovun adları verilib. Yaxın vaxtlarda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adı da küçələrdən birinə veriləcək.

Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri, şəhid İlqar Həsənovun döyüş yoldaşı Suliddin Yusibov, şəhidin anası Bağdagül Həsənova, Cümə məscidinin axundu Sadiq Cəfərov, şəhidin qardaşı Ağalar Həsənov, Ələsgərli kənd tam orta məktəbin şagirdi Paşa Adıgözəlli adı Tərtər şəhərinin küçəsində əbədiləşən həmyerlilərinin döyüş yolundan danışıblar.

Sonra İlqar Həsənovun adını daşıyan küçəyə vurulmuş barelyefin üzərindən ağ örtük götürülüb, önünə gül dəstələri düzülüb.

Ziyəddin SULTANOV,
“Xalq qəzeti”

Şərh yaz