“Şəhid obanın, şəhid ananın şəhid oğlu” haqqında filmin təqdimatı keçirilib

Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurası və “Veysəloğlu” Şirkətlər Qrupunun təşəbbüsü ilə hazırlanan aprel şəhidi polkovnik-leytenant Raqub Orucova həsr olunmuş “Bitməyən müharibənin qəhrəmanları” silsiləsindən “Ruhun həsrəti” filminin təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov filmin hazırlanmasında əməyi keçən hər kəsə təşəkkür edib.

O bildirib ki, Mətbuat Şurası indiyə qədər 10-a yaxın film hazırlayıb və qəhrəmanlarımızın həyat yolları həmin filmlərdə öz əksini tapıb: “Dünən Azərbaycan ordusunun 100 illiyi ilə bağlı möhtəşəm parad keçirildi. Ölkə başçısı da çıxışında mühüm məqamlara toxundu. Bir daha əmin olduq ki, sülh yolu ilə mümkün olmasa, hərbi yolla öz torpaqlarımızı qaytaracağıq”.

Millət vəkili Gövhər Baxşəliyeva bildirib ki, torpaq, vətən uğrunda şəhid olan hər bir qəhrəmanımız haqqında belə filmlər çəkilməlidir, xatirələri əbədiləşdirilməlidir: “Mən onun ölümündən xeyli əvvəl belə bir kəşfiyyatçının, igidin olduğunu eşitmişdim. Raqub bizim vətəndən getdi, təkcə öz ailəsindən yox. Bu Vətəni Raqub kimi oğullar qurub və yaşadır. Bu cür oğullar sayəsində torpaqlarımıza qayıdacağıq. Hər bir şəhid xanımına, övladlarına diqqət və qayğı ilə yanaşmalıyıq. Raqub haqqında deyilir ki, o, şəhid obanın, şəhid ananın şəhid oğludur. Bu sözlər mənə çox təsir edir. Qüvvələrimizi səfərbər edib torpaqlarımızı geri qaytarmalıyıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Professor Cahangir Məmmədli filmin yüksək peşəkarlıqla hazırlandığını qeyd edib: “Raqubun anası da şəhid olub. O, torpaqlarımız işğal olunan vaxt həlak olub. Ona görə də Raqub şəhid olanda anası ona ağlaya bilmədi. Raqub üçün ağlayanlar necə ürəkdən sızlayırsa, mənə elə gəlir ki, onu anası əvəzindən də ağladılar. Mən şəhidimin xanımına səslənirəm – başını uca tut. Bütün şəhid xanımları qürur hissi keçirməlidirlər”.

“Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə, o cümlədən “Veysəloğlu” Şirkətlər Qrupuna öz təşəkkürünü bildirib: “Bu mövzunu davam etdirmək lazımdır. Sevindirici haldır ki, iş adamları öz gəlirlərinin bir hissəsini bu cür işlərə ayırırlar. Məktəblərdə bu mövzularda dərsdən kənar mənəvi söhbətlər aparılmalı, viktorinalar təşkil edilməli, şagirdlərlə sual-cavablar keçirilməlidir. Şəhidlər Tanrı tərəfindən seçilmiş insanlardır. Şəhidlik o zaman baş verir ki, o insanların gözünə nə ailə, nə uşaq görünür, yalnız Vətən haqqında düşünürlər. Filmdən gördük ki, Raqubun ailə üzvləri də mərd insanlardır. Şəhidlərimizin ruhları şad olsun”.

Millət vəkili Aqil Abbas bildirdi ki, film adamı kövrəldir: “Şəhidlərin dəfn mərasimində deyirlər ki, haqqınızı halal edin. Bu fikri qəbul etmirəm. Bizim şəhidlər üstündə haqqımız yoxdur. Onlar bizə haqqını halal edə bilər. Aprel döyüşləri şanlı tariximizdir. Ölkədə xeyli kanal var. Hamısı bu cür filmləri nümayiş etdirməlidir. Müğənnilərə ayrılan vaxtı bu mövzuya ayırsınlar”.

Millət vəkili Sona Əliyeva vurğuladı ki, bizim insanlarda vətənpərvərlik hissi yüksəkdir: “Dünən də qürurlu bir gün yaşadıq. Prezidentin çıxışı sayəsində torpaqlarımıza qayıdacağımıza bir daha əmin olduq”.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev nəzərə çatdırdı ki, bu cür filmlərin mənəvi əhəmiyyəti böyükdür: “Mən Raqub Orucovun xanımı qarşısında baş əyirəm. Var olasınız”.

Tədbirdə çıxış edən tanınmış jurnalist, şəhid övladı Zaur Əhməd şəhidləri bölgələrə, rayonlara bölməməyi xahiş etdi: “Raqub Orucovla ilk görüşümdən sonra şəhid övladı olmağımla qürur duydum. Həmin görüşə qədər kim mənim şəhid oğlu olduğumu bilirdisə mərhəmət hissi ilə yanaşırdı. Raqub Orucov isə bu statusa qürur hissini qatdı”.

“Veysəloğlu” Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri və bu kimi filmlərin ərsəyə gəlməsində böyük əməyi olan tanınmış jurnalist İlham Məmmədzadə isə çıxışında bu kimi mövzulara açıq olduqlarını bildirdi: “Şirkətimizin rəhbərliyi vətənpərvərlik mövzularında, şəhidlərin tanıdılması istiqamətində bütün təkliflərə açıqdır. Təkcə son aylarda həm Cümhuriyyət, həm də şəhidlərimizlə bağlı bir neçə kitab və filmin ərsəyə gəlməsinə dəstəyimizi əsirgəməmişik”.

Sonda çıxış edən Raqub Orucovun xanımı Sevinc Orucova hamıya təşəkkürünü bildirdi: “Zaur Əhmədin sözü ilə tamamilə razıyam, heç kimin bizə yazığı gəlməsin, bizimlə qürur duysunlar. Raqub Vətən üçün, torpaq üçün şəhid oldu.”

Tədbirdə çıxış edən digər natiqlər filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür ediblər və bu cür işlərin davam etdirilməli olduğunu vurğulayıblar.

Qeyd edək ki, filmin ssenarisi və səsləndirilməsi şəhidin həyat yoldaşı Sevinc Orucovaya məxsusdur. Filmdə şəhidin ailə üzvləri və döyüş yoldaşları, tanınmış ziyalılar fikirlərini bölüşür. Filmin rejissorları Kəmalə Mirzəyeva və Miranə İsmayıl, operatoru Xəyyam, montaj rejissoru Rövşən, layihə rəhbərləri millət vəkili Əflatun Amaşov və Bəxtiyar Qaracadır.

Mənbə: Azadinform

Şərh yaz