“Şəhid şəhər” müsabiqəsinin yekun sərgisi açılacaq

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı, AZƏRTAC-ın informasiya dəstəyi ilə elan edilmiş “Şəhid şəhər” respublika uşaq rəsm müsabiqəsinin fevralın 23-də yekun sərgisi açılacaq.

AZƏRTAC xəbər verir ki, 15 yaşa qədər uşaq və yeniyetmələr arasında keçirilən müsabiqədə məqsəd Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və qan yaddaşımıza əbədi həkk olunmuş soyqırımı hadisəsini unutdurmamaqdır.

Xətai Sənət Mərkəzində keçiriləcək yekun sərgidə 170 uşağın 180-ə yaxın əsəri nümayiş olunacaq.

Qeyd edək ki, müsabiqəyə 450-yə yaxın uşaq 800-dən çox rəsm əsəri təqdim etmişdir. Seçilmiş əsərlər içərisində şəhər və rayon məktəbliləri ilə yanaşı, yaradıcılıq studiyalarında fəal iştirak edən gənclərin də rəsmləri yer alıb.

Şərh yaz