“Toyunda qapıya bağladığımız qırmızı lentin rəngi hələ solmayıb”

Düz bir ildir onu tanıyanların gözləri yoldadır. Düz bir ildir doğmaları, dostları və əzizləri gülər üzünü görmür. Dörd aydır dünyaya gələn oğlu isə onun isti nəfəsini heç vaxt duymayıb.

Söhbət Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, 2017-ci ilin fevralında Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin təxribatının qarşısını alan zaman şəhid olan Tural Haşımlıdan gedir.

1988-ci ildə Ordubad rayonunda anadan olub Tural Haşımlı. Atası Əbdül müəllim APA TV-yə açıqlamasında deyir ki, hələ uşaq yaşlarından Tural ona dayaq olub: “Kiçik yaşlarında ailədə maddi problemlərin olduğunu görüb zəhmətə tez alışdı. Mənim bütün işlərimdə – istər həyət-bacada, istərsə də təsərrüfat sahəsində yardımını əsirgəməzdi. Böyüdükcə bütün bu işləri əlində cəmlədi. Əli iş tutanda isə oğlumu hərbçi olmağa əllərimlə göndərdim”.

Ailənin ikinci  oğul övladıdır Tural. Özündən başqa bir bacısı və bir qardaşı var. Olduqca sadə, zəhmətkeş bir ailənin tərbiyəsi ilə böyüyüb: “Naxçıvanda hərbi liseyi bitirdi, təhsilini davam etdirmək məqsədilə Bakıya gəldi. Ali hərbi təhsil aldı. Sevinərək dedi ki, ata, mən döyüş bölgəsinə gedəcəm. 2-3 il xidmət edim, sonra yəqin ki, başqa bölgələrdə xidmətimi davam edəcəm. 6 ay Lənkəranda təlimdə oldu. Orda qala bilərdi, qalmadı. Ərizə yazıb birbaşa cəbhə bölgəsinə yollandı”.

Arzularının ardınca cəbhəyə yollanan Tural ailəsi ilə yalnız xidməti boyu qazandığı uğurları bölüşərmiş. Çətinlikdən, əziyyətdən söz açmazmış: “İnanın, bir dəfə ardınca getdim Lənkərana, sevindi, amma hiss etdim ki, getməyimi istəmir. Narazılığını gördüm getdiyimə görə. Maddi imkana görə heç istəməzdi valideynləri əziyyət çəksin. Beləcə, az da olsa, bir hərbçi həyatı yaşadı”.

Fevralın 27-də onun və özündən başqa şəhid olan daha dörd nəfərin nəşi neytral ərazindən götürülüb. Fevralın 28-də isə Tural Haşımlı Ordubad şəhərinin Şəhidlər Xiyabanında son mənzilə yola salınıb: “Turalın nəşi Naxçıvana gətiriləndə o qədər izdihamla qarşılandı ki… İnsanlardan çox razıyam. Bununla təsəlli tapdım. Tural doğulmamışdan anası ilə mən deyirdik ki, inşallah, o, hərbçi olacaq. Uşaq olanda biz ona bu arzumuzu dedik, elə bu arzu ilə də böyüdü. Turalın babası da Böyük Vətən Müharibəsinin iştirakçısı olmuşdu, Naximov medalı ilə təltif olunmuşdu. Babası da dəniz desantı və minaaxtaran olub. Mən hərdən fikirləşirəm ki, bizim əkinçi olmağımız da oğlumun hərbçi kimi yetişməsində rol oynayıb. Tural torpağı əzbər bilirdi”.

Şəhid olmamışdan 7 ay əvvəl evlənmək qərarı verən gənc qəhrəman özünün bəyəndiyi, ailəsinin də xeyr-dua verdiyi qızla ailə qurur. Bir müddət sonra övladı dünyaya gəlməli idi: “Oğlu sentyabrın 25-də doğuldu. Özü də fevralın 25-də şəhid olmuşdu. Öz adını verdik oğluna. İndi övladının üzünü görməyən əksər şəhidimizin adı onların uşaqlarına qoyulub. Naxçıvan şəhidi var – Qabil, onun da oğlu öz adını daşıyır. Turalla birlikdə şəhid olan Şahların da adını onun övladına veriblər”.

Əbdül müəllimlə Bakıda Turalın əmisinin evində görüşdük. Kiçik Tural isə anası ilə ata yurdu Ordubada getmişdi.

Turalın nənəsi də nəvəsi ilə bağlı xatirələrini bölüşdü: “Hərbçi olandan az-az görürdüm. Deyirdim, Tural, gəl evləndirək səni, deyirdi, nənə, hərbçiyə kimdir qız verən? Dedim, yox, oğlum, ailə qurmaq lazımdır. Deyirdi, nənə, məni burda heç kim tanımır axı. Deyirdim, Tural, sənin orta məktəb yoldaşların var, qohum-əqrəba, el-oba səni yaxşı tanıyır. Nişanlandı və bir aydan sonra toyu oldu. Toylarının 5-ci ayında isə şəhid xəbərini aldıq. Turalın toyunda həyət qapısına bağladığımız qırmızı lentlərin rəngi belə solmayıb”.

Tural Haşımlı göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra “Şücaətə görə” medalı ilə təltif edilib.

Ruhun şad olsun, Şəhidim!

https://www.youtube.com/watch?time_continue=31&v=74MTpCZqkc4

Mənbə: APA TV

Şərh yaz