Bir şəhidin yarım qalan SEVİNCİ

Vətən! Bənzəri olmayan zənginlik! Hər qarış torpağında qanla yazılmış tarixi olan dəyər! Bu dəyər üçün minlərlə igid öz canını fəda etmişdir. Mübariz oğullarının müdafiəsi, fədakarlığı və məhəbbəti sayəsində Vətən tərəqqi edir, çiçəklənir. 1967-ci il fevral ayının 8-də qanla tamamlanacaq bir həyat başlayır. O həyatın sahibi Nuriyev Atamoğlan Baba oğlu idi. O, Neftçala rayonunda kasıb bir ailədə dünyaya gəlir. İlk təhsilini doğulduğu yerdə tamamladıqdan sonra, ali təhsil almaq üçün Ukraynaya gedir və 1985-ci ildə Xarkov Ali Tank Məktəbinə qəbul olur. Təhsilini fərqlənmə ilə bitirən gəncin təyinatı vəzifəsini icra etmək üçün Belarus Respublikası Baranoviç şəhəri Daxili Qoşunlarına verilir.

Bir müddət sonra, 1991-ci ildə ailə həyatı quraraq xoşbəxt bir həyat arzusu ilə vəzifəsinə davam edir. Öz peşəsində təcrübəli kadr olduğu üçün müxtəlif ölkələrdən təklif və tələblər gəlsə də bütün bu təklifləri gözardı edərək, Baranoviçdəki vəzifəsini davam etdirir. Qarabağ müharibəsi o igidin həyatının dönüş nöqtəsi olur. Elə bir dönüş ki, mükafatı ən ali zirvə olacaqdı… O, vətənə geri gəlir və müharibədə mütəmadi olaraq qəhrəmancasına iştirak edir. Eyni zamanda əvvəlki Əlibayramlı şəhər (Daxili Qoşunlar) hərbi hissəsində hərbi hissə komandiri vəzifəsini icra edir. O deyirdi: “Heç bir qeyrətli kişi öz vətəni darda olduğu halda, digər ölkələrdə müvəffəqiyyətçün səy göstərməz. İnsanın ən böyük müvəffəqiyyəti Vətənin, ana-bacıların qeyrətini qorumaqdır…”

Onun döyüşlərdə göstərdiyi şücaət və qəhrəmanlıqdan bütün zabit və əsgər heyəti xəbərdar idi. O, igid hərbçi olmaqla yanaşı ləyaqətli, mehriban, diqqətcil övlad, həyat yoldaşı, qohum idi. Mülayim xasiyyəti nəticəsində uşaqlarla uşaq kimi davranar, onlarla oyunlar oynardı. Bu xüsusiyyətləri Atamoğlanın nəinki sağlığında, hətta şəhadətindən sonra da insanların onu ehtiramla yad etməsinin əsas səbəblərindən biridir. 1992-ci il dekabr ayında soyuq qış günləri və şiddətli müharibə millətin, ələlxüsus qəhrəman hərbçinin həyatına hakim olsa da, onun ömrünə sanki bahar gəlir. Bütün qəm-qüssə və kədərə rəğmən sevincinin həddi hüdudu yox idi. Artıq o, ata olmuşdu. Yeganə övladını da yaşadığı bu hissə görə Sevinc adlandırır. O, öz övladını çox az görə bilir. Kapitan rütbəsini aldıqdan qısa müddət sonra, 1993-cü il mart ayının 16-da Ağdam uğrunda gedən döyüşlər zamanı 26 yaşında ikən qəhrəmancasına öz həyatının ən böyük müvəffəqiyyətini qazanır və ən yüksək zirvəni fəth edir. Baxmayaraq ki, fəth etdiyi zirvə o şəhidin qanı ilə yazılaraq bu dünyada sevincini yarım qoyur…

Vətənin bütövlüyü, millətin rifahı uğrunda şəhidlər öz canını, arzularını və gələcəklərini fəda edir. Onları daim yad etmək, həmçinin, müqəddəs xatirələrinə ehtiramla yanaşmaq hər bir vətəndaşın borcudur!
Vətən, sağ olsun! Çiçəklənsin AZƏRBAYCAN!

🖍 SEVİNC ATAMOĞLAN QIZI NURİYEVA

     Mübarizim.com üçün

Şərh yaz