Ağsuda şəhidin adına tikilən bulağın açılışı olub

Ağsu rayonunun Padar kəndində şəhid Rüfət Fətəlizadənin adına tikilən bulağın və barelyefin açılışı olub.

Şəhidin ad günüdə – fevralın 17-də təşkil olunan açılış mərasimində kənd sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri, qonaqlar iştirak ediblər.

Mərasimdə rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağsu rayon şöbəsinin rəisi Nizami Heybətov, kənd ağsaqqalı Sabir Umudov, Padar kənd tam orta məktəbinin müəllimi İfadə İsayev çıxış edərək şəhidin ömür yolundan, göstərdiyi qəhrəmanlıqlardan söz açıblar.

Bildirilib ki, Rüfət Fətəlizadə 1995-ci il fevralın 17-də Ağsunun Padar kəndində dünyaya göz açıb. Dörd il əvvəl Ağsu rayonundan həqiqi hərbi xidmətə çağırılan Rüfət Fətəlizadə 8 ay sonra 2014-cü il avqustun 9-da cəbhənin Tovuz rayonu istiqamətindəki Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Ölümündən sonra müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif edilən Rüfət Fətəlizadə hazırda Ağsu şəhərindəki şəhidlər məzarlığında uyuyur.

Torpaqlarımızın işğalından, erməni təcavüzkarlarının qətlyamlarından danışan antiqlər bu gün regionun ən güclü ordusuna malik Azərbaycanın düşmənə hər an sarsıdıcı zərbə endirmək qüdrətinə malik olduğunu bildiriblər. Aprel döyüşlərində erməni təxribatına qarşı ordumuzun nəyə qadir olduğunu diqqətə çatdıran çıxışçılar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azad ediləcəyi, şəhidlərimizin qanının yerdə qalmayacağı günün heç də uzaqda olmadığını söyləyiblər.

Sonra bulağın və barelyefin üzərindəki ağ örpək götürülüb.

Mərasim iştirakçıları buradan Ağsu şəhərinə, şəhidlərin uyuduğu məzarlığa gəliblər. Dualar oxunub, şəhid Rüfətin Fətəlizadə, eləcə də digər şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.

Mənbə: AZƏRTAC

Şərh yaz