“Böyüyəndə mən də əsgər olacam”

“N” hərbi hissəsinin yaranması günündə kifayət qədər könül xoşluğu  yaşayırdıq. Rayon ictimaiyyəti də, qonaqlar da, veteranlar da, hərbi hissənin əsgərləri də. 90-cı illərdə Tərtəri müdafiə edən əsgərlərin, zabitlərin ürəyini silkələmiş duyğuları sezmək, hiss etmək çətin deyildi. Əlil arabasında gətirilən keçmiş zabitin bir qədər dalğın, bir qədər kövrək, bir qədər qürurlu baxışları məni özünə çəkdi. Öyrəndim ki, Niyazi Qurbanovdu. İstefada olan leytenantdı. Neçə-neçə uğurlu əməliyyatda iştirak edib. Ağdərə ətrafında gedən döyüşlərin birində ağır yaralanıb. Uzun müddət müalicə alsa da, sağlamlığını bərpa etmək mümkün olmayıb. O vaxtdan ayaqları fəaliyyətini itirib.

Niyazi Qurbanov tədbirə 8 yaşlı nəvəsi Şamillə gəlib. Şamili də özüylə gətirib ki, keçmiş döyüşçü yoldaşlarını yaxından tanıtsın, babanın illərin o üzündə qalan, bu gün də yaşayan, yaşadılacaq xatirələrinin kimlərlə qoşa yaşandığını görsün.
Şamil hərbi səhra paltarı geyinib. Çox sevinir.
Söhbətləşdik. Vəzir Orucovdan danışdı, Elman Hüseynovdan danışdı, Pənah Məmmədovdan danışdı, Ağdərə ətrafında gedən döyüşlərdən danışdı. Bu kəlmələri 8 yaşlı uşaqdan eşitdiyimə inana bilmirdim. O qədər emosional danışırdı ki! Dinləyənə elə gəlirdi ki, Şamil həmin döyüşlərin iştirakçısı olub.

– Böyüyəndə kim olacaqsan, balaca? – soruşdum. Tərəddüd etmədən qətiyyətlə “Əsgər olacam”- dedi və tədbirə gələnlərin arxasında nizami qaydada düzülmüş əsgərlərə baxdı.
Babanın qürurunu qürurum bildim. Bu yaşda uşağın düşüncələri babanın da, mənim də, sağımızda-solumuzda dayananların da ürəyini  telləndirdi.

– Əsgər torpağı qoruyur. Torpaq Vətəndi. Babam deyir ki, Vətəni qorumayana oğul deyilməz. Mən böyüyəndə əsgər olacam, torpaqlarımızı Vəzir baba kimi, Yusif baba kimi, Pənah baba kimi, öz babam kimi qoruyacam!…
Şamil tədbir sona çatanacan oturmadı, baxışları əsgərlərdən üzülmədi. Xəyalında 18 yaşlı gənciydi Şamil. Tədbirə dəvət olunmuş əsgərlərin sırasındaydı. Əmr gözləyirdi…

Rəşid HÜSEYNOV, “Azərbaycan Ordusu”

Şərh yaz