Mübarizim.com Qarabağ müharibəsi iştirakçısı, yazıçı Əli Əliyevin “Əlli dörd gün erməni mühasirəsində”kitabından yazıları təqdim edir.
Kitabı Mübarizim.com saytına yazıçının oğlu, jurnalist İmdad Əlizadə təqdim edib. Silsilə olaraq kibada əks olunan hadisələri siz dəyərli oxucuların diqqətinə çatdıracağıq.
Əlli dörd gün erməni mühasirəsində – I yazı
Əlli dörd gün erməni mühasirəsində – II yazı
Əlli dörd gün erməni mühasirəsində – III yazı
Dördüncü hissə
AYRILIQ
1993-cü il martın 31-i. Soyuq və küləkli bir gün idi. Görünür, təkcə təbiətlə bağlı deyildi, həm də yaxınlaşan düşmən təhlükəsinin gətirdiyi soyuq idi. Oğuldərədən bir neçə kilometr aralıdakı cəbhə bölgəsindən həyəcanlı xəbərlər gəlirdi. İşğal zamanı elektrik, telefon xətləri də sıradan çıxarılmışdı. Azərbaycan Ordusu Laçının bir neçə kəndini, o cümlədən Oğuldərəni erməni işğalından azad etsə də, Laçının mərkəzi düşmənin nəzarətində olduğundan kommunikasiya xətlərini bərpa etmək mümkün olmamışdı. Ona görə də ölkədə, cəbhə xəttində baş verən hadisələr haqda xəbərləri öyrənmək çox çətin idi. Məlumatları yalnız el arasında “əl radioları” adlandırılan kiçik radioqəbuledicilərdən almaq mümkün olurdu.
Radio xəbər verirdi ki, Ermənistan silahlı birləşmələri Kəlbəcərə hücumları intensivləşdirib, rayon bir neçə istiqamətdən düşmən həmləsinə məruz qalıb. Cəbhə bölgəsindən aldığımız xəbərlər də narahatlığımızı artırırdı. Çünki Kəlbəcərin işğalı bizim erməni mühasirəsinə düşməyimiz demək idi. Düşmənin caynağından qurtulmaq üçün uzaq yol qət edib Kəlbəcərdən keçməliydik. Ermənilər Kəlbəcəri işğal edənədək oradan çıxa bilməsək, bizi ölüm, əsir düşmək təhlükəsi gözləyirdi.
Laçından Kəlbəcərə gedən yolun kənarında yerləşən Qorçu kəndinin sakinləri deyirdilər ki, bir neçə gündür Laçın cəbhəsində yerləşən Azərbaycan qoşun birləşmələrini, texnikanı yerləşdikləri mövqelərdən çıxarıb gecəylə Kəlbəcər istiqamətinə aparırlar. Xəbər bizi narahat etdi. Səbəbini öyrənməyə çalışsaq da, bunun bir nəticəsi olmadı. Laçın cəbhəsində yerləşdirilmiş ordu hissələrinə rəhbərlik edən şəxslərdən yalan cavablar aldıq. Dedilər ki, Laçın cəbhəsindən qoşunların çıxarılması ermənilərin Kəlbəcərə hücumu ilə bağlıdır, yuxarıdan Kəlbəcərə kömək göndərilməsi haqda göstəriş verilib. 701 saylı birqadanın komandiri polkovnik Əzizağa Qənizadə dedi ki, narahat olmayın, ermənilər Kəlbəcərə hücum edib, cəbhənin həmin istiqamətində kömək lazımdır, bir neçə gündən sonra ordu geri – Laçın cəbhəsinə qayıdacaq. O bizi arxayın etdi ki, Laçın cəbhəsində əsgər çoxdur. Ermənilər heç nə edə bilməzlər. Təbii ki, real təhlükə ilə üz-üzə olduğumuza görə bu cavablar bizim narahatlığımızı azaltmadı.
Mart ayının 30-da axşamtərəfi məlumat aldıq ki, qonşuluqdakı Qorçu kəndinin sakinləri artıq kəndi tərk etməyə başlayıblar. Bu xəbəri eşidən kimi kəndin ortasına toplandıq, müzakirə etdik və sabaha qədər gözləmək qərarına gəldik. Sabah yenidən Laçın cəbhəsinin qərargahının yerləşdiyi Ərikli kəndinə gedib vəziyyəti öyrənməyi nəzərdə tuturduq. Gecəni narahat yatdıq. Evimizin pəncərəsi kəndə daxil olan yola tərəf idi. Yatmamışdan əvvəl uşaqlarıma dedim ki, ermənilər gecə hücum etsələr, çölə çıxmayın, evin künclərində gizlənin. Yatağa girəndə paltarlarımı soyunmadım, avtomat silahı hazır vəziyyətdə, ehtiyat güllələrlə bir yerdə yastığımın altına qoydum. Gecə nə baş verəcəyini heç kim bilmirdi.
Səhər açıldı. Təqvimdəki tarix 31 martı göstərirdi. Mal-qoyuna ot, su verib evə qayıtdıq. Səhər yeməyi üçün süfrə arxasında oturduq. Həyat yoldaşım samovardan çay süzürdü. Amma heç kim bir tikə də yemirdi. Oturduğumuz otağın pəncərəsindən kəndə daxil olan yol görünürdü. Kəndimizə iki nəfər hərbi geyimli şəxs gəldi. Dərhal həyətə çıxdım, uşaqlar da ardımca gəldilər. Süfrə açıq, çay stəkanlarda qaldı. Kəndə gələnlər Laçın polisinin əməkdaşları idi. Biri vaxtilə şagirdim olmuşdu, qorçulu Cəfərin oğlu Zöhrab idi. Bizə vəziyyətlə bağlı məlumat vermək üçün gəlmişdilər. Vəziyyətin ağır olduğunu bildirdilər:
– Əli müəllim, vəziyyət çox ağırdır. Laçın cəbhəsindəki bütün qüvvələr mövqelərini tərk eləyib. Ermənilərlə üzbəüz postlarda heç kim qalmayıb. Erməni hərbi birləşmələri heç bir maneəyə rast gəlmədən bura yaxınlaşırlar. Təkcə siz qalmısınız. Təcili kəndi tərk eləyin.
Hərbçilər bunu deyib getdilər. Onlardan fərqli olaraq, bizim kəndimizi, doğma evimizi, ata-baba yurdumuzu tərk etməyimiz asan iş deyildi. Digər tərəfdən isə, piyada getməsi mümkün olmayan qocaları, qadınları, uşaqları aparmaq üçün maşın yox idi.
Kənddə yalnız bir nəfərdə – Abdulkərimov Kamalın oğlu Məcidin “QAZ-52” markalı sınıq-salxaq bir avtomobili vardı. Bu avtomobilin texniki imkanları qarlı-palçıqlı dağ yolları ilə hərəkət etməyə imkan vermirdi. Kəndin ortasında dəhşətli vəziyyət yaranmışdı. İnsanlar ağlaşır, nə edəcəklərini bilmirdilər. Heç kim də qocaları, arvad-uşağı düşmən caynağına vermək fikrində deyildi, onları nəyin bahasına olursa-olsun xilas etmək lazım idi. Düşmən qarşısında əlacsız və köməksiz qalan adamların bir fikri vardı: nəyin bahasına olur-olsun hamımız bir yerdə hərəkət etməliyik. İstər kənddən çıxmaq olsun, istər qalmaq.
Arif Zülfüqarovun vəziyyəti daha ağır idi. Anası Pəri İbrahimova bir neçə il əvvəl iflic olmuşdu, ağır yataq xəstəsi idi. Arif söylədi ki, anasını aparmaq imkanı olmasa, heç yerə getmək, Oğuldərəni tərk etmək niyyətində deyil, ailəsi, uşaqları ilə birlikdə kənddə qalacaq.
Erməni silahlı birləşmələri artıq bizdən bir qədər aralıda olan kəndləri də tutmuşdular, evləri yandırırdılar, tüstü göyə qalxırdı. Düşmən heç bir maneəsiz olduğumuz əraziyə yaxınlaşsa da, Arif dediyindən dönmürdü. Qohum-qardaşı belə vəziyyətdə tək qoyub getmək yolverilməz olduğuna görə heç kim bununla razılaşmırdı.
Belə bir ağır vəziyyətdə Kamal oğlunu göndərdi ki, qocalar və uşaqların hamısı hazırlaşsın, maşınla gəlir onları götürməyə. Bir qədər sonra maşın gəldi və yeriyə bilməyən yaşlıları, uşaqları maşına mindirdik. Maşın evlərdən bir qədər aralıda dayanmışdı. Arif neçə ildi yataq xəstəsi olan anası Pəri xalanı kürəyində maşına gətirdi, yerini rahatladı. Sonradan Pəri xala Murovdağda donaraq dünyasını dəyişmişdi. Arif deyir ki, kürəyimdə apardığım anamla sonuncu görüşüm olduğunu haradan biləydim, bir daha onu görmədim.
Hələ maşın gəlməmiş mən iki körpə uşağımın – Rəhimə və Xıdırın əlindən tutub gözləyirdim. Rəhimənin yeddi, Xıdırın beş yaşı vardı. Onlar altdan yuxarı üzümə baxır, dodaqlarını büzür, ağlamaq istəyirdilər. Amma ağlaya bilmirdilər. Yenə də özümü toplayıb onlara ürək-dirək verirdim. Dilə tuturdum: “Qorxmayın! Qorxulu heç nə yoxdu. Dostlarınız da, yoldaşlarınız, tay-tuşlarınız da burdadı. Siz maşınla gedin, mən də dağı aşıb gəlirəm. Gəlib sizə çatacam”.
Maşında oturan Əsli arvad ətrafına narahatlıqla boylanaraq həyat yoldaşı Temir İbrahimovun niyə gəlmədiyini soruşdu: “Qoca kişidi. Piyada gələ bilməz. Çağırın gəlsin. Nə ağıl eləyir qalır? Sən Allah, saxla! Mayor, atanı çağır”.
Başımız qarışıq idi. Bilmədim ki, çağıran oldu, ya olmadı, amma Temir əmi gəlmədi. İkicə gün ondan sonra oğlu Ağaşirin, bacısı oğlu Mötəbərlə birlikdə Kəlbəcərdə itkin düşdülər.
Qarı-qocanı və uşağı yığdıq maşına. Maşın yerindən tərpənəndə uşaqlı-böyüklü hamının ağlaşma səsi dağları lərzəyə salmışdı. Bu, bir ildə ikinci dəfə doğma evindən, torpağından didərgin salınan insanların ürək göynədən fəryadı idi. Həmin mənzərə onun şahidi olanların yaddaşından heç vaxt silinməyəcək.
İnsanla dolu “QAZ-52” palçığı yara-yara, sürüşə-sürüşə yola düşdü. Palçığa bata-bata maşının dalınca yüyürdüm, “Ağlamayın, ağlamayın” deyib qışqırdım. Səsimi eşidən olmadı, maşın gözdən itdi. Evə tərəf qayıtdıq. Piyada gedəsi adamları yola salmalı idik. Qalan arvad-uşağı, qız-gəlini piyada yola saldıq. Piyada gedən arvad-uşaq da ağlaya-ağlaya yola düşdü.
Hər kəs öz evindən gücü çatanla – təzə paltar, adyal, ayaqqabı şəllənmişdi. Bundan başqa, yalnız çörək götürülürdü. Az şey götürmək lazım gəlirdi ki, at yolda yorulmasın, tez yerimək mümkün olsun. Bir də ayağı tutmayan adam olsa, ata mindirmək lazım gələrdi.
Oğlum İmdadı yanımda saxladım. Gedənlər kənddən uzaqlaşandan sonra dedim ki, qaç, gedən adamlara çat. Getmək istəmədi, amma mən razılaşmadım. İmdad da yüyürə-yüyürə məndən uzaqlaşdı. Bir neçə nəfər kişi kənddə qaldıq ki, ev-eşiyə, mal-qoyuna baxaq. İki nəfəri – Ağaşirini və Muxtarı piyada gedən dəstəyə qoşduq ki, gedənləri Kəlbəcərin Tirkeşəvənd kəndinə qədər yola salıb bizə bir dəqiq xəbər gətirsinlər, görək Kəlbəcərin işğal olunması şayiədir, yoxsa gerçək, əhali qaçır, çıxır, ya yox…
***
1993-cü il martın 31-dən aprelin 1-nə keçən gecə Kəlbəcərin Qalaboynu kəndindən olan Əbülfəz yanımıza gəldi, atdan düşmədi. O, 1992-ci ildən Oğuldərədə yaşayırdı, kəndin qurtaracağında heyvan saxlayırdı. Amma ailəsi Qalaboynuda idi. Əbülfəz dedi ki, ermənilər Kəlbəcəri işğal edib, yol bağlanıb, əhali qaçır, təcili yola düşün, dağlardan aşan gizli yollarla mühasirədən çıxmağa çalışmaq lazımdır. Onun sözlərinə şübhə ilə yanaşdıq, inanmadıq. Müzakirə etdik və getməmək qərarına gəldik. Əbülfəz Oğuldərə sakini Tofiq Salahovun dalınca, ona xəbər çatdırmağa gəlmişdi. Tofiqlə birlikdə getdilər.
Biz isə Oğuldərədə qaldıq və Tirkeşəvəndə xəbər üçün göndərdiyimiz adamları gözlədik. Ondan qorxurduq ki, biz bir yolla gedərik, onlar isə başqa yolla kəndə qayıdar və bir-birimizi tapmarıq. Bir qədər sonra Laçın cəbhəsindən iki nəfər – Şakir İsgəndərov və Ədalət Verdiyev gəldilər. Onlar da dedilər ki, Azərbaycan Ordusu hələ Laçın cəbhəsində dayanıb, mövqelərini müdafiə edir, ermənilərin hücumunun qarşısını alır.
Ağaşirin və Muxtar ertəsi gün gəldilər. Xəbər gətirdilər ki, Tirkeşəvənd kəndində tək-tək adam var, əksəriyyət gedib. Bildirdilər ki, ermənilərin Kəlbəcərə hücumunun qarşısı alınıb, vəziyyət yaxşıdır. Kəlbəcərdən və Laçın cəbhəsindən gələn xəbərlər üst-üstə düşürdü və bizi arxayın saldı. Bizə də ermənilərin hücumunun dayandırılması lazım idi. Erməni separatçılarının hücumunun qarşısının alındığına dair məlumatlardan sonra kənddə qaldıq.
1993-cü il aprelin 1-də qərara aldıq ki, piyada yola düşənlərin arxasınca getmək lazımdır. Bir o qədər qarı-qocanın, arvad-uşağın əziyyətini beş-altı adam çəkə bilməzdi. Gedənləri Kəlbəcərin bir kəndində saxlamağı, orada yerləşdirməyi, soyuqdan-aclıqdan qorumağı düşünürdük. Dedik ki, vəziyyət yaxşı olsa, kəndə qayıdarıq, ağır olsa, Kəlbəcər əhalisinə qoşulub çıxarıq. Bu məqsədlə mən, Mötəbər və Ədalət (Ədalət Laçın rayonunun Lolobağırlı kəndindəndi, anası bizim kənddəndi) saat üçdən sonra yola düşdük.
Kəlbəcərin Oğuldərəyə yaxın kəndi Tirkeşəvənddir, iyirmi-iyirmi beş kilometr uzaqdadır. O kəndi Oğuldərədən uca dağlar ayırır. Enişli-yoxuşlu, daşlı-kəsəkli dağ yolu ilə getmək heç də asan deyildi. Yer palçıq olduğundan tez yerimək mümkün olmurdu. Hər beş-on dəqiqədən bir dayanır, ayağımızın palçığını təmizləyir, yola davam edirdik. Beş-on dəqiqə keçməmiş yenə də ayaqlarımız daş kimi ağırlaşırdı.
Laçınla Kəlbəcəri ayıran Çilgəz yaylağının Sarıyoxuş adlanan yerinə çatdıq. Buradan baxanda həm Laçın tərəfdəki, həm də Kəlbəcər üzdəki dağlar sanki adamın ayağı altında qalır. Dağların sinəsini meşələr bəzəyir. Yazın ilıq, mülayim nəfəsi duyulur, qarı təzəcə ərimiş torpaqdan qalxan xoş ətir adamın burnunu oxşayırdı. Adam bacardıqca bu ətri daha çox canına, sinəsinə, nəfəsinə çəkmək istəyirdi.
Belə ağır faciələrə, dərd-qəmə baxmayaraq, adam ani də olsa xoşhal olurdu. Dağlar, meşələr yamyaşıl idi. Düşünəndə ki, ata yurdundan, təmiz havadan, uca dağlardan, göz yaşı kimi dumduru, soyuq sulu, şırıl-şırıl axan bulaqlardan ayrılmağa məcbursan, adam, heç olmasa, ölüb burada qalmaq istəyirdi. Amma həyat şirindir, ölmək də olmurdu.
Bu yerlərin ta qədimdən erməninin olduğunu göstərən heç bir nişanə yoxdur. Üzü qibləyə olan qəbirlər, başdaşlarındakı yazılar göstərirdi ki, qədimdə də burada müsəlman-türk yaşayıb. İndi erməni bizi qovur ki, bura sizin torpaq deyil, gəlməsiniz…
Çilgəz dağında, yamaclarda yiyəsiz mal-qoyunun sayı-hesabı yox idi. Sahibləri atıb qaçmışdı. Mal naxırı, qoyun sürüsü bir-birinə qarışmışdı, bir yerdə otlayırdı. Yiyəsiz itlər sahibsiz mal-qoyunun yanınca gəzir, gah hürüşür, gah da o baş-bu başa qaçır, ulaşır, sahiblərini axtarırdı. Bütün bunlar vəziyyətin ağır olduğundan xəbər verirdi.
Tirkeşəvənd kəndinə gəldik. Kənddə bir insan belə yox idi. Lələ köçmüşdü, yurdu qan ağlayırdı. Mal-qara, toyuq-cücə bir-birinə qarışmış, dağlara səpələnmişdi. Çox həyətdə it bağda, evlərin əksəriyyətinin qapıları açıq, süfrələr sərili, samovarlar dəmdə, xəmir yoğrulu qalmışdı.
Biz tərəflərdə Tirkeşəvənd Bəylik kəndi kimi tanınır. Bu kəndin adı boş yerə Bəylik deyil. Bir vaxt əsilli-nəsilli bəylərin kəndi olub. İki çayın arasındakı evə tərəf yollandıq. Mötəbər dedi ki, bura Baxış bəyin evidir. Baxış bəyin atası İmran bəyin anası, Baxış bəyin öz anası və Baxış bəyin qardaşı Hacağa bəyin (Hacağanın oğlu Laçında şəhid oldu) həyat yoldaşı bizim kənddəndir, qohumdur. Başqa sözlə, bu xaraba kənddə yenə də öz qohumumuza “qonaq olduq”. Guya başqa evə bizi qoymurdular.
Çıraq yandırdıq. Hələ kəndin arası ilə gələndə yolun alt-üstünə yorğan, paltar, ayaqqabı, müxtəlif bağlamalar səpələnmişdi. Mən yolun qırağında uşağımın sığallaya-sığallaya, az-az geyindiyi paltarlarını gördüm, az aralıda isə Mötəbər öz uşağının paltarlarını tapdı. Elə düşündük ki, erməni arvad-uşağı girov götürüb, paltarı tökməyə məcbur ediblər. Mühasirədən çıxandan sonra öyrəndim ki, vəziyyət ağır olub, dayanmaq mümkün olmayıb. Ağsaqqallar deyib ki, kimin əlində, şələsində nə varsa töksün. Gecə-gündüz yol gedəcəyik. Onlar da hər şeyi atıblar.
Vaxt az idi. Azca dincəlib geriyə – Oğuldərəyə qayıtmalı, qalan adamı çıxarmalıydıq. Amma dildə qayıtmaq demək asandır. Çünki yol uzaqdır, çoxlu eniş-yoxuşu var, həm də yağış yağmışdı, qışdan qalan qar əriyirdi, yer palçıq idi. Özümüz də piyadaydıq.
…Olduğumuz evə iki oğlan gəlib çıxdı. Laçının Budaqdərə kəndindən Uğurlunun oğlanları. Eşitmişdim ki, ataları faciəli şəkildə həlak olub. Başsağlığı verdim. Köçləri bir gün əvvəl bizim kənddən keçmişdi. Bunların nəsə işi olub, ayrı düşüblər. Anasını soruşdu. Dedi, burada bizim üçün at bağlamalı idilər ki, minib arxadan onlara çataq.
Biz heç kimi görməmişdik. Qardaşlar tələsirdilər. Yola düşəndə mən də istədim onlarla gedim. Mötəbər ayrılmağa razı olmadı.
Qardaşlar getdi. Mühasirədən çıxandan sonra bildim ki, itkin düşüblər.
Qorxurdum ki, ayaqlarım tutmasın, yorulub yolda qalım. Təklif verdim ki, siz qayıdın kənddə qalan adamın dalınca, mən burada sizi gözləyirəm. Yenə də Mötəbər razı olmadı. Dedi ki, gör neçə yerə bölünmüşük, bir də pərən-pərən düşməyək, bölünməyək. Mötəbər belə deyəndən sonra fikrimi dəyişdim və birlikdə getmək qərarına gəldik.
Bilmirəm bir saat, yoxsa saat yarım dincəldik. Dincəldik deyəndə qəribə səslənir, sanki od üstündə oturmuşduq. Çöldə gecə öz zülmət yorğanını çoxdan yerin üzünə sərmişdi. Geriyə yola düşdük. Yerdə də, göydə də bir qəmginlik var idi. Dağlar da yasa batmışdı.
Oğuldərəyə qayıdırdıq, Tirkeşəvənddən bir qədər aralıda, Kəlbəcər–Laçın yolunun kənarında adyala bürünmüş bir nəfərlə rastlaşdıq. Yanında xeyli mal-qoyun, at vardı. Dedim ki, mal-qoyuna bənd olub qalmısan, niyə getmirsən, yol bağlanıb, ermənilərin mühasirəsinə düşmüşük, indi mal-qoyun aparmaq vaxtı deyil, sağ qalmağa çalışmaq lazımdır.
Zəif və titrək səslə cavab verdi. Bildirdi ki, mal-qoyun onun deyil, hərbçidir, döyüşdə dizinə güllə dəyib, yaralıdır. Atdan düşdüyünü, yaralı olduğuna görə ata minə bilmədiyini söylədi. Məlum oldu ki, Laçının Alıqulu kəndindəndir, adı Sədrəddin, atasının adı Nurəddindir, Kamran bəyin bacısı oğludur. Dedi ki, atı minməyə kömək edin. Mötəbərlə Ədalət bir qədər aralıda otlayan atı gətirdilər, yaralı döyüşçünü ata mindirdik, silahını verdik. Yaralı olduğuna görə atın üstündə çətinliklə dayanırdı. Yaralı döyüşçü Kəlbəcər, biz isə Oğuldərə istiqamətində yolumuza davam etdik. Mühasirədən çıxandan sonra Sədrəddinin itkin düşdüyünü öyrəndim.
Mən, Mötəbər İbrahimov və Ədalət Verdiyev Oğuldərəyə çatmamış Şakir İsgəndərov təklif edib ki, gedək Laçın cəbhəsinin qərargahı yerləşən Ərikli kəndindən qumbaraatan, pulemyot və başqa ağır silahlar gətirək, burada post quraq, ermənilərin hücumlarının qarşısını alaq. Ermənilər Ərikliyə çatdığına görə Arif bununla razılaşmayıb. Təvəkkül İbrahimov isə silah gətirmək üçün Ərikliyə getməyə razılığını verib. Təvəkkül və Şakir yola düşməyə hazırlaşıblar.
Biz Oğuldərəyə çatanda saat 7-8 olardı. Kəndə çatanda dörd nəfər də aşağıdan – Laçın tərəfdən gəldi, kəndin ortasına eyni vaxtda çatdıq. Tanış olduq, bizim evin yanında dayanıb söhbətləşdik. Adları Valeh, Saşa, Mişa, Valeri və Slavik idi. Ruslar dedilər ki, aprelin 1-də Piçənis kəndində postda idik, əsgər yoldaşlarımız posta gəlməli və biz postu onlara təhvil verməliydik. Lakin gələn olmayıb. Ermənilərin PDM-i posta yaxınlaşıb. Azərbaycan Ordusunun əsgərləri ermənilərə atəş açıb, onları məhv ediblər. Postda olan əsgərlər tank və maşına oturub geri çəkiliblər. Postdakılar vəziyyətin nə yerdə olduğunu bilməyiblər. Qurdhacı kəndinin qəbiristanlığının yaxınlığında ermənilər onlara yenidən atəş açıblar. Valeh Abdullayev atışmada qolundan yaralanmışdı. Şakir və Təvəkkül silah üçün Ərikliyə getmək fikrindən daşındılar.
Mişa Ukraynadan gəlmişdi, qalanı Azərbaycan vətəndaşı və ordunun əsgərləri idi. Dedilər ki, erməni dalımızca gəlir, dayanmaq olmaz. Sonradan bildik ki, Slavik azərbaycanlıdır. Familiyası Şirəliyevdir. Anası rusdur. Azərbaycan dilində bir kəlmə də bilmirdi. Mühasirədə olanda Arif onunla tez-tez zarafat edirdi: “Ay urus, niyə bu uruslar azərbaycanca bilir, sən urus bilmirsən?” Doğrudan da, Saşa və Valeri Azərbaycan dilində təmiz danışırdılar.
***
Doğma ev-eşiklə vida vaxtı çatmışdı. Hamımız ağlayırdıq. Bu evləri tikənə qədər mən, anam Rəhimə, həyat yoldaşım Zeynəb, bacım Cahan, qardaşım Ağa nə qədər əzab-əziyyət çəkmişdik. Mən pulumu axırıncı qəpiyinə qədər sürücüyə, traktorçuya, ustaya vermişdim. Hələ daşa, əhəngə, sementə verdiklərimi demirəm. Tövləni tikəndə o qədər də mal-qoyunum yox idi. İndi isə tövlə ağzınacan qoyun-quzu, at, malla dolu idi. İçəridən çıxan quzular həyətdə atılıb-düşməyə, oynamağa başladı. Mən isə tələsə-tələsə tövlənin qapısını açıq qoydum ki, daldalanmaq istəyən heyvan içəri girib, çölə çıxa bilsin. İti bağdan açdım. Bir də üst evə qalxdım. Hazırladığım əşyaları götürdüm. Üst evin də qapılarını açıq qoydum. Mən onları düzəltdirəndə və yerinə saldıranda elə bilirdim dünya mənimdir. Elə bilirdim ki, ölənə qədər bu evdə rahat yaşayacağam. Heç ağlıma gəlmirdi ki, hələ işimi başa vurmamış, ev-eşiyi rahatlamamış qaçqın olacağam, didərgin düşəcəyəm.
Üst evə qalxdım. Evi axtardım. Bir ağ torba tapdım və həmin ağ torbaya bir cüt qara ayaqqabı, bir cüt yun corab, çörək və yağ-pendir yığdım. İkimərtəbəli və beş-altı otağı olan evimdən, on beş metr uzunluğu, səkkiz metr eni olan tövlədən, tövlə dolu mal-qoyundan, evdəki yorğan-döşəkdən, mebeldən, qab-qacaqdan, stəkan-nəlbəkidən, ata-babadan qalmış mis qablardan, gəbə-kilimdən, xalça-palazdan mənə düşən pay bu oldu – bir ağ torba, bir cüt qara ayaqqabı və bir cüt də yun corab.
Faciəmiz təkcə bununla bitmirdi. Biz hamımız ailəni, oğul-qızı da itirmişdik.
Hazırladığım əşyaları götürdüm. Üst evin qapılarından öpdüm, pilləkənlərin başında üzümü divara söykədim, yenə də öpdüm, aşağıya endim. Pilləkənin ayağında diz çökdüm, üzümü pilləkənə söykədim, gözümün yaşı ilə ağacı və daşı islatdım, yenə də öpdüm. Dilsiz daş-divarla danışdım. Dedim ki, bağışla, ata ocağı, səni qoruya bilmədim.
Çiynimə bir əl dəydi. Baxdım ki, Arifdir. Dedi ki, belə olmaz, biz sənə ümid edirik, sən də belə: “Olmaz! Ayağa dur!”
Durdum. Elə bil bədənimdə sağ yer yoxdu, sümüklərim sanki sındırılmış, əzilmiş, ətimə qatılmışdı. Sürünə-sürünə, ağlaya-ağlaya Arifgilə getdim. Hamı orada idi. Temir əmidən başqa. Çay içdim. Çölə çıxdıq və Temir əmini çağırdıq. Lakin o, 70 il ömür sürdüyü doğma kəndindən, ev-eşiyindən çıxmaq, ayrılmaq istəmirdi. “Heç hara getmirəm, siz gedin. Gördüm ki, erməni gəlir, gizlənəcəyəm. Erməni burada qalan deyil ki… Erməni qayıdan kimi mən də öz işimlə məşğul olacağam”, – dedi. Razılaşmadıq. Temir əmi evə qayıtdı. Ariflə məsləhətləşdik.
Onu bir də çağırdım. Dedim ki, getməsən, biz də səni burada qoyub getməyəcəyik. Razı olma ki, sənə görə bizi də erməni qırsın. Bu söz ona təsir etdi. Könülsüz-könülsüz, çətinliklə, güc-bəla ilə tikdiyi ev-eşiyini qoyub çıxmağa, bizimlə birlikdə getməyə razı oldu. Temir əmi elə bilirdi ki, 1992-ci ildə olduğu kimi, erməni quldurları yenə də Oğuldərədə yalnız bir neçə saat qalacaqlar. Separatçılar tezliklə gedəcək və biz öz doğma torpaqlarımıza, evimizə qayıdacağıq.
Milliyyətcə rus olan əsgərlər isə təşviş və qorxu içində bizi tələsdirirdilər. Deyirdilər ki, ermənilər gəlir, kənddən tez çıxmaq lazımdır.
Oğuldərədə dəhşətli mənzərə yaranmışdı. Biz bu kəndi həmişə abad, hərəkətli, insanla dolu, dağ yamacları mal-qoyun sürülü görmüşük. İndi isə bunların yalnız biri vardı, dağlar, yamaclar mal-qoyunla dolu idi. Kənddə 10-12 nəfərdən başqa heç kim qalmamışdı. Biz isə nə edəcəyimizi bilmirdik. Bir neçə nəfər qəbiristanlığa qaçdı, qəbir daşlarını qucaqlayıb əzizləri ilə vidalaşdı, əziz xatirə kimi saxlamaq üçün torpaq götürdü.