Xatirəyə dönmüş ömür

Deyirlər insanı əbədi yaşadan etdiyi yaxşılıqlar, xeyirxah əməlləridir. Tanrının verdiyi ömürü insan elə yaşamalıdır ki, özündən sonra qoyub getdiyin əməllərlə, xoş xatirələrlə yada düşsün. Belə bir ömürdən mənim həyat yoldaşım Müzəffər də sürmüşdür. Onun həyatı çox çətin, ancaq mənalı olmuşdur.

Ömür yoldaşım Şahlıyev Müzəffər Kərəm oğlu 1974-cü il fevral ayının 25-i Bakının Qobustan kəndində kasıb fəhlə ailəsində dünyaya gəlmişdi. Kənddə 1 N-li orta məktəbi bitirmişdi. Müharibənin qızğın vaxtında hərbi xidmətə yollanmışdı. Elə hərbi xidmətdə ikən vətənə olan sevgisindən könüllü olaraq oradan ön cəbhəyə yollanır. Müzəffər vətənpərvər, torpağını sevən bir azərbaycanlı idi. Dəfələrlə oturub uşaqlarına müharibənin acılı günlərindən danışırdı. Uşaqlarını da vətənpərvər görmək arzusunda idi. Düz beş il hərbi xidmətdə olmuşdu.

Müzəffər, Qarabağ uğrunda – Ağdam, Füzuli, Tərtər, Murovdağ döyüşlərində iştirak etmişdi. Hətta döyüşlərin birində ağır yaralanmışdı. Onun bədənindəki qəlpə yerləri, yanığ yerləri hələdə gözümün önündən getmir. Onun ən böyük arzusu Qarabağı azad görmək idi. Lakin ömrü vəfa vermədi. Amma inanıram ki, Qarabağ nə vaxtsa azad olunacaq, onun da ruhu bununla rahatlıq tapıb sevinəcəkdir.

Çalışıram ki, onun yadigarı olan dörd övladını da vətənpərvər, vətənə layiq övlad kimi böyüdüm. Biz onu 2014-cü il sentyabrın 14-ü qəfildən itirdik.

Allah bütün vətən sevən, canlarını qurban vermiş mərd oğullara rəhmət eləsin!

🖍MİNARƏ ŞAHLIYEVA 

Şərh yaz