Şəhid anasına məktub

Ey müqəddəs ana, şəhid anası,
Sənin oğlun, əziz Vətən balası.
Duyğulu qəlbinin kövrək aynası,
O, şəhid balana mən qurban olum.

Vətən üçün igid əsgər böyütdün.
Qayğısını çəkdin, gəzmək öyrətdin.
Məktəbə, təhsilə, dərsə göndərdin,
Ana, Vətən sözü yazmaq söylədin.

Elə söylədin ki, oğluna sözü,
Basıldı qəlbinə o sözün közü,
Oğlun da istədi düşmənin gözü
Çəkilsin, yox olsun, qalmasın izi.

Şəhid anasına məktub yazıram,
Sənlə dərdləşməyə hər an hazıram,
Səni ürəyimin özü sanıram,
Gəl, şəhid balanın özündən danış.

Xəyal et beşikdə yırğalayırsan,
Dəcəl işlərini xatırlayırsan,
Ağlayanda öpüb, qucaqlayırsan,
Dil açanda necə danışır, danış.

Qurandan bildiyim bütün əzbərim,
Dilimdə işlənən şirin sözlərim,
Sənin gözlərinə baxan gözlərim,
Ey müqəddəs ana, sənə qurbandır,

Allahdan onlara rəhmət dilərəm,
Ruhu qarşısında baş da əyərəm,
Qələbə günündə gedib deyərəm,
Yerin rahat olsun, ey şəhid balam.

Müəllif: Gülnarə Nəsibova (Şəki)

Mənbə: “Şərq” qəzeti

Şərh yaz